Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
Mərkəzi Gömrük Hospitalı yüksək elmi və klinik potensialı, müasir tibbi infrastrukturu və təcrübəli mütəxəssisləri ilə ölkəmizdə tibb kadrlarının hazırlanmasına mühüm töhfə verir. Tibb təhsilinin keyfiyyətinin yüksəldilməsi və gələcək həkimlərin praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Hospitalın klinik bazasında bakalavr, subbakalavr və rezidentura səviyyələrində tədris və praktiki məşğələlər təşkil olunur.
İmzalanmış əməkdaşlıq memorandumları çərçivəsində Azərbaycan Tibb Universitetinin və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbə və rezidentləri, eləcə də 1 nömrəli Bakı Tibb Kollecinin və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri Hospitalın klinik imkanlarından yararlanaraq nəzəri biliklərini möhkəmləndirir, praktiki vərdişlərini təkmilləşdirir və peşəkar təcrübə qazanırlar.
Nəzəri biliklərin real klinik təcrübə ilə birləşdirilməsi gələcək tibb mütəxəssislərinin peşəkar hazırlığında xüsusi əhəmiyyət daşıyır. Hospitalın təcrübəli həkimlərinin və elmi-pedaqoji kadrlarının iştirakı ilə keçirilən məşğələlər tələbələrə müasir diaqnostika və müalicə üsulları ilə yaxından tanış olmaq, klinik düşüncə və qərarvermə bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.
Təhsil müəssisələri ilə əməkdaşlıq yalnız klinik tədrislə məhdudlaşmır. Birgə elmi-praktiki konfransların, seminarların, sertifikatlaşdırılmış təlimlərin və tədqiqat layihələrinin həyata keçirilməsi də bu əməkdaşlığın mühüm istiqamətlərindəndir. Mərkəzi Gömrük Hospitalı üçün gələcəyin həkimlərinin yetişdirilməsində iştirak etmək yalnız peşəkar fəaliyyət deyil, həm də Azərbaycan səhiyyəsinin gələcəyinə qoyulan mühüm sərmayədir.
Fotoda: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev və kardiocərrahiyyə şöbəsinin rəisi Elməddin Əliyev Azərbaycan Tibb Universitetinin VI kurs tələbələri ilə Mərkəzi Gömrük Hospitalında keçirilən praktiki məşğələ zamanı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB