Əlilliyi olan şəxslərin məşğulluğu: bərabər imkanlar və şəffaf işə qəbul mexanizmləri - SOSİOLOQ DANIŞDI

Əlilliyi olan şəxslərin məşğulluğu: bərabər imkanlar və şəffaf işə qəbul mexanizmləri - SOSİOLOQ DANIŞDI

“Əlilliyi olan şəxslərin dövlət və özəl müəssisələrdə işlə təmin olunması cəmiyyətimizin qarşısında duran əsas məsələlərdən biri olmalıdır. Təəssüf ki, bu gün təkcə əlilliyi olan şəxslər deyil, ümumilikdə ölkə vətəndaşları, xüsusilə də gənclər iş tapmaqda çətinlik çəkirlər”.

Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib.

Onun sözlərinə görə, məşğulluq və işlə təminat məsələlərinin həlli üçün yeni konsepsiyanın hazırlanmasına ehtiyac var:

” Bu istiqamətdə Milli Məclisdə müzakirələr aparılmalı, əhalinin müxtəlif kateqoriyalarının üzləşdiyi problemlər sistemli şəkildə araşdırılmalıdır.

M.Məmmədova bildirib ki, əlilliyi olan şəxslərin işlə təmin olunması zamanı onların əlillik dərəcəsi, sağlamlıq vəziyyəti və əmək qabiliyyəti nəzərə alınmalıdır. Bu insanların bacarıqlarına və imkanlarına uyğun iş yerləri ilə təmin edilməsi, əmək hüquqlarının qorunması, qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən yararlanmalarına şərait yaradılması mühüm əhəmiyyət daşıyır. Bununla belə, işə qəbul prosesində mövcud olan maneələr onların əmək bazarına çıxışını çətinləşdirə bilər.

Sosioloqun fikrincə, işə qəbul zamanı yaranan problemlər yalnız əlilliyi olan şəxslərlə məhdudlaşmır. Sağlamlıq imkanlarından asılı olmayaraq, müxtəlif yaş qruplarına aid vətəndaşlar da məşğulluq sahəsində çətinliklərlə üzləşirlər. Bu baxımdan, problemin həlli ayrı-ayrı tədbirlərlə deyil, sistemli yanaşma və ardıcıl islahatlarla təmin olunmalıdır.

O qeyd edib ki, ictimai müzakirələr, medianın fəaliyyəti və cəmiyyətdə formalaşan ictimai rəy bu məsələlərin həllində mühüm rol oynayır. Mətbuat cəmiyyətlə dövlət qurumları arasında əlaqələndirici vasitə kimi problemlərin gündəmə gətirilməsinə, onların səbəblərinin araşdırılmasına və mümkün həll yollarının müəyyənləşdirilməsinə töhfə verir. Əlilliyi olan şəxslərin işə qəbul zamanı üzləşdikləri çətinliklərin işıqlandırılması, maarifləndirici tədbirlərin keçirilməsi və ictimai müzakirələrin təşkili də bu baxımdan vacibdir.

M.Məmmədova vurğulayıb ki, əlilliyi olan şəxslərin işə qəbul zamanı qarşılaşdıqları maneələrlə bağlı əlində konkret faktlar olmasa da, onların sosial şəbəkələrdəki çıxışları bu sahədə müəyyən problemlərin mövcudluğunu göstərir. Eyni zamanda, digər vətəndaşların da iş tapmaq imkanlarını məhdudlaşdıran hallar müşahidə olunur. Məsələn, bəzi vakansiyalarda 35 yaş həddinin müəyyənləşdirilməsi daha yaşlı namizədlərin müraciət imkanlarını məhdudlaşdırır. Universiteti yeni bitirmiş gənclərdən iş təcrübəsinin tələb olunması isə onların əmək bazarına daxil olmasını çətinləşdirir. Halbuki təcrübə qazanmaq üçün gənclərə ilk növbədə iş imkanları yaradılmalıdır.

Onun qənaətinə görə, hazırlanacaq məşğulluq konsepsiyası bütün vətəndaşlar üçün bərabər imkanların yaradılmasını və işə qəbul zamanı süni maneələrin minimuma endirilməsini hədəfləməlidir. Universitet məzunlarının, 35 və ya 45 yaşlı şəxslərin, eləcə də əlilliyi olan vətəndaşların öz bilik və bacarıqlarına uyğun iş tapmaq imkanları təmin edilməlidir. Namizədlərin şəffaf, obyektiv və əsaslandırılmış meyarlar əsasında qiymətləndirilməsi işə qəbul prosesinin səmərəliliyini artıran əsas amillərdəndir.

Sosioloq hesab edir ki, son illərdə işə qəbul mexanizmlərində müəyyən irəliləyişlər müşahidə olunsa da, prosesin daha şəffaf və obyektiv təşkili istiqamətində əlavə addımlar atılmalıdır. İmtahan və müsahibə mexanizmlərinin təkmilləşdirilməsi, namizədlərin bərabər şərtlər daxilində qiymətləndirilməsi və subyektiv amillərin təsirinin azaldılması bu sahədə mühüm nəticələr verə bilər.

M.Məmmədova işə qəbul prosesinin mümkün mərhələlərində elektron sistemlərin tətbiqinin də əhəmiyyətini vurğulayıb. Onun fikrincə, elektron mexanizmlərdən istifadə qərarların daha şəffaf qəbul edilməsinə, insan amilindən qaynaqlanan subyektiv yanaşmaların azaldılmasına və namizədlərin imkanlarının obyektiv qiymətləndirilməsinə kömək edə bilər.

Məşğulluq sahəsində bərabər imkanların təmin edilməsi yalnız əlilliyi olan şəxslərin deyil, bütövlükdə cəmiyyətin maraqlarına xidmət edir. Əmək bazarında ayrı-seçkiliyin qarşısının alınması, işə qəbul meyarlarının şəffaflaşdırılması və hər bir vətəndaşın bacarıqlarına uyğun işlə təmin olunması üçün sistemli yanaşmanın tətbiqi vacibdir. Əks halda, işə qəbul prosesində subyektiv amillər və əsassız məhdudiyyətlər aradan qaldırılmadıqca, məşğulluq sahəsində mövcud problemlərin davam etməsi riski qalacaq”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə