Azərbaycanda gənc ədiblər üçün beş atelye yaradılacaq - RƏSMİ

Azərbaycanda gənc ədiblər üçün beş atelye yaradılacaq - RƏSMİ

Azərbaycanda gənc ədiblərin yetişdirilməsi məqsədilə beş istiqamət üzrə atelyenin fəaliyyətə başlaması nəzərdə tutulur.

SİA xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, atelyelərin təşkili ilə bağlı ilkin hazırlıq işləri artıq yekunlaşıb. Uşaq ədəbiyyatına həsr olunmuş ilk tədbirlər, eləcə də klassik poeziya ilə bağlı görüş keçirilib.

V.Qurbanzadənin sözlərinə görə, yaradılması nəzərdə tutulan beş atelye nəsr, dramaturgiya, plastik poeziya, müasir poeziya və uşaq ədəbiyyatı istiqamətlərini əhatə edəcək.

Şöbə müdiri qeyd edib ki, bu təşəbbüsün əsas məqsədi Azərbaycanda gənc ədiblərin yetişdirilməsinə dəstək olmaqdır. Layihə ilə bağlı ilkin məlumat kitab sərgisi çərçivəsində təqdim edilib, qarşıdakı tədbirlərdə isə atelyelərin fəaliyyəti barədə daha ətraflı məlumat veriləcək.

O əlavə edib ki, atelyelərin yaxın zamanda fəaliyyətə başlaması gözlənilir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə