“Yeniyetməni anlamaq, onun davranışlarının arxasında gizlənən hissləri görməkdən başlayır” - PSİXOLOQ
"Yeniyetmənin siqaretə uzanan əlinin arxasında bəzən maraq, bəzən böyümüş görünmək, bəzən də dostları arasında qəbul olunmaq arzusu dayanır. Psixoloq kimi mənim üçün əsas sual budur: “Bu davranış yeniyetmənin hansı ehtiyacını qarşılayır?” Çünki səbəbi anlamadan yalnız qadağa qoymaq davranışın gizlənməsinə gətirə bilər".
Bu fikirləri SİA-ya açıqlamasında PRİM Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Almara Məlikova bildirib.

Onun sözlərinə görə, Albert Banduranın sosial öyrənmə nəzəriyyəsi göstərir ki, uşaqlar yalnız deyilənlərdən deyil, gördükləri nümunələrdən də öyrənirlər:
"Valideynin və ya nüfuzlu dostun siqaret çəkməsi bu davranışı yeniyetmənin gözündə adiləşdirə bilər. Dost qrupundan kənarda qalmamaq istəyi isə “bir dəfə sınamaq” qərarını asanlaşdırır.
Ailədə dinlənilməmək, davamlı tənqid, münaqişə və emosional uzaqlıq siqareti gərginlikdən çıxış yolu kimi daha cəlbedici edə bilər. Bununla belə, hər siqaret çəkən yeniyetmənin ailəsində problem axtarmaq düzgün deyil. Mənim peşəkar yanaşmamda davranışla yanaşı, uşağın hisslərini, münasibətlərini və aid olmaq ehtiyacını anlamaq önəmlidir.
Nikotin beynin mükafat sisteminə təsir edərək asılılıq yaradır. Yeniyetmə beyni hələ inkişaf etdiyi üçün diqqət, öyrənmə, əhval və impulsların idarəsi baxımından xüsusilə həssasdır. “Siqaret məni sakitləşdirir” hissi isə çox vaxt nikotin çatışmazlığından yaranan narahatlığın müvəqqəti azalmasıdır. Beləliklə, rahatlıq axtarışı asılılıq dövrəsinə çevrilə bilər. Elektron siqaret də təhlükəsiz çıxış yolu deyil.
Valideyn övladına “Bunu necə etdin?” deyə hücum etmək əvəzinə, “Nə vaxt çəkmək istəyirsən, həmin an nə hiss edirsən?” sualı ilə yaxınlaşa bilər. Dinləmək qaydasızlıq demək deyil: ailədə tütünlə bağlı aydın sərhədlər və valideynin sağlam nümunəsi olmalıdır.
Tərgitmə prosesində yeniyetmənin öz səbəblərini tapmasına kömək edən motivasion müsahibə, siqaret istəyini yaradan vəziyyətlərin müəyyənləşdirilməsi və alternativ davranışların məşqi istifadə oluna bilər. Konkret tərgitmə planı və davamlı dəstək vacibdir; tək bir söhbətdən möcüzə gözləmək olmaz. Asılılıq olduqda həkim qiymətləndirməsi aparılmalı, dərman və nikotin əvəzedici vasitələr barədə qərar fərdi verilməlidir.
Məncə, valideynin ən təsirli mesajı budur: “Sağlamlığın mənim üçün dəyərlidir. Səni dinləyəcəyəm və tərgitmək üçün atdığın addımlarda yanında olacağam.”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB