Balıq alarkən nələrə diqqət etməliyik? -EKSPERT DANIŞDI

Balıq alarkən nələrə diqqət etməliyik? -EKSPERT DANIŞDI

“Balıq zəngin qida tərkibinə görə sağlam və balanslı qidalanmanın mühüm hissəsi hesab olunur. Keyfiyyətli zülal mənbəyi olan balıq, eyni zamanda, orqanizm üçün vacib omeqa-3 yağ turşuları ilə zəngindir. Xüsusilə dəniz və okean balıqları sağlamlıq baxımından əhəmiyyətli qida maddələri ilə seçilir”.

Bu sözləri SİA-ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, balığın faydalı xüsusiyyətlərindən yararlanmaq üçün onun mənşəyinə, yetişdirilmə şəraitinə, təzəliyinə və düzgün saxlanılmasına diqqət yetirmək vacibdir:

“Son illərdə balıqların süni şəraitdə, yəni təsərrüfatlarda yetişdirilməsi də geniş yayılıb. Belə təsərrüfatlarda balıqların yemlənməsi üçün soya və qarğıdalı unu da daxil olmaqla müxtəlif yem komponentlərindən istifadə olunur. Yetişdirilmə şəraiti, yemin tərkibi və keyfiyyəti balığın qida dəyərinə təsir göstərə bilər. Eyni zamanda, hovuzlarda suyun keyfiyyətinə nəzarət edilməməsi və sanitar-gigiyenik qaydaların pozulması balığın sağlamlığına, keyfiyyətinə, dadına və qoxusuna mənfi təsir edə bilər. Antibiotiklərdən isə yalnız zəruri hallarda, baytarlıq nəzarəti altında və müəyyən edilmiş qaydalara uyğun istifadə olunmalıdır.

Balıq alarkən ilk növbədə onun təzəliyinə diqqət yetirilməlidir. Təzə balığın gözləri şəffaf və parlaq, səthi təbii görünüşlü, əti isə elastik olmalıdır. Kəskin və xoşagəlməz qoxu, eləcə də kimyəvi maddələri xatırladan qoxu məhsulun keyfiyyəti ilə bağlı şübhə yarada bilər. Buna görə balığın mənşəyi məlum olan, etibarlı və müvafiq tələblərə cavab verən satış məntəqələrindən alınması tövsiyə edilir.

Balığın saxlanma şəraiti də qida təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə isti havalarda balığın açıq şəraitdə və yüksək temperatur altında uzun müddət saxlanılması onun tez xarab olmasına səbəb ola bilər. Zülalla zəngin və tez xarab olan məhsul kimi balıqda temperatur rejimi pozulduqda mikroorqanizmlər sürətlə çoxala və qida zəhərlənməsi riski yarada bilər. Bu baxımdan, təzə balıq soyuducu şəraitdə, uyğun temperaturda və zərurət olduqda buz üzərində saxlanılmalıdır.

Balığın mənşəyi də diqqətdən kənarda qalmamalıdır. İstehlakçılar imkan daxilində məhsulun hansı su hövzəsindən tutulması, harada yetişdirilməsi və keyfiyyət göstəriciləri barədə məlumat əldə etməlidirlər. Balığın daşınması və saxlanması zamanı temperatur rejiminə əməl olunması da onun təhlükəsizliyinə birbaşa təsir göstərir.

Məhsulun ev şəraitində hazırlanması zamanı da müəyyən qaydalara riayət edilməlidir. Balıq diqqətlə təmizlənməli və tam bişirilməlidir. Dondurulmuş balığın donu təhlükəsiz şəraitdə, məsələn, soyuducuda açılmalıdır. Otaq temperaturunda uzun müddət saxlanılan balığın yenidən dondurulması təhlükəsiz hesab edilmir. Məhsulun keyfiyyətini qorumaq üçün saxlama müddətinə və temperatur göstəricilərinə əməl olunmalıdır.

Balığın tutulduğu su hövzəsinin ekoloji vəziyyəti də mühüm amillərdən biridir. Sənaye tullantıları və kanalizasiya suları ilə çirklənmiş ərazilərdə yaşayan balıqlarda civə və digər ağır metallar kimi zərərli maddələr toplana bilər. Bu maddələrin orqanizmdə uzun müddət yığılması sinir sisteminə, böyrəklərə və digər orqanlara mənfi təsir göstərə bilər. Çirklənmiş su hövzələri mikrobioloji çirklənmə baxımından da risk yarada bilər. Buna görə balığın mənşəyinin izlənilməsi və su hövzələrinin ekoloji vəziyyətinə nəzarət istehlakçı sağlamlığının qorunması baxımından vacibdir.

Balığın faydalı qida məhsulu olması onun hər şəraitdə təhlükəsiz olduğu anlamına gəlmir. Məhsulun düzgün seçilməsi, saxlanılması və hazırlanması sağlam qidalanmanın əsas şərtlərindəndir. İstehlakçıların bu məsələlərə diqqət yetirməsi həm balığın qida dəyərindən səmərəli yararlanmağa, həm də mümkün sağlamlıq risklərini azaltmağa imkan verir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə