Avtomagistrallarda radarların quraşdırılması nə dərəcədə zəruridir? - EKSPERT AÇIQLADI
Yollarda sürət həddinə nəzarət etmək məqsədilə radarların quraşdırılması yol hərəkəti təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Bəs qanunvericiliyə əsasən, radarların hansı ərazilərdə quraşdırılmasına icazə verilir, hansı yerlərdə isə bu, qadağandır?
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, yol hərəkətinin təşkilində radarlar texniki vasitələr, yəni nizamlama vasitələri hesab olunur:
“Nizamlama vasitələrinin hər yerdə quraşdırılması ilə bağlı nə qadağa var, nə də onların mütləq quraşdırılması tələbi mövcuddur.
Məsələ ondan ibarətdir ki, yol hərəkətinin təşkili və təhlükəsizliyi istiqamətində yol ayrıclarında, ikinci dərəcəli yolların kəsişmələrində, əhəmiyyətli yolların kəsişmələrində, hərəkətin daha çox olduğu düyün nöqtələrində və piyada keçidlərində radarların və digər texniki vasitələrin quraşdırılması üçün müvafiq ərazilərin seçilməsi zəruridir. Bu, təhlükəsiz şəhər konsepsiyasının da əsas istiqamətlərindən biridir.
Radarların təyin edilməsində əsas məqsəd hərəkət sürətinə nəzarət etmək və sürət həddini aşan nəqliyyat vasitələrini müəyyənləşdirməkdir. Lakin avtomagistrallarda müəyyən səbəblərə görə radarların quraşdırılması müvafiq qurum tərəfindən zəruri hesab edilməyə bilər.
Bunun səbəbi həmin yolların ödənişli olması və ya texniki nizamlama vasitələrinə, yəni kəsişmə, qovuşma və digər həndəsi elementlərə malik olmamasıdır. Başqa sözlə, yol düz olduqda radarın və kameranın quraşdırılmasına ehtiyac olmaya bilər. Belə yollarda müəyyən yüksəklikdə yerləşdirilən sistem vasitəsilə təxminən 3–5 kilometr məsafədə hərəkətə nəzarət etmək mümkündür.
Hazırkı şəraitdə isə yollara peyklər vasitəsilə daha çevik nəzarət etmək mümkündür. Məsələn, yolda avtomobil qaldıqda bu barədə dərhal yol xidmətinə məlumat verilir və xidmət əməkdaşları hadisə yerinə gəlirlər.
Ona görə də bu kimi vasitələrin quraşdırılmasına və hərəkətin bu üsulla tənzimlənməsinə müəyyən hallarda zərurət yaranmır. Zərurət olmadığı təqdirdə həmin vasitələrin quraşdırılması da həyata keçirilmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB