Azərbaycanın AQEM-də sədrliyinin davam etdirilməsi ölkəmizə etimadın göstəricisidir - ŞƏRH

Azərbaycanın AQEM-də sədrliyinin davam etdirilməsi ölkəmizə etimadın göstəricisidir - ŞƏRH

Ümumiyyətlə, Azərbaycanın AQEM-də iştirakı Asiya ölkələri üçün yeni imkanlar yaradır. Bu imkanlar, ilk növbədə, mühüm inteqrasiya layihələri və bağlantılar vasitəsilə həmin ölkələrin proseslərdə iştirakını təmin edir.

Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Allahverənov deyib.

O sözlərinə belə davam edib: “Məhz AQEM-in sonuncu sammitində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın Asiya ilə Avropanın kəsişməsində yerləşməsinin mühüm geosiyasi üstünlüklər yaratdığını xüsusi vurğuladı. Ölkəmizin əlverişli coğrafi mövqeyi təkcə Asiya üçün deyil, daha geniş mənada Avrasiya qitəsi üçün əhəmiyyətli inteqrasiya layihələrinin uğurla həyata keçirilməsinə əlverişli şərait yaradır.

Azərbaycanın AQEM-də təmsilçiliyi də məhz bu xüsusiyyət baxımından olduqca önəmlidir. Ölkəmiz iki illik sədrliyi dövründə siyasi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi istiqamətində mühüm siyasət həyata keçirib. Bu çərçivədə çoxsaylı vasitələrdən istifadə olunması və əlavə mexanizmlərin yaradılması AQEM çərçivəsində bağlantıların daha da möhkəmləndirilməsi üçün ciddi imkanlar yaradıb.

Azərbaycanın bu platformada iştirakı Asiya dövlətlərinin Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın fəal iştirak etdiyi Orta Dəhliz, Şimal-Cənub nəqliyyat dəhlizi, Böyük İpək Yolu və “Bir kəmər, bir yol” layihəsi Asiya dövlətləri üçün vacib nəqliyyat-logistika imkanlarıdır. Azərbaycanla tərəfdaşlığını dərinləşdirməkdə maraqlı olan dövlətlər də məhz bu üstünlüklərə diqqət yetirir və ölkəmizin fəal dəstəyi ilə həmin imkanlardan faydalanmaq istəyirlər.

Beləliklə, Azərbaycan iqtisadi müstəvidə mühüm geostrateji hədəflərə çatmaq üçün əlverişli şərait yaradır. Bununla yanaşı, ölkəmiz AQEM çərçivəsində siyasi dialoqun dərinləşdirilməsi istiqamətində də səylərini əsirgəmir. Azərbaycanın təşəbbüsü ilə mühüm siyasi dialoq tədbirlərinin həyata keçirilməsi də bu fəaliyyətin tərkib hissəsidir.

AQEM-in növbəti iki il üçün də Azərbaycanın sədrliyinin davam etdirilməsi barədə qərar qəbul etməsi ölkəmizə göstərilən etimadın mühüm göstəricisidir. Eyni zamanda, bu qərar Azərbaycanın beynəlxalq münasibətlər sistemində malik olduğu nüfuzu və imici nümayiş etdirir.

Müasir dövrdə regional təhlükəsizlik, rəqəmsal transformasiya və informasiya müstəvisində meydana çıxan yeni çağırışlar AQEM üçün də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bu istiqamətlərdə formalaşdırdığı əməkdaşlıq və tərəfdaşlıq yanaşmaları müsbət nəticələr verir. Bu gün AQEM getdikcə güclənən beynəlxalq platforma kimi çıxış edir. Asiya qitəsinin əhalisinin və coğrafiyasının böyük hissəsini əhatə etməsi onun strateji əhəmiyyətini daha da artırır.

Azərbaycanın sədrliyi dövründə bu kimi mühüm istiqamətlərə xüsusi diqqət yetirilib. Nəticədə AQEM Asiya qitəsi ilə yanaşı, bütövlükdə Avrasiya üçün əhəmiyyətli layihələrin həyata keçirilməsində mühüm platforma rolunu gücləndirir.

Eyni zamanda, Azərbaycanın mühüm strateji tərəfdaşlarının AQEM-də təmsil olunması təşkilatın nüfuzunu və beynəlxalq çəkisini artıran amillərdəndir. Azərbaycanın D-8, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda fəal təmsilçiliyi, eləcə də Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq formatlarında iştirakı AQEM üçün yeni imkanlar yaradır.

Müxtəlif beynəlxalq platformalarda təmsil olunan Azərbaycan öz təcrübəsini və əməkdaşlıq imkanlarını AQEM üzvləri ilə bölüşməklə təşkilatın potensialının artırılmasına töhfə verə bilər. Bu, ölkəmizin beynəlxalq bağlantıların qurulmasında mühüm rola malik dövlət kimi mövqeyini daha da möhkəmləndirir.

Azərbaycan AQEM platforması vasitəsilə orta gücə malik dövlət kimi öz imkanlarını nümayiş etdirmək istiqamətində mühüm uğurlar qazanıb. Artıq beynəlxalq ictimaiyyətdə də ölkəmizin orta güc statusuna malik olması fikri qəbul edilir.

AQEM çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə Prezident İlham Əliyevlə təmaslar, digər dövlət başçılarının və nümayəndələrin çıxışlarında səsləndirilən fikirlər Azərbaycana göstərilən hörmət və etimadın ifadəsidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə