“Radikal müxalifət üçün milli maraqlar prioritet deyil” - DEPUTAT DANIŞDI

“Radikal müxalifət üçün milli maraqlar prioritet deyil” - DEPUTAT DANIŞDI

”Azərbaycan ilə Türkiyə arasında münasibətlər tarixi köklərə, ortaq milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır. Hər iki ölkənin cəmiyyətləri bu dostluğun qorunmasını və daha da möhkəmləndirilməsini vacib hesab edir”.
Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, son günlər Türkiyədə və Azərbaycanda bəzi siyasətçilərin Azərbaycanla bağlı səsləndirdikləri qəbuledilməz bəyanatlar cəmiyyətdə haqlı narazılıq doğurur:

”Belə yanaşmalar təkcə siyasi müzakirələrin mövzusu deyil, həm də dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmətin, milli suverenliyə ehtiramın və siyasi məsuliyyətin əhəmiyyətini gündəmə gətirir.

Azərbaycan cəmiyyəti Türkiyə ilə qardaşlıq münasibətlərinə hər zaman yüksək dəyər verib. Bu münasibətlərin möhkəmləndirilməsi hər iki xalqın maraqlarına xidmət edir. Türkiyə cəmiyyətində də Azərbaycana qarşı eyni səmimiyyətin və dostluq münasibətinin mövcudluğu xüsusi əhəmiyyət daşıyır. Bununla belə, qardaşlıq münasibətlərinin mahiyyətinə uyğun gəlməyən, Azərbaycanın milli kimliyini, dövlətçilik ənənələrini və müstəqil siyasətini hədəfə alan yanaşmaların ortaya çıxması təəssüf doğurur. Çünki həqiqi dostluq qarşılıqlı hörmətə, bərabərhüquqlu münasibətlərə və hər bir dövlətin suveren seçimlərinə ehtiram göstərilməsinə əsaslanmalıdır.

Diqqət çəkən məqamlardan biri də bu cür məsələlər ətrafında aparılan müzakirələrdə radikal müxalifətin mövqeyinin aydın görünməməsidir. Ölkənin milli maraqlarına, beynəlxalq nüfuzuna və dövlətçilik prinsiplərinə toxunan məsələlərdə siyasi qüvvələrin mövqeyi onların məsuliyyət anlayışını müəyyənləşdirən amillərdəndir. Siyasi rəqabət demokratik proseslərin təbii tərkib hissəsi olsa da, milli maraqların müdafiəsi partiya mənsubiyyətindən və siyasi qarşıdurmalardan üstün tutulmalıdır. Hakimiyyətə münasibətindən asılı olmayaraq, hər bir siyasi qüvvə ölkənin suverenliyinə, milli kimliyinə və beynəlxalq nüfuzuna münasibətdə prinsipial mövqe nümayiş etdirməlidir.

Siyasət yalnız hakimiyyəti tənqid etmək və ya onun fəaliyyətini müdafiə etməklə məhdudlaşmır. Siyasi fəaliyyət, eyni zamanda, dövlətin strateji maraqlarını düzgün qiymətləndirmək, milli məsələlərdə məsuliyyətli mövqe ortaya qoymaq və ölkənin beynəlxalq münasibətlər sistemindəki nüfuzunu qorumaq bacarığıdır. Bu baxımdan, Azərbaycanın ünvanına səsləndirilən qeyri-dost bəyanatlara münasibət bildirmək siyasi qüvvələr üçün yalnız seçim deyil, həm də ictimai məsuliyyət məsələsidir. Milli maraqlara toxunan məsələlərdə susqunluq cəmiyyətdə haqlı suallar yarada və siyasi mövqelərin səmimiyyətinin müzakirəsinə səbəb ola bilər.

Bununla yanaşı, hər hansı siyasi qüvvənin mövqeyindən asılı olmayaraq, Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və beynəlxalq nüfuzunun qorunması ümumxalq məsələsidir. Azərbaycan xalqı tarix boyu öz milli varlığını, dilini, mədəniyyətini və müstəqillik iradəsini qoruyub. Bu gün də ölkəmizin milli maraqlarının müdafiəsi yalnız ayrı-ayrı siyasi dairələrin deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyəti kimi qiymətləndirilməlidir. Dövlətin müstəqilliyi və xalqın milli qüruru siyasi mübarizənin predmetinə çevrilməməli, əksinə, cəmiyyəti birləşdirən əsas dəyərlər sırasında yer almalıdır.

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri digər dövlətlərlə, o cümlədən Türkiyə ilə qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu əməkdaşlıq əsasında münasibətlərin inkişaf etdirilməsidir. Bu siyasətin mahiyyəti dostluq əlaqələrini qorumaqla yanaşı, milli suverenliyin və müstəqil qərarvermə hüququnun təmin edilməsindən ibarətdir. Heç bir dövlətin və ya siyasi dairənin Azərbaycanın daxili işlərinə müdaxilə etməyə, ölkəmizə öz siyasi iradəsini qəbul etdirməyə və ya müstəqil seçimlərinə istiqamət verməyə çalışması normal münasibətlər prinsipləri ilə uzlaşmır.
Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsi hər iki tərəfin qarşılıqlı həssaslıq nümayiş etdirməsini, siyasi bəyanatlarda məsuliyyətli davranmasını və xalqlar arasında formalaşmış etimadın qorunmasını tələb edir. Qardaşlıq münasibətlərinin davamlılığı emosional çağırışlarla deyil, qarşılıqlı hörmətə və suverenliyə ehtiramla təmin olunur. Azərbaycanın milli maraqlarının, müstəqilliyinin və beynəlxalq nüfuzunun qorunması isə siyasi mövqelərdən asılı olmayaraq, hər bir vətəndaşın və siyasi qüvvənin diqqət mərkəzində saxlamalı olduğu fundamental prinsipdir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə