""44" filmi Azərbaycan xalqının qəhrəmanlığını və tarixi zəfərini ekranlara daşıyır" - DEPUTAT DANIŞDI

""44" filmi Azərbaycan xalqının qəhrəmanlığını və tarixi zəfərini ekranlara daşıyır" - DEPUTAT DANIŞDI

"“44” filminin nümayişi Azərbaycan ictimai-siyasi və mədəni mühitində əlamətdar hadisəyə çevrildi. Çünki bu film tarixi zəfərimizin mədəni yaddaşımızda yaşadılmasına xidmət edir. Real döyüş səhnələri, ssenarisi və Azərbaycan əsgərlərinin qəhrəmanlığını əks etdirən epizodları ilə film gələcək nəsillər üçün də mühüm yaddaş mənbəyi ola bilər".

Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, gənclər 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbəni məhz bu cür ekran əsərləri vasitəsilə daha yaxından öyrənə biləcəklər:

"Filmdə Azərbaycanın reallıqları, multikultural mühiti və xalqımızın həmrəyliyi xüsusi yer tutur. Qələbənin əldə olunmasında milli birliyin və vətəndaş həmrəyliyinin oynadığı rol ekran əsərində ön plana çəkilir. Bununla yanaşı, Azərbaycan-Türkiyə qardaşlığı da filmin əsas məzmun xətlərindən biri kimi təqdim olunur.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının yaşadığı emosional gərginlik, qələbəyə inam və birlik ruhunun filmdə əks etdirilməsi həmin hisslərin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir. Hesab edirəm ki, bu film milli şüurun, milli düşüncənin və milli kimliyin təbliğinə töhfə verən ekran əsəridir.

Eyni zamanda, belə filmlər tarixi həqiqətlərin qorunması, xalqımızın qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması və ölkəmizə qarşı yönələn təhriflərə mədəniyyət vasitəsilə cavab verilməsi baxımından da əhəmiyyət daşıyır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə