“AKP-də qardaşlığımızı daxili işlərimizə burun soxmaq fürsəti bilənlər bərk yanılırlar”
“Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Azərbaycan arasında məktəblərdə hicabla bağlı mübahisələr fonunda Ankara-Bakı münasibətlərində fikir ayrılıqları daha açıq şəkildə üzə çıxıb. AKP-yə yaxın bəzi siyasətçilərin Azərbaycanın məktəbli geyimləri ilə bağlı qərarını tənqid etməsi qətiyyən başadüşülən deyil. Onlar əslində hicab təxribatının arxa planını ya görmürlər, ya da əsl vəziyyəti görüb bilərəkdən həqiqəti danırlar. Bütün bunlar iki qardaş ölkə arasında gərginlik yaratmaq istəyənlərin qorxulu niyyətlərini ortaya qoyur”. Bu açıqlamanı jurnalist, siyasi ekspert Mətləb Salahov SİA-ya açıqlamasında bildirib. O qeyd edib ki, son vaxtlar hicab adı altında bir sıra xarici qüvvələrin bilərəkdən, xüsusi şəkildə hazırlanmış plana uyğun Azərbaycan məktəblərində təxribat törətmək, insanların dini inanclarından sui-istifadə edərək təxribat törətmək cəhdləri, hətta bunu körpə uşaqlar üzərindən reallaşdırmaları ciddi narazılıq yaradıb. O bildirib ki, daima tolerant və multukultural münasibəti ilə seçilən Azərbaycan cəmiyyətini cəhalət xofu ilə sarsıtmaq üçün hərəkətə keçən qüvvələr bu işdə xarici qüvvələrin dirijorluğu ilə “rəqs edirlər”. İşin ən xoşagəlməz tərəfi budur ki, Azərbaycanda qarışıqlıq salmaq istəyən cəhalət qaragüruhuna təkcə fars militarizmi deyil, qardaş Türkiyə cəmiyyətindəki bəzi ünsürlər də züy tuturlar.
Xüsusilə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saralın Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir. Birincisi, Azərbaycan daima tolerant və dəyərlər sisteminə böyük hörmətlə yanaşan demokratik dövlətdir. Bu, tarixi reallıqdır. Ən müxtəlif dinlərin nümayəndələri məhz Azərbaycanda özlərini azad və öz dini dəyərlərinə sərbəst şəkildə bağlı hiss edirlər. Azərbaycan vətəndaşı olan ən müxtəlif millətlərin, dini konfessiyaların nümayəndələrinə olan son dərəcə tolerant münasibət göz qabağındadır. Lakin görünür, bəzi xarici dairələr xürafat şüarı ilə ölkəmizdə aranı qatmaq üçün bu reallığı görməzdən gəlirlər. Bu reallığı görməkdə “kordurlar”.
Cənab Ərdoğanın baş müşaviri də əla bilir ki, bu təxribatlar bilərəkdən yaradılır. Məsələ hicab məsələsi deyil, işin arxasında hicab adı altında məktəblərdə körpələri təxribata cəlb edən qüvvələr durur. Sonrası da, Azərbaycan öz reallıqlarını özü yaradan ölkədir. Cənab Prezident İlham Əliyev müstəqil xarici siyasət yürüdür. Bu siyasət Azərbaycan xalqının milli maraqlarının təmin edilməsi istiqamətində həyata keçirilir. Biz qarşılıqlı maraqlara əsaslanan münasibətlər qururuq. Bu istiqamətdə Azərbaycanın İsraillə qurduğu əlaqələrin məqsədli şəkildə təhrif edilməsi yanlışdır. Biz Türkiyənin başqa ölkələrlə münasibətləri barədə etiraz və ya hədələyici bəyanatlar səsləndiririkmi? Qətiyyən yox!
Hazırkı Türkiyə iqtidarının daxilində sanki din pərdəsi altında ideoloji siyasət yürüdən qruplar önə keçirlər. AKP-nin müttəfiqi sayılan MHP lideri Dövlət Baxçalının Azərbaycanın daxili işlərinə hörmət olunması barədəki bəyanatı da hakimiyyətin daxilindəki arzuolumaz proseslərin idarəolunmaz hal aldığını göstərir. Bu cür təxribatları bəhanə edib Azərbaycana qarşı informasiya bumu yaratmaq Türkiyə dövlətində mövqe tutan insanlara yaraşan iş deyil. Özü də bu niyyətlərini cəhalət terroru üzərindən bəyan etmələri qardaşlıq münasibətləri üçün ciddi fəsadlar yaradır. Lakin ortada dəyişilməz tarixi həqiqət var: Azərbaycan dövləti milli maraqlara hesablanmış müstəqil siyasət yürüdür. Bu, gələcəkdə də belə olacaq. Türkiyə isə hər zaman bu xalqın qəlbində əbədi və bitməyən sevgi kimi yaşayacaq - Türkiyədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq!”
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB