"Azərbaycanın müdafiə imkanları diplomatik fəaliyyətinin təsir gücünü artırır" - POLİTOLOQ

"Azərbaycanın müdafiə imkanları diplomatik fəaliyyətinin təsir gücünü artırır" - POLİTOLOQ

"Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi fikirlər Azərbaycanın milli təhlükəsizlik, dövlət suverenliyi və müstəqil xarici siyasət məsələlərinə yanaşmasını bir daha ön plana çıxardı. Dövlət başçısının ölkəyə qarşı yönələn təhdidlərə adekvat və qətiyyətli cavab verilməsi ilə bağlı mövqeyi Azərbaycanın öz milli maraqlarını qorumaq əzmini və beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi çıxış etmək iradəsini ifadə edir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, bu siyasətin müsbət təsirlərindən biri Azərbaycanın regional mövqeyinin möhkəmlənməsidir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətin nüfuzu yalnız iqtisadi potensialı və coğrafi mövqeyi ilə deyil, həm də təhlükəsizlik çağırışlarına cavab vermək, milli maraqlarını müdafiə etmək və müstəqil qərarlar qəbul etmək qabiliyyəti ilə müəyyən olunur. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq istiqamətində nümayiş etdirdiyi siyasi iradə ilə regionda təhlükəsizlik məsələlərinə təsir imkanlarını genişləndirib. Təhdidlər qarşısında prinsipial mövqenin nümayiş etdirilməsi potensial təzyiq vasitələrinin səmərəsini azalda və ölkənin maraqlarının nəzərə alınmasını təşviq edə bilər:

"Qətiyyətli siyasətin digər mühüm istiqaməti dövlətlərin Azərbaycanla münasibətlərində qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipinin əhəmiyyətini artırmasıdır. Azərbaycanın xarici siyasətinin əsas məqsədlərindən biri heç bir güc mərkəzindən asılı olmadan müxtəlif ölkələrlə qarşılıqlı faydalı əlaqələr qurmaqdır. Prezidentin qurultaydakı çıxışında Çinin və ABŞ-nin Azərbaycanla strateji tərəfdaşlıq sənədlərinə xüsusi diqqət yetirməsi ölkənin fərqli geosiyasi istiqamətlərdə əməkdaşlıq imkanlarını genişləndirmək xəttini göstərir.

Eyni zamanda, güclü müdafiə qabiliyyəti diplomatik fəaliyyətin təsir imkanlarını artıran amildir. Öz təhlükəsizliyini təmin etmək imkanına malik dövlət danışıqlarda milli maraqlarını daha inamla müdafiə edə, tərəfdaşları ilə münasibətlərini qarşılıqlı öhdəliklər və praqmatik maraqlar əsasında qura bilər. Bu baxımdan, Azərbaycanın təhlükəsizlik potensialının gücləndirilməsi regional sabitliyin qorunması və mümkün təhdidlərin qarşısının alınması üçün çəkindirici mexanizm rolunu oynaya bilər. Təhdidlərə ölçülü və əsaslandırılmış cavab verilməsi ölkənin həm müdafiə qabiliyyətini, həm də etibarlı tərəfdaş imicini qorumağa xidmət edir. Azərbaycanın müxtəlif beynəlxalq platformalarda iştirakı və fərqli dövlətlərlə əlaqələri bu baxımdan əlavə imkanlar yaradır.

Ümumiyyətlə isə təhdidlərə adekvat və qətiyyətli cavab siyasəti Azərbaycanın regional çəkisini artırmaq, milli suverenliyini qorumaq və beynəlxalq tərəfdaşlarla münasibətlərində bərabərhüquqlu mövqeyini möhkəmləndirmək üçün mühüm vasitədir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə