"Böyük Qayıdışın uğuru insanların doğma torpaqlarında dayanıqlı yaşayışı və iqtisadi rifahı ilə ölçülməlidir" - İQTİSADÇI

"Böyük Qayıdışın uğuru insanların doğma torpaqlarında dayanıqlı yaşayışı və iqtisadi rifahı ilə ölçülməlidir" - İQTİSADÇI

"Böyük Qayıdış prosesinin uğuru təkcə insanların işğaldan azad edilmiş ərazilərə köçürülməsi ilə deyil, onların həmin ərazilərdə daimi məskunlaşması, gəlir əldə etməsi və normal sosial həyat qurması ilə ölçülməlidir. İnsanlar doğma torpaqlarına qayıtdıqdan sonra orada yaşamaq üçün iqtisadi imkanlar görməlidirlər". Bu fikirləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, bunun üçün ilk növbədə dayanıqlı iş yerlərinin yaradılması, özəl sektorun inkişafı və sahibkarlığın təşviqi vacibdir: "Dövlət hesabına infrastrukturun qurulması zəruri mərhələdir, lakin uzunmüddətli perspektivdə iqtisadi fəallığı təmin etmək üçün özəl investisiyaların cəlb edilməsinə xüsusi diqqət yetirilməlidir.

Azad edilmiş ərazilərin iqtisadi potensialı nəzərə alınaraq kənd təsərrüfatı, heyvandarlıq, emal sənayesi, turizm və xidmət sektorunun inkişafına üstünlük verilməlidir. Xüsusilə yerli əhalinin torpaqdan, istehsal vasitələrindən və güzəştli maliyyə imkanlarından istifadə etməsi üçün şərait yaradılmalıdır. İnsanları yalnız dövlət müəssisələrində işləməklə təmin etmək mümkün deyil. Kiçik və orta sahibkarlığın inkişafı, ailə təsərrüfatlarının qurulması və yerli məhsulların satış bazarlarına çıxarılması da vacibdir. Eyni zamanda, yaradılan iş yerlərinin əməkhaqqı insanların ailələrini dolandırmasına imkan verməlidir.

Digər mühüm məsələ təhsil, səhiyyə və sosial xidmətlərin əlçatanlığıdır. Məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin fəaliyyəti ilə yanaşı, onların ixtisaslı kadrlarla təmin edilməsi də vacibdir. Gənclərin bölgədə qalması üçün peşə təhsili, müasir texnologiyalara yiyələnmək və məşğulluq imkanları genişləndirilməlidir. İnternet və rəqəmsal xidmətlərin keyfiyyəti də insanların həmin ərazilərdə yaşamaq qərarına təsir göstərir.

Bununla yanaşı, qayıdan əhalinin sosial uyğunlaşmasına, xüsusilə yaşlıların, uşaqların və həssas ailələrin ehtiyaclarına diqqət yetirilməlidir. İnsanların əvvəlki yaşayış yerlərindəki sosial əlaqələrinin bərpası, mədəni həyatın canlandırılması və icma münasibətlərinin möhkəmləndirilməsi də əhəmiyyətlidir.

Ən vacib məsələlərdən biri isə Böyük Qayıdışın nəticələrinin mütəmadi qiymətləndirilməsidir. Köçürülən ailələrin neçə nəfərinin işlə təmin olunduğu, neçə sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi, gəlirlərin və yaşayış səviyyəsinin necə dəyişdiyi barədə açıq məlumatlar olmalıdır. Çünki əsas məqsəd insanların sadəcə azad edilmiş ərazilərə qayıtması deyil, orada gələcəyə inamla yaşamasıdır. Bu baxımdan, Böyük Qayıdış həm də həmin ərazilərdə yeni iqtisadi mərkəzlərin yaradılması və əhalinin rifahının yüksəldilməsi layihəsi kimi həyata keçirilməlidir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə