Tarixi Zəfərdən tam suverenliyə: Azərbaycanın qətiyyətli yolu - MƏQALƏ

Tarixi Zəfərdən tam suverenliyə: Azərbaycanın qətiyyətli yolu - MƏQALƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışı ölkəmizin beynəlxalq müstəvidə qazandığı tarixi nailiyyətlərin və regionda formalaşan yeni reallıqların bir daha dünyaya nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının vurğuladığı əsas məqamlardan biri Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi, separatizmə son qoyması və ərazilərində konstitusiya quruluşunu təmin etməsidir.​​​​Uzun illər ərzində Ermənistanın işğalçılıq siyasəti və separatizm Azərbaycanın ərazi bütövlüyünə ciddi təhlükə yaratmış, yüz minlərlə vətəndaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olmuşdur. Azərbaycan bütün bu illər ərzində beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünün bərpasına çalışmış, sülh və danışıqlar yoluna üstünlük vermişdir. Lakin beynəlxalq hüququn norma və prinsiplərinin uzun müddət təmin olunmaması ölkəmizin öz suveren hüquqlarını bərpa etmək əzmini daha da gücləndirmişdir.​​​​​​​​​​Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü ordu quruculuğu həyata keçirmiş, iqtisadi və siyasi potensialını artırmışdır. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmuşdur. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam təmin edilmiş, separatizmin mövcudluğuna son qoyulmuşdur.​​​​​Bu tarixi hadisələr bir daha sübut etdi ki, Azərbaycan öz milli maraqlarını qorumağa, beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etməyə və ölkənin gələcəyini müstəqil şəkildə müəyyənləşdirməyə qadirdir. Dövlət suverenliyinin tam bərpası yalnız hərbi-siyasi qələbə deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində daşıdığı tarixi ədalətin və milli birliyin təntənəsidir.​​​​​​Bu nailiyyətlərin əldə olunmasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının xüsusi yeri vardır. Məhz Ulu Öndərin əsasını qoyduğu müstəqil dövlət quruculuğu siyasəti, güclü iqtisadiyyat və ordu formalaşdırılması istiqamətində atılan addımlar Azərbaycanın bugünkü qüdrətinin təməlini təşkil edir. Prezident İlham Əliyev bu siyasi kursu müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirərək ölkəmizi ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş dövlətə çevirmişdir.​AQEM-in 7-ci Zirvə Görüşü kimi mötəbər beynəlxalq platformada Azərbaycanın əldə etdiyi nəticələrin diqqətə çatdırılması ölkəmizin beynəlxalq mövqeyinin və nüfuzunun göstəricisidir. Azərbaycan bu gün regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın gücləndirilməsinə töhfə verən, beynəlxalq münasibətlərdə müstəqil siyasət yürüdən dövlət kimi çıxış edir. Ölkəmizin mövqeyi ondan ibarətdir ki, davamlı sülhün təmin olunması dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında mümkündür.​​​​​​​​​​​​Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir. Bu proses Azərbaycanın yalnız öz suverenliyini bərpa etmədiyini, həm də azad edilmiş ərazilərdə həyatın yenidən qurulmasına, iqtisadi inkişafın və dayanıqlı sülhün təmin olunmasına çalışdığını göstərir.​​​​​​​​​​​Beləliklə, Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsi müasir tariximizin ən mühüm hadisələrindən biridir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti, xalqımızın birliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü təmin etmiş, separatizmə son qoymuşdur. Bu gün Azərbaycanın əsas hədəfi əldə edilmiş tarixi nailiyyətləri möhkəmləndirmək, regionda uzunmüddətli sülhü təmin etmək və müstəqil dövlətimizin gələcək inkişafını davam etdirməkdir.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov

Bütün xəbərlər Facebook səhifəmizdə