Azərbaycan və Koreya Orta Dəhliz üzrə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan və Koreya Orta Dəhliz üzrə əməkdaşlıq imkanlarını müzakirə edib

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) və Koreyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Orta Dəhliz və onun perspektivləri: Azərbaycan, Koreya və Avrasiya bağlantılarının gələcəyi” mövzusunda tədbir keçirilib.

SİA xəbər verir ki, tədbirdə Orta Dəhlizin regional və beynəlxalq nəqliyyat-logistika əlaqələrinin inkişafındakı rolu, eləcə də Azərbaycan ilə Koreya arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Görüşdə, həmçinin Avrasiya məkanında bağlantıların gücləndirilməsi və ticarət əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

BMTMM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev Orta Dəhliz mövzusunun Asiya ilə Avropa arasında sabit və təhlükəsiz bağlantılara artan tələbat fonunda xüsusi aktuallıq kəsb etdiyini bildirib.

O qeyd edib ki, beynəlxalq platformalar və təşkilatlar bu baxımdan mühüm əhəmiyyət daşıyır. Məhz ötən həftə Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünə ev sahibliyi edib. Bundan əvvəl Azərbaycanın Avropa İttifaqı və digər beynəlxalq platformalarla da fəal əlaqələri mövcuddur. “Eyni zamanda, ölkəmiz Türk Dövlətləri Təşkilatının əsas hərəkətverici qüvvələrindən biridir. Düşünürəm ki, bu gün müzakirə olunacaq məsələlər, xüsusilə Orta Dəhliz vasitəsilə yükdaşımaların həcminin artması və ticarət əlaqələrinin genişlənməsi bu istiqamətdə atılan addımların əhəmiyyətini nümayiş etdirir”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.

Koreya Respublikasının ölkəmizdəki səfiri Kımqu Kanq Orta Dəhlizin strateji əhəmiyyətini daha dərindən anlamağı, həmçinin Koreya ilə Azərbaycan arasında əməkdaşlıq imkanlarını araşdırmağı hədəflədiklərini deyib. Onun sözlərinə görə, Cənubi Qafqazda baş verən proseslər xüsusi maraqla izlənilir. Bunun səbəblərindən biri Koreya ilə Azərbaycanın geosiyasi şəraitində müəyyən oxşarlıqların mövcud olmasıdır.

O qeyd edib ki, hər iki ölkə mürəkkəb regional münasibətlər sistemində fəaliyyət göstərməyin çətinlikləri ilə üzləşib. Bu baxımdan, regionun geosiyasi mənzərəsində baş verən son dəyişikliklər xüsusi diqqətəlayiqdir. Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin paraflanması regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində mühüm addım olub. Həmin vaxtdan etibarən müsbət irəliləyişlər qeydə alınıb, sülhün möhkəmləndirilməsi və regional əməkdaşlığın təşviqi istiqamətində səylər davam etdirilir. Həmçinin bu proseslər regional bağlantılar üçün yeni imkanlar yaradıb və Orta Dəhlizə diqqəti daha da artırıb.

Seul Milli Universitetinin Asiya Mərkəzinin direktoru professor Su-hong Chae qeyd edib ki, Orta Dəhliz Azərbaycan ilə Koreya arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır. O vurğulayıb ki, regionda sülhün və sabitliyin möhkəmlənməsi, eləcə də nəqliyyat, enerji və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında yeni tərəfdaşlıq imkanları yarada bilər.

Tədbir çərçivəsində “Cənubi Qafqazda beynəlxalq təhlükəsizlik və Orta Dəhliz”, “C6 və Koreya Respublikası” mövzusunda panellər də təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə