Ədəbiyyat siyasətinin əsas məqsədlərindən biri milli yaddaşa söykənən, milli ənənələri qoruyan və müasir tələblərə cavab verən ədəbi mühit formalaşdırmaqdır.
SİA xəbər verir ki, bunu Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, Mədəniyyət Nazirliyinin qarşısında duran əsas vəzifələrdən biri ədəbi prosesin inkişafına, ədəbiyyat sahəsində səmərəli fəaliyyətin təmin olunmasına və kitab sənayesinin təkmilləşdirilməsinə nail olmaqdır.
Orxan Fikrətoğlunun sözlərinə görə, indiyədək ədəbi prosesdə yazıçıların, kitab müəlliflərinin və digər iştirakçıların hüquq və öhdəlikləri lazımi səviyyədə tənzimlənməyib. Bu baxımdan Mədəniyyət Nazirliyinin həyata keçirdiyi islahatlarla yanaşı, qanunvericilik və hüquqi tənzimləmə məsələləri də xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, atılan addımlar nəticəsində ədəbiyyat sahəsində iqtisadi münasibətlərin dövlətçilik prinsipləri əsasında təşkilatlanması və tənzimlənməsi nəzərdə tutulur. Bu isə yeni ədəbi mühitin formalaşmasına zəmin yaradacaq.
Nazir müşaviri vurğulayıb ki, Azərbaycan ədəbiyyatının tarixi qədim olsa da, müxtəlif siyasi dövrlər ədəbi prosesə öz təsirini göstərib. XX əsr Azərbaycan ədəbiyyatını təhlil edərkən Cümhuriyyət, sovet və müstəqillik dövrlərinin ədəbi irsi ilə qarşılaşırıq.
O bildirib ki, müasir ədəbiyyat siyasətində əsas məsələlərdən biri milli irsin hansı istiqamətdə təqdim olunması, onun fəlsəfəsinin və tarixi həqiqətlərinin önə çıxarılmasıdır.
Orxan Fikrətoğlu qeyd edib ki, Azərbaycan ədəbiyyatının araşdırılması Füzulidən başlayaraq qədim daş abidələrdə və kitabələrdə qorunub saxlanılan ədəbi nümunələrə qədər geniş bir irsi əhatə edir. Bu nümunələr xalqın düşüncə tərzini, mədəni yaddaşını və tarixi təcrübəsini özündə əks etdirir.
Onun sözlərinə görə, müasir Azərbaycan ədəbiyyatının inkişafı dünya ədəbiyyatı kontekstində həyata keçirilməli, eyni zamanda milli ənənələrə, tarixi gerçəkliklərə və milli yaddaşa əsaslanmalıdır.
“Çünki milli yaddaş olmadıqda nə millətin təşkilatlanması, nə də dövlətin güclənməsi mümkün olur”, – deyə Orxan Fikrətoğlu bildirib.
Nazir müşaviri əlavə edib ki, yeni ədəbi təşkilatlanma modelinin və ədəbiyyat sahəsində hüquqi mexanizmlərin formalaşdırılması mühüm vəzifələrdəndir. Bu baxımdan festivalların, kitab sərgilərinin və yarmarkaların təşkili əhəmiyyətli addımlar hesab olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB