"Sosial şəbəkələrdə dinlə bağlı müzakirələr düzgün maarifləndirməyə ehtiyac yaradır" - TƏHSİL EKSPERTİ
"Son günlər sosial şəbəkələrdə, xüsusilə Azərbaycan seqmentindəki TikTok, Facebook və Instagram platformalarında dinlə bağlı müzakirələr və təbliğat müxtəlif istiqamətlərdə aparılır. Bu müzakirələrdə məlumat çatışmazlığı və məsələlərin düzgün izah olunmaması açıq şəkildə hiss edilir".
Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, yaxşı olardı ki, bu mövzuda yalnız müvafiq biliyə, bacarığa və savada malik olan şəxslər danışsınlar. Eyni zamanda, qanunvericiliyi şərh edən şəxslər də məsələləri düzgün izah etməli, cəmiyyətdə yanlış təsəvvürlərin yaranmasına səbəb olmamalıdırlar. Hazırda hər kəs hadisələri öz bilik və anlayış səviyyəsinə uyğun şərh edir ki, bu da müəyyən anlaşılmazlıqlar yaradır:
"Gələcəkdə belə halların qarşısını almaq və şagirdlərin erkən yaşlardan maariflənməsini təmin etmək üçün Azərbaycan məktəblərində ciddi addımlar atılmalıdır. Şagirdlər dinin və məzhəbin nə olduğunu, onların bir-birindən hansı cəhətlərinə görə fərqləndiyini öyrənməlidirlər. Bunun üçün uyğun tədris vəsaitinin hazırlanmasına ehtiyac var.
Hesab edirəm ki, gec olmadan bu istiqamətdə müvafiq proqram hazırlanmalı və məktəblərdə yeni fənnin tədrisi məsələsi nəzərdən keçirilməlidir. Bu fənn din dərsi və ya əxlaq dərsi adlandırıla bilər. Məncə, əxlaq dərsi daha uyğun seçim ola bilər. Belə bir dərslikdə milli-mənəvi dəyərlərimizə, cəmiyyətimizin əxlaqi prinsiplərinə və ümumi davranış qaydalarına əsaslanan mövzulara yer vermək mümkündür.
Bu yanaşma şagirdlərin düzgün məlumatlandırılmasına, dini məsələlərə daha sağlam münasibət formalaşdırmasına və fanatizmdən uzaq durmasına kömək edə bilər. Ona görə də düşünürəm ki, Azərbaycan məktəblərində maarifləndirici məzmun daşıyan yeni bir fənnin tədrisinə ehtiyac var. Bunun hansı adla təqdim olunmasından asılı olmayaraq, əsas məqsəd gənc nəslin məlumatlı, düşüncəli və milli-mənəvi dəyərlərə hörmətlə yanaşan şəkildə yetişməsinə töhfə vermək olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB