Göbələkdən zəhərlənmə halları, o cümlədən ölümlə nəticələnən hadisələr bu məhsulun seçimi və istehlakı zamanı diqqətli olmağın vacibliyini bir daha gündəmə gətirir. Göbələklər marketlərdə qablaşdırılmış formada satılsa da, mövsümi dövrlərdə bazarlarda, küçələrdə və yol kənarlarında da satışa çıxarılır. Bəzi istehlakçılar isə daha çox açıq şəkildə satılan göbələklərə üstünlük verirlər. Bəs göbələk alarkən hansı məqamlara diqqət yetirmək lazımdır və təhlükəsiz seçim necə edilməlidir?
Məsələ ilə bağlı qida üzrə mütəxəssis Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, göbələk süfrələrdə sevilən qidalardan biri olsa da, onun istehlakı müəyyən risklər daşıyır.
Mütəxəssisin sözlərinə görə, göbələyin həm qida dəyəri, həm də zəhərlənməyə səbəb olma ehtimalı nəzərə alınmalı, məhsul seçərkən etibarlı mənbələrə üstünlük verilməlidir:
“Göbələkdən zəhərlənmə riskini azaltmaq üçün ilk növbədə məhsulu rəsmi və etibarlı satış məntəqələrindən almaq lazımdır. İstehsalçısı, istehsal və son istifadə tarixi, eləcə də saxlanma şəraiti barədə məlumatların göstərildiyi qablaşdırılmış məhsullar seçim zamanı daha məqsədəuyğundur. Mənşəyi məlum olmayan, yol kənarında və nəzarətsiz şəkildə satılan göbələklərin alınması isə təhlükəli ola bilər.
Göbələyin xarici görünüşünə də diqqət yetirmək vacibdir. Qaralmış, çürümüş, selikli səthə malik və ya xoşagəlməz qoxu verən məhsulları almaq olmaz. Bu cür əlamətlər göbələyin keyfiyyətini itirdiyini və xarab olmağa başladığını göstərə bilər. Qablaşdırılmış məhsulların üzərindəki tarixləri yoxlamaq, saxlama şərtlərinə əməl olunub-olunmadığına diqqət yetirmək lazımdır.
Digər mühüm məqam isə göbələyin növünü düzgün müəyyənləşdirməkdir. Yeməli və zəhərli göbələklər xarici görünüşünə görə bir-birinə bənzəyə bilər. Buna görə də növünə əmin olmadığınız, təbiətdən toplanmış göbələkləri qida kimi istifadə etməkdən çəkinmək lazımdır.
Göbələyin hazırlanması zamanı da gigiyena qaydalarına əməl olunmalıdır. Məhsul təmizlənməli, uyğun şəraitdə saxlanmalı və növünə uyğun şəkildə tam bişirilməlidir. Bununla belə, bişirmə bütün göbələk toksinlərini zərərsizləşdirmir. Buna görə də şübhəli və ya zəhərli ola biləcək göbələkləri bişirməklə təhlükəsiz hala gətirmək mümkün deyil.
Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəlikləri olan şəxslər qida təhlükəsizliyi məsələlərinə daha həssas yanaşmalıdırlar. Sənaye şəraitində yetişdirilən şampinyon və istiridyə göbələyi kimi tanınmış növlərin etibarlı satış məntəqələrindən alınması daha məqsədəuyğundur. Lakin bu məhsulların da düzgün saxlanması və hazırlanması vacibdir.
Göbələk seçimi yalnız dad və qiymətlə bağlı məsələ deyil, həm də sağlamlığın qorunması baxımından ciddi məsuliyyətdir. Məhsulun mənşəyinə diqqət yetirmək, keyfiyyətini yoxlamaq və təhlükəsiz hazırlanma qaydalarına əməl etmək zəhərlənmə riskinin azaldılmasında mühüm rol oynayır”, – deyə mütəxəssis qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB