"Bu, Azərbaycanın beynəlxalq mövqeyini və regional sülhə verdiyi töhfəni bir daha nümayiş etdirdi" - ŞƏRH

"Bu, Azərbaycanın beynəlxalq mövqeyini və regional sülhə verdiyi töhfəni bir daha nümayiş etdirdi" - ŞƏRH

"2026-cı il oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə Prezident İlham Əliyev çıxış edərək Azərbaycanın müstəqil xarici siyasəti, ərazi bütövlüyünün və suverenliyinin bərpası, Ermənistanla münaqişənin tarixi mərhələləri, eləcə də regional əməkdaşlığın və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinə toxunmuşdur. Dövlət başçısı vurğulamışdır ki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında mühüm birləşdirici mərkəzə çevrilir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, ölkəmizin müxtəlif dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığı regional təhlükəsizliyin möhkəmləndirilməsinə və qarşılıqlı etimadın artırılmasına xidmət edir:

"Azərbaycan beynəlxalq münasibətlərdə bərabərhüquqluluq, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq prinsiplərini rəhbər tutaraq müstəqil xarici siyasət həyata keçirir. Cənab Prezident İlham Əliyev çıxışında beynəlxalq münasibətlər sistemində ikili standartların tətbiqinin yaratdığı problemlərə xüsusi diqqət yetirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən etibarən uzun illər ərzində ərazi bütövlüyünün pozulması və işğal problemi ilə üzləşmişdir. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması və münaqişənin həlli istiqamətində beynəlxalq səviyyədə qəbul edilmiş qərarların vaxtında icra olunmaması ölkəmiz üçün ciddi humanitar və siyasi nəticələr doğurub.

Dövlət başçısı xatırlatmışdır ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Lakin həmin sənədlər uzun illər ərzində icra olunmamış, münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu isə gözlənilən nəticəni verməmişdir. Bu vəziyyət beynəlxalq hüququn norma və prinsiplərinin həyata keçirilməsində ardıcıl və obyektiv yanaşmanın vacibliyini bir daha ortaya qoyub. Prezident İlham Əliyev Ermənistanın əvvəlki və sonrakı rəhbərliyinin siyasətinə toxunaraq bildirmişdir ki, işğalın davam etdirilməsi, Azərbaycan əleyhinə səsləndirilən bəyanatlar və hərbi təxribatlar sülhün əldə olunmasına mane olmuşdur. Beynəlxalq ictimaiyyətin bu proseslərə vaxtında və prinsipial münasibət göstərməməsi isə münaqişənin daha da dərinləşməsinə şərait yaratmışdır.

2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmuşdur. Qırx dörd gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu işğal altında olan bir sıra şəhər və kəndləri azad etmiş, Ermənistan isə 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatı imzalamağa məcbur olmuşdur. Bununla belə, ölkəmizin suverenliyinin tam bərpası məsələsi hələ də gündəmdə qalırdı.

Azərbaycan sonrakı dövrdə problemin sülh yolu ilə həllinə üstünlük vermiş, Ermənistanla münasibətlərin normallaşdırılması üçün səylər göstərmişdir. Lakin hərbi təxribatların davam etməsi və Ermənistanın hərbi potensialını bərpa etməyə çalışması regionda sabitliyə təhdid yaratmışdır. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş, ölkə ərazisində separatizmə son qoyulmuşdur.
Bu tarixi hadisə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpası baxımından mühüm əhəmiyyət daşımışdır. Prezident İlham Əliyev vurğulamışdır ki, beynəlxalq qərarların icrasını təmin edən təsirli mexanizmlər yaradılmadıqca dünyada müharibə və münaqişələrin qarşısını almaq çətin olacaq. Bu baxımdan Azərbaycanın təcrübəsi beynəlxalq hüququn yalnız qəbul edilməsinin deyil, həm də onun real şəkildə tətbiqinin vacibliyini göstərir.

Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın müharibədən sonra nümayiş etdirdiyi siyasi mövqe olmuşdur. Azərbaycan hərbi qələbədən sonra revanşizm yolunu seçməmiş, Ermənistana sülh təklif etmişdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, ölkəmizin məqsədi yeni münaqişələr yaratmaq deyil, uzunmüddətli və davamlı sülhə nail olmaqdır. Azərbaycan xalqının tarixi sınaqlar qarşısında nümayiş etdirdiyi iradə, milli həmrəylik və mənəvi dəyərlər bu siyasətin əsasını təşkil edir. Bu gün regionda sülhün qorunması və möhkəmləndirilməsi həm Azərbaycan, həm də Ermənistan üçün mühüm əhəmiyyət daşıyır. Davamlı sülhün təmin edilməsi nəqliyyat əlaqələrinin genişləndirilməsi, iqtisadi əməkdaşlığın inkişafı və xalqlar arasında qarşılıqlı etimadın formalaşması üçün yeni imkanlar yarada bilər. Bunun üçün beynəlxalq hüquqa hörmət, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi və konstruktiv dialoq əsas şərtlərdir. Prezident İlham Əliyev AQEM-in fəaliyyətinə də geniş yer ayırmışdır. Azərbaycanın təşkilata ikiillik sədrliyi dövründə nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm təşəbbüslər irəli sürülmüşdür. Üzv dövlətlərin dəstəyi ilə həyata keçirilən bu təşəbbüslər təşkilatın institusional və hüquqi imkanlarının gücləndirilməsinə, üzvlərinin sayının artırılmasına və qarşılıqlı fəaliyyət mexanizmlərinin inkişafına töhfə vermişdir.

AQEM çərçivəsində əməkdaşlığın genişləndirilməsi Asiya ölkələri arasında siyasi dialoqun dərinləşməsi, iqtisadi əlaqələrin möhkəmlənməsi və regional təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və beynəlxalq əməkdaşlıq təcrübəsi ölkəmizin bu proseslərdə fəal iştirakını şərtləndirən əsas amillərdəndir.

Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündəki çıxışı Azərbaycanın keçdiyi tarixi yolu, milli maraqlarını qorumaq əzmini və beynəlxalq əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirmişdir. Çıxışın əsas mesajlarından biri ondan ibarət olmuşdur ki, davamlı sülh və təhlükəsizlik yalnız beynəlxalq hüququn prinsiplərinə əməl edildiyi, dövlətlərin suverenliyinə hörmət göstərildiyi və beynəlxalq qərarların icrası təmin olunduğu təqdirdə mümkündür. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, regional sabitliyin möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin genişləndirilməsinə və beynəlxalq dialoqun inkişafına töhfə verməyə davam edir. Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşü də ölkəmizin beynəlxalq əməkdaşlıq platformalarında artan rolunun və sülhə əsaslanan gələcək naminə həyata keçirdiyi siyasətin mühüm göstəricisi kimi qiymətləndirilə bilər".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə