Mama-ginekoloqların növbəti aylıq toplantısı Mərkəzi Gömrük Hospitalında həyata keçirilib.
17 oktyabr 2026-cı il tarixində mama-ginekoloqların növbəti aylıq toplantısı Mərkəzi Gömrük Hospitalında həyata keçirilib. “Hamiləlikdə trombemboliya: risk,diaqnoz və profilaktika” mövzusuna həsr edilmiş elmi toplantıda Mərkəzi Gömrük Hospitalının mama-ginekologiya şöbə rəisi Təranə Bayramova salamlama nitqi ilə çıxış edərək mütəxəssislərarası təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb və hərkəsi açıq müzakirəyə dəvət edib.
Toplantı zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Vəfa Qurbanova “Hamiləlikdə tromboemboliya riskinin idarə olunması: kimə aspirin, kimə aşağı molekulyar çəkili heparin (LMWH)?” mövzusunda geniş təqdimatla çıxış edib.
Vəfa Qurbanova çıxışında hamiləlik dövründə tromboembolik ağırlaşmaların qarşısının alınması, risk faktorlarının vaxtında müəyyənləşdirilməsi və profilaktik müalicə strategiyalarının seçilməsi məsələlərinə toxunub. Həmçinin hamiləlik və doğuşdan sonrakı dövrdə tromboemboliya riskinin qiymətləndirilməsi, profilaktik tədbirlərin fərdi qaydada planlaşdırılması və pasiyentlərin müvafiq tibbi nəzarətdə saxlanılması məsələləri müzakirə olunub. Bu yanaşmaların ana sağlamlığının qorunması və potensial ağırlaşmaların riskinin azaldılması baxımından əhəmiyyəti vurğulanıb.
Daha sonra Mərkəzi Gömrük Hospitalının həkim-rezident Güllüxanım Rəhimova “Hamiləlik və postpartum dövrdə D-dimer: nə zaman istənilməli və nəticə necə interpretasiya edilməlidir?” mövzusunda təqdimatla çıxış edərək, D-dimer testinin tromboembolik xəstəliklərin diaqnostikasında rolunu, hamiləlik zamanı baş verən fizioloji dəyişikliklərin laborator göstəricilərə təsirini və test nəticələrinin klinik vəziyyət nəzərə alınmaqla qiymətləndirilməsinin vacibliyini izah edib.
Çıxış zamanı hamiləlik müddətində D-dimer səviyyəsinin fizioloji olaraq arta bilməsi səbəbindən nəticələrin şərhində xüsusi yanaşmanın tələb olunduğu qeyd edilib. Testin təyin edilməsinə göstərişlərin müəyyənləşdirilməsi, nəticələrin klinik simptomlar və digər müayinə göstəriciləri ilə birlikdə qiymətləndirilməsi, eləcə də tromboemboliya şübhəsi olan pasiyentlərdə əlavə diaqnostik müayinələrin əhəmiyyəti diqqətə çatdırılıb.
Hər iki mövzu üzrə aparılan müzakirələr hamiləlik və postpartum dövrdə tromboembolik ağırlaşmaların profilaktikası və diaqnostikasına dair müasir yanaşmaların paylaşılması, klinik biliklərin təkmilləşdirilməsi və mama-ginekoloqlar arasında peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Mərkəzi Gömrük Hospitalında keçirilən bu elmi-praktik toplantı tibb mütəxəssislərinin davamlı peşəkar inkişafının dəstəklənməsinə, müasir tibbi biliklərin klinik praktikaya inteqrasiyasına və ana sağlamlığının qorunmasına yönəlmiş elmi yanaşmaların təşviqinə xidmət edib və toplantı iştirakçıların mövzular ətrafında suallarının cavablandırılması, qarşılıqlı fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB