“Rezo Qabriadze Kukla Teatrı” Bakıda tamaşa təqdim edib

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda tamaşa təqdim edib

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, görkəmli gürcü teatr xadimi Rezo Qabriadzenin müəllifi olduğu və ilk dəfə səhnələşdirdiyi tamaşa yeni quruluşda səhnəyə qayıdıb.

Müəllif 2021-ci ildə vəfat etməzdən əvvəl əsəri yenidən işləyib, tamaşanın yeni səhnə versiyasını isə oğlu, rejissor Leo Qabriadze tamamlayıb.

Leo Qabriadze jurnalistlərə açıqlamasında teatrın 46 yaşının tamam olduğunu və kollektivin Bakıda qonaq olmaqdan məmnunluğunu bildirib:

“Teatrımızı Bakı tamaşaçılarına təqdim etmək, gördüyümüz işi göstərmək bizim üçün böyük sevincdir. Sonuncu dəfə Bakıda 1982-ci ildə olmuşam. O vaxt tamam başqa şəhər idi. Bakı xeyli dəyişib, daha da gözəlləşib. Bizi çox mehriban qarşıladılar. Belə qonaqpərvər mühitdə olmaqdan məmnunuq. Dəvətə görə festivala təşəkkür edirəm”.

Rejissorun sözlərinə görə, tamaşa 1981-ci ildə teatrın açılışında ilk səhnə əsəri kimi təqdim olunub və bir neçə il repertuarda qalıb. Təxminən altı-yeddi il əvvəl Rezo Qabriadze pyesi yenidən işləyərək hadisələrin zamanını 1981-ci ildən 1991-ci ilə dəyişib. Leo Qabriadze 1990-cı ildə Gürcüstanı tərk edərək ABŞ-yə köçdüyünü və bu səbəbdən özünü tamaşanın baş qəhrəmanına yaxın hiss etdiyini də vurğulayıb.

Yenilənmiş tamaşanın dünya premyerası 2022-ci ilin fevralında Venesiyadakı “Teatro Goldoni”də baş tutub. Səhnə əsəri tamaşaçıların və teatr tənqidçilərinin diqqətini cəlb edib.

İtaliyanın “La Nuova” nəşri 2022-ci ildə tamaşa haqqında yazarkən Qabriadzenin yumorla dərin kədəri birləşdirən teatr üslubunu və canlı, duyğulu təsir bağışlayan kuklalar vasitəsilə yaratdığı bənzərsiz dünyanı xüsusi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə