"Qardaşlıq münasibətlərinin möhkəmlənməsi hər iki dövlətin suverenliyinə hörmət tələb edir" - ŞƏRH EDİLDİ
"Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin əsas prinsiplərindən biri qarşılıqlı hörmət, suverenliyə və milli maraqlara ehtiram, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq olmalıdır. Bu münasibətlərə kiçik və böyük qardaş prinsipi ilə deyil, iki qardaş, bərabərhüquqlu və müstəqil dövlət arasındakı tərəfdaşlıq kimi yanaşılmalıdır".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.
.jpg)
Siyasi şərhçi sözlərinə belə davam edir:
"Azərbaycan heç vaxt Türkiyənin və ya başqa bir ölkənin daxili işlərinə qarışmayıb. Qardaş ölkə ilə münasibətlərdə də bu prinsipə sadiq qalıb. Beynəlxalq münasibətlərdə Türkiyəyə qarşı haqsızlıq və ədalətsizlik baş verdikdə Azərbaycan hər zaman onun yanında olub. İki ölkə arasında hər hansı fikir ayrılığı yaransa belə, məsələlər qarşılıqlı hörmət və milli maraqlar nəzərə alınmaqla həll edilməlidir. Bununla yanaşı, hər bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına hörmət göstərilməsi əsas prinsip olaraq qalmalıdır.
Türkiyənin Sudan, Liviya və Suriya kimi ölkələrdə həyata keçirdiyi siyasətə də bu kontekstdən yanaşmaq lazımdır. Hesab edirəm ki, Türkiyə həmin ölkələrdə ilk növbədə öz maraqlarını qorumağa, mövqeyini gücləndirməyə və regional təsir imkanlarını genişləndirməyə çalışır. Bu baxımdan, həmin ölkələrdə baş verən hadisələr və mövcud vəziyyət ciddi təhlil edilməlidir. Sudanda və Liviyada dövlət quruculuğu ilə bağlı problemlər, daxili parçalanmalar və sabitliyin təmin olunmaması, Suriyada baş verən proseslər regionda təhlükəsizlik məsələlərinin nə qədər mürəkkəb olduğunu göstərir.
Azərbaycan bu təcrübələri nəzərə alaraq öz milli təhlükəsizliyini və dövlət maraqlarını hər şeydən üstün tutmalıdır. Ölkəmiz üçün əsas məsələ Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını qoruyan siyasətin həyata keçirilməsidir. Heç bir dövlətin maraqları Azərbaycan xalqının və dövlətinin maraqlarından üstün tutula bilməz.
Məhz buna görə də Azərbaycanın atdığı addımların milli təhlükəsizlik və dövlət maraqları baxımından qiymətləndirilməsi vacibdir. Qardaşlıq münasibətləri nə qədər əhəmiyyətli olsa da, hər bir dövlətin özünəməxsus milli maraqları və təhlükəsizlik prioritetləri var. Azərbaycan da öz siyasətini bu prinsiplər əsasında formalaşdırır. Hesab edirəm ki, qardaşlıq münasibətlərinin davamlı olması üçün qarşılıqlı hörmət, bərabərhüquqluluq və hər iki dövlətin müstəqil qərarlarına ehtiram əsas götürülməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB