“Bunlar bizə xəbərdarlıqdır!” — Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış - HƏKİM

“Bunlar bizə xəbərdarlıqdır!” — Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış - HƏKİM

"Son zamanlar gənc yaşlarda (30–40 yaş arası) ürək-damar xəstəliyi ilə müraciət edən, təcili tibbi yardım briqadası ilə gətirilən xəstələrin sayında artım müşahidə olunur. Bunun səbəbi COVID-19 pandemiyası, pandemiya dövründə stressin artması, bu xəstəliyin vurduğu fəsadlar, gənclərdə zərərli vərdişlərə meylin artması, energetik içkilərin gündəlik həddindən artıq istifadəsi, fiziki idmanla məşğul olmamaq, sosial faktorlar və ən əsası da texnologiyanın inkişafı ilə əlaqədar fiziki aktivliyin əhali arasında ümumi azalmasıdır".

Bu fikirləri SİA-ya açıqlamasında həkim-mütəxəssis kardioloq Emil Hasilov deyib.

Onun sözlərinə görə, təəssüf ki, virtual aləmdə gənclər daha çox vaxt keçirir, nəinki real həyatda:

"Bütün bu faktorlar və sosial amillərin də böyük təsiri nəticəsində ürək xəstəlikləri artmaqda davam edir. Təsəvvür edin ki, artıq 20–30 yaşlı piylənmə, şəkərli diabet və arterial hipertenziyalı onlarla gənc müraciət edir. Əksəriyyəti də yazılan müalicə və tövsiyələrə əməl etmirlər.

Gənclərdə xolesterin mübadiləsinin pozulması, piylənmə, az hərəkətli həyat tərzi, şəkərli diabet və arterial hipertenziya artıq miokard infarktı, ürək çatışmazlığı, ürək-damar və beyin hadisələrinə (beyin qanaması və ya işemik insult) bağlı ölümün artmasına gətirib çıxarır.

Gənc pasiyentlərə tövsiyəm budur ki, çəkinizi azaldın, təzyiqinizi arabir ölçdürün, bu problemlər varsa, həkimə müraciət edin ki, sonra gec olmasın. 35 yaşlı gənc pasiyent 3 koronar damarın tıxanması və infarkt sonrası ağır ürək çatışmazlığından dünyasını dəyişdi.

Bunlar bizə xəbərdarlıqdır! Sağlam həyat tərzinə diqqət edin ki, ömrünüz keyfiyyətli və uzun olsun".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə