“Azərbaycanın inkişafı üçün siyasi sabitliyin, dövlətçilik ənənələrinin və ictimai etimadın qorunması vacibdir“ - DEPUTAT DANIŞDI
“Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm yer tutmaqla yanaşı, partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir. Qurultayda qəbul edilən qərarlar, qarşıya qoyulan vəzifələr və müəyyənləşdirilən prioritetlər Azərbaycanın yeni inkişaf mərhələsində siyasi təşkilatların üzərinə düşən məsuliyyətin qiymətləndirilməsi üçün mühüm zəmin yaradır”.
Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.
Deputatın sözlərinə görə, Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkənin ictimai-siyasi proseslərində fəal iştirak edib və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynayıb:
”Müasir dövrdə isə dəyişən ictimai münasibətlər, yeni texnologiyalar və qlobal proseslər siyasi təşkilatların fəaliyyətində daha çevik və müasir yanaşmaların tətbiqini zəruri edir.
M.İbrahimqızı hesab edir ki, VIII Qurultayda müəyyənləşdirilən vəzifələrin praktiki nəticələrə çevrilməsi əsas məsələlərdən biridir. Onun fikrincə, gənclərlə işin təkmilləşdirilməsi, ideoloji fəaliyyətin müasir tələblərə uyğunlaşdırılması, ictimai dialoqun genişləndirilməsi və vətəndaşlarla əlaqələrin gücləndirilməsi partiyanın gələcək fəaliyyətində diqqət mərkəzində saxlanılmalıdır. Cəmiyyətin gözləntilərinin nəzərə alınması və vətəndaş müraciətlərinə həssas yanaşılması siyasi təşkilatların ictimai məsuliyyətini artıran mühüm amillərdəndir.
Deputat vurğulayıb ki, Azərbaycanın qarşısında dayanan əsas vəzifələr sırasında Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin davam etdirilməsi, Böyük Qayıdış prosesinin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların cəlb olunması və yeni iş yerlərinin yaradılması xüsusi yer tutur. Eyni zamanda, əhalinin sosial rifahının yüksəldilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi, milli maraqların qorunması və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi də strateji əhəmiyyət daşıyan istiqamətlərdəndir.
M.İbrahimqızının fikrincə, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər partiyanın qarşıdakı dövr üçün fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Regionda və dünyada baş verən geosiyasi dəyişikliklər, yeni təhlükəsizlik çağırışları və iqtisadi proseslər mövcud imkanların düzgün qiymətləndirilməsini, uzunmüddətli inkişaf məqsədlərinə uyğun qərarların qəbulunu tələb edir.
Deputat qeyd edib ki, qurultayın nəticələri yalnız qəbul olunan qərarlarla deyil, həmin qərarların icrası və əldə edilən nəticələrlə də qiymətləndirilməlidir. Bu baxımdan partiya üzvlərinin, xüsusilə vətəndaşlarla birbaşa təmasda olan şəxslərin fəallığı, təşəbbüskarlığı və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində iştirakı mühüm rol oynayır.
M.İbrahimqızı bildirib ki, Yeni Azərbaycan Partiyasının siyasi tarixində Ulu Öndər Heydər Əliyevin xüsusi yeri var. Onun rəhbərliyi ilə yaradılan partiya sonrakı illərdə Azərbaycanın ictimai-siyasi həyatında mühüm mövqeyə sahib olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafı istiqamətində həyata keçirilən siyasət isə partiyanın qarşısında yeni vəzifələr müəyyənləşdirir.
Deputatın qənaətinə görə, VIII Qurultay partiyanın fəaliyyətində müasir iş mexanizmlərinin tətbiqi, ictimai əlaqələrin genişləndirilməsi və qarşıya qoyulan hədəflərin daha səmərəli həyata keçirilməsi üçün yeni imkanlar yaradır. Azərbaycanın gələcək inkişafı baxımından siyasi sabitliyin qorunması, dövlətçilik ənənələrinin davam etdirilməsi, cəmiyyətlə siyasi təşkilatlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və qlobal proseslərin yaratdığı imkanlardan səmərəli istifadə edilməsi mühüm əhəmiyyət daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB