“Məqsədimiz siqaret çəkməyən deyil, təzyiqə müqavimət göstərən yeniyetmə yetişdirməkdir” - PEDAQOQ
"Yeniyetməlik dövrü insanın özünü tanımağa, müstəqilliyini sübut etməyə, cəmiyyətdə öz yerini tapmağa çalışdığı bir dövrdür. Bu yaşda yeniyetmə özünü olduğundan daha böyük göstərmək istəyir, dostlarının arasına qəbul olunmağa çalışır". Bu fikirləri SİA-ya açıqlamasında uşaq və yeniyetmələrin inkişafı üzrə mütəxəssis, Valideyn Məktəbi-nin təsisçi-rəhbəri, Günəş Psixoloji Sağlamlıq Mərkəzinin icraçı direktoru Aysel Rəsulzadə deyib.
Onun zölərinə görə, məsələn, dost çevrəsində siqaret çəkən varsa, yeniyetmə düşünür ki, mən də çəksəm, məni daha böyük hesab edərlər, məni də özlərindən biri kimi qəbul edərlər: "Ona görə də siqaretdən imtina etmək onlara çətin gəlir, çünki dostlarının yanında zəif və qorxaq kimi görünmək istəmirlər.
Yəni burada problem təkcə siqaret deyil, yeniyetmənin öz qərarını müstəqil verməsidir. Əgər biz uşaqlara nəyin zərərli olduğunu deyil, həm də dostlarının təzyiqi qarşısında öz mövqelərini necə qorumağı öyrətsək, valideyn olaraq ailədə uşağın bu problemini həll edə bilərik.
Məsələn, ailədə uşağın dinlənilməməsi, hisslərinin kiçildilməsi, davamlı olaraq tənqid olunması yeniyetmənin valideynindən uzaqlaşmasına səbəb olur. Ona görə də valideyn uşağının dərslərini, geyimini, davranışını daha çox nəzarətdə saxlayır və bu, uşağa gərginlik verir. O da rahat formada bunu valideyni ilə bölüşə bilmir. Yeniyetmə özünü tənha, anlaşılmamış, dəyərsiz biri kimi hiss edir və ona görə də artıq başqa davranışlarla diqqət çəkmək istəyir. Siqaret də onların bu davranışlara yönəlməsinin səbəblərindən biridir.
Bir məqam da var ki, burada emosional boşluq hər zaman ailədə sevgisizlikdən irəli gəlmir. Valideyn olur ki, övladını çox sevir, amma onun üçün hər cür maddi şəraiti yaradır, yenə də emosional ünsiyyət qurmağı bacarmır. Uşağın otağı, telefonu, geyimi, təhsili ilə maraqlanmaq çox vacibdir. Təkcə maddi tərəfini həll edirəm deyə valideynlik borcumu yerinə yetirdiyimi düşünmək düzgün deyil. Ən sağlam yanaşma sevginin verildiyi qədər sərhədlərin də müəyyən olunmasıdır.
Həmişə deyilib ki, yeniyetmə bilməlidir: valideyni onun seçimlərinə laqeyd deyil, amma səhv etdikdə belə onu təhqir etməyəcək, alçaltmayacaq, onun fikirlərinə və qərarlarına hörmətlə yanaşacaq.
Siqaret çəkdiyini öyrəniriksə, övladımıza nə etməliyik? İlk növbədə, əlbəttə ki, panikaya düşməməliyik, uşağı təhqir etməməliyik, dərhal ona “Sən tərbiyəsizsən, pis uşaqsan” deyə ad qoymamalıyıq. Qətiyyən!
Burada valideyn, ilk növbədə, sakit formada söhbət etməlidir. Məsələn, “Nə üçün başladın?”, “Dostlarının arasında özünü necə hiss edirsən?”, “Siqaret sənə nə verir, hansı rahatlığı verir?” kimi suallar vermək, bunun səbəbini anlamaq lazımdır.
Burada aydın mövqe göstərmək, siqaretin sağlamlığa zərərini uşağa izah etmək, evdə ailədə tütün istifadəsi ilə bağlı sərhədləri müəyyənləşdirmək lazımdır ki, uşaq bilsin: bu, müəyyən olunmuş sərhədlərin kənarındadır.
Valideyn artıq görürsə ki, övladı müntəzəm olaraq siqaret çəkir, bununla bağlı mütləq mütəxəssisə müraciət etmək lazımdır. Sakit danışıqdan sonra onu mütəxəssisə, həkimə yönləndirmək vacibdir.
Uşağımıza elə bir münasibət göstərməliyik ki, o, səhv edəndə ilk növbədə bizdən qorxmasın, bizimlə danışa bilsin. Yəni valideyn uşağının siqaret çəkməsinə qarşı olmalıdır, amma siqaret çəkən uşağı ilə münasibətini itirməməlidir.
Belə deyim, mənim üçün vacib bir məqam var. Məsələn, uşağımızın əlindəki siqareti görməzdən əvvəl onun daxilindəki narahatlığın nə olduğunu, nəyə ehtiyacı olduğunu və ya niyə məhz siqaretə ehtiyac duyduğunu bilməliyik.
Ümumilikdə, burada uşaqları yalnız qadağalarla deyil, sağlam münasibətlərlə, özünə inamla, düzgün seçim etmək bacarığı ilə gücləndirməliyik ki, onlar pis vərdişlərdən kənar durmalı olduqlarına özləri qərar versinlər.
Çünki bizim məqsədimiz siqaret çəkməyən yeniyetmə deyil, təzyiqə müqavimət göstərə bilən, emosiyalarını sağlam idarə edə bilən və ən əsası, öz sağlamlığının dəyərini anlaya bilən yeniyetmə tərbiyə etmək, yetişdirməkdir. Valideyn bunu bacarsa, belə yeniyetmələr pis vərdişlərə heç vaxt qurşanmazlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB