“Bakı Kitab Sərgisində 50 şair və yazıçı arasında onlayn səsvermə keçiriləcək” - Şöbə müdiri

“Bakı Kitab Sərgisində 50 şair və yazıçı arasında onlayn səsvermə keçiriləcək” - Şöbə müdiri

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oxucuların iştirakı ilə “Öz yazıçını seç” adlı onlayn səsvermə keçiriləcək.

SİA xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə sərgi ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, səsvermədə 50 şair və yazıçının adı təqdim olunacaq. Azərbaycanın bütün oxucuları öz seçimlərini edə biləcəklər. Səsvermənin nəticələrinə əsasən, bir nəsr və bir poeziya müəllifinin seçilməsi nəzərdə tutulur.

V.Qurbanzadə qeyd edib ki, builki sərgidə xarici qonaqlar arasında dünya şöhrətli yazıçı Pelnur Səni və uşaqlar, eləcə də yeniyetmələr üçün əsərləri ilə tanınan Darvin Simpson da olacaq. Onlarla oxucuların görüşləri təşkil ediləcək.

Şöbə müdiri sərgiyə gələn ziyarətçilərin rahatlığının təmin olunması məqsədilə nəqliyyat məsələsinə də toxunub. Onun sözlərinə görə, ötən il şəhər tıxacları səbəbindən bəzi marşrutlarda gecikmələr yaşandığı üçün bu il avtobus xidmətinin yalnız Köhnə Olimpiya stadionu istiqamətində təşkili qərara alınıb. Həmin ərazidən Bakı Ekspo Mərkəzinə və geriyə daha qısa intervallarla avtobuslar hərəkət edəcək.

O əlavə edib ki, sərgi haqqında ətraflı məlumatı rəsmi Bakı Book Fair internet resursundan əldə etmək mümkündür.

V.Qurbanzadənin sözlərinə görə, builki sərgidə şəbəkələşmə zonası da genişləndirilib. Xarici tərəfdaşlarla yerli nəşriyyatlar arasında əvvəlcədən planlaşdırılan təxminən 50 görüşün keçirilməsi nəzərdə tutulur. Görüşlərin sayının sərgi müddətində artması da mümkündür.

Şöbə müdiri vurğulayıb ki, bu görüşlər Azərbaycan ədəbiyyatının xarici bazarlara çıxarılmasına, eləcə də xarici ədəbiyyatın Azərbaycan kitab bazarında mövqeyinin möhkəmlənməsinə töhfə verəcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə