“Son dövrlər bəzi insanların qidalanma rejiminə diqqət yetirməməsi, gec saatlara qədər oyaq qalması və gecə yemək yeməsi sağlamlıq baxımından müəyyən problemlərə səbəb olur. Belə insanlar səhər saatlarında iştahasızlıq, halsızlıq və yorğunluq hiss edə, gec oyanmaları səbəbindən gündəlik fəaliyyətlərinə vaxtında başlamaqda çətinlik çəkə bilərlər”.
Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.
Onun sözlərinə görə, məktəblilərdə və tələbələrdə yuxu rejiminin pozulması dərs prosesinə uyğunlaşmağa, diqqəti cəmləməyə və öyrənmə qabiliyyətinə mənfi təsir göstərə bilər:
”Eyni zamanda, gecə saatlarında ağır qidalar qəbul etmək həzm sistemində narahatlıq yarada və yuxunun keyfiyyətini aşağı sala bilər.
Yuxu və qidalanma rejiminin pozulması insanın yalnız fiziki deyil, emosional vəziyyətinə də təsir göstərir. Gün ərzində aqressivlik, narahatlıq, səbirsizlik və gərginlik kimi hallar müşahidə oluna bilər. Xüsusilə yeniyetməlik dövründə hormonal dəyişikliklərlə yanaşı, yuxusuzluq və qeyri-düzgün qidalanma emosional həssaslığın artmasına səbəb ola bilər. Qızlarda halsızlıq, əhval-ruhiyyənin tez-tez dəyişməsi və emosional gərginlik kimi əlamətlər daha qabarıq nəzərə çarpa bilər. Bununla belə, bu halların yalnız yuxu və qidalanma rejimi ilə əlaqəli olmadığını, digər fiziki və psixoloji amillərin də rol oynaya biləcəyini nəzərə almaq lazımdır.
Ümumiyyətlə, gecə yuxusunun kifayət qədər olmaması və qidalanma rejiminin pozulması insanın mövcud fiziki və psixoloji problemlərini ağırlaşdıra bilər. Məsələn, narahatlığa meyilli insan yuxusuz qaldıqda daha çox gərginlik keçirə, emosional həssaslığı olan şəxsin əhval-ruhiyyəsində dəyişikliklər arta bilər. Eyni zamanda, uzun müddət davam edən yuxu çatışmazlığı diqqət və yaddaş zəifliyinə, iş qabiliyyətinin azalmasına, stressə qarşı dözümlülüyün aşağı düşməsinə səbəb ola bilər. Buna görə də yuxu rejiminə əməl etmək, balanslı qidalanmaq və gün ərzində fiziki aktivliyə vaxt ayırmaq sağlam həyat tərzinin mühüm şərtləri hesab olunur.
Həm fiziki, həm də psixoloji sağlamlığın qorunması baxımından vaxtında yatmaq, kifayət qədər yuxu almaq və düzgün qidalanma rejiminə riayət etmək vacibdir. Yuxu orqanizmin bərpasında, sinir sisteminin normal fəaliyyətində, yaddaşın möhkəmlənməsində və emosional tarazlığın qorunmasında mühüm rol oynayır. Buna görə də xüsusilə yeniyetmələr və gənclər gecə saatlarında uzun müddət telefondan istifadə etməkdən çəkinməli, yatmazdan əvvəl ağır yeməklər qəbul etməməli və gündəlik rejimlərini mümkün qədər sabit saxlamalıdırlar. Yuxu və qidalanma ilə bağlı problemlər uzun müddət davam etdikdə isə onların səbəblərini müəyyənləşdirmək üçün mütəxəssisə müraciət etmək məqsədəuyğundur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB