Azərbaycanda kitab sənayesinin formalaşdırılması, yazıçı və naşirlərin hüquqlarının qorunması, eləcə də beynəlxalq ədəbi proseslərin ölkəmizə gətirilməsi əsas vəzifələrdəndir.
SİA xəbər verir ki, bunu Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, dünyada baş verən ədəbi proseslər tərcümə vasitəsilə Azərbaycana gətiriləcək və bu istiqamətdə işlər daha intensiv şəkildə davam etdiriləcək. Bununla yanaşı, əsas məsələ milli ədəbiyyatın hansı köklərdən qaynaqlandığı və dünya ədəbi meyillərinin Azərbaycan reallığında necə təqdim edilməsidir.
Orxan Fikrətoğlunun sözlərinə görə, kitab sənayesinin formalaşdırılması, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə tanıdılması və xarici ədəbi yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, yazıçıların, naşirlərin və kitab mağazası sahiblərinin fəaliyyətinin beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməsi vacibdir.
Nazir müşaviri qeyd edib ki, yazıçı ilə naşir arasında müqavilə şərtləri, müəllif hüquqları, kitab mağazalarının və kitabxanaların fəaliyyəti, eləcə də dövlətin bu sahədəki iqtisadi münasibətlərdə iştirakı aydın mexanizmlərlə tənzimlənməlidir.
O vurğulayıb ki, insanın yaddaşı və milli kimliyi böyük ölçüdə kitabla formalaşır. Müasir texnologiyaların inkişafına baxmayaraq, milli-mənəvi dəyərlərin nəsildən-nəslə ötürülməsində kitabın və şifahi xalq yaradıcılığının xüsusi yeri var.
“Əminəm ki, kitab heç vaxt unudulmayacaq və öz əhəmiyyətini itirməyəcək. Kitab həmişə yaşayacaq. Ona görə də kitab oxuyun, kitabla yaşayın. Çünki biz kitab xalqıyıq”, – deyə Orxan Fikrətoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB