Soyuq havalarda evsiz insanların müdafiəsi üçün hansı sosial tədbirlər görülməlidir? - RƏY

Soyuq havalarda evsiz insanların müdafiəsi üçün hansı sosial tədbirlər görülməlidir? - RƏY

Son zamanlar, xüsusilə də havaların soyuqlaşması, küləkli və yağışlı günlərin sayının artması çətin həyat şəraitində olan insanların sosial müdafiəsi məsələsini gündəmə gətirir. Söhbət xüsusilə evsiz, yaşayış yeri olmayan, böyük şəhərlərə bir və ya iki günlük gələn, eləcə də baxımsız uşaqlardan və digər həssas əhali qruplarından gedir. Bu insanlara hansı formada yardım göstərmək, onları hansı xidmətlər vasitəsilə çətin həyat şəraitindən çıxarmaq mümkündür? Fikrimcə, bu suallar sosioloqları və cəmiyyətşünasları düşündürən ən vacib məsələlərdəndir.

Bu sözləri SİA-ya Fəlsəfə və Sosiologiya İnstitutunun Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin müdiri, aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad Əsgərov deyib.


O bildirib ki, belə hallarda şəhərlərdə və əhalinin yaşadığı müxtəlif ərazilərdə səyyar sığınacaqların təşkili gündəmə gəlir. Məlumdur ki, Azərbaycanda səyyar sığınacaqların fəaliyyətini əsasən qarlı, boranlı yanvar və fevral aylarında, yəni qış mövsümündə müşahidə edirik. Lakin yağışlı və küləkli havalarda bu cür sığınacaqların yaradılması və ya fəaliyyət göstərməsi ilə bağlı geniş yayılmış təcrübəyə rast gəlmirik:

“Bu tip sığınacaqlar çətin həyat şəraitində olan insanların qida ilə, o cümlədən müxtəlif şorbalar və digər isti yeməklərlə təmin olunmasına da şərait yaradır. Xüsusilə hərəkət imkanları məhdud olan insanların belə sığınacaqlara yerləşdirilməsi, isti yataqla təmin olunması və onlara yemək verilməsi onların mənəvi vəziyyətinin yaxşılaşmasına kömək edə bilər.

Digər tərəfdən, Azərbaycan cəmiyyətində, bir çox başqa ölkələrdə olduğu kimi, küçədə yaşayan uşaqlar problemi də mövcuddur. Hava isti olduqda bu uşaqlar ağacların kölgəsində, dalanlarda, parklarda və xiyabanlarda gecələmək və ya müvəqqəti sığınacaq tapmaq imkanı əldə edə bilirlər. Lakin yağışlı və küləkli havalarda onların gecələməsi və qalması daha da çətinləşir.

Bu uşaqların sosial müdafiəsinin gücləndirilməsi, əlavə reabilitasiya mərkəzlərinə yerləşdirilməsi və sağlamlıqlarına diqqət yetirilməsi vacibdir. Onların geyim, qidalanma və digər zəruri ehtiyaclarının qarşılanması, sosial-psixoloji dəstək göstərilməsi, hüquqi və iqtisadi yardımlarla təmin olunması həyat şəraitlərinin yaxşılaşmasına və çətin vəziyyətdən çıxmalarına kömək edə bilər.

Avropa ölkələrində tətbiq olunan sadaladığım bu sosial xidmətlər, xüsusilə uşaqlara, yaşlılara və çətin həyat şəraitində olan digər insanlara göstərilən yardım tədbirləri Azərbaycanda, əsasən, müəyyən mövsümlərdə zəruri ehtiyac yarandıqda, vəziyyət kəskinləşəndə və ya fövqəladə hallar zamanı həyata keçirilir. Bu xidmətlərin mütəmadi və kompleks şəkildə tətbiqinin geniş yayılmış nümunəsini ölkəmizdə müşahidə etmirik.

Belə addımların davamlı şəkildə artırılması çətin həyat şəraitində olan insanların rifahının yaxşılaşdırılmasına, sağlamlıqlarının qorunmasına və onların cəmiyyətin digər üzvləri ilə bərabər həyatlarını davam etdirmələrinə, sosial fəaliyyətlərdə iştirak etmələrinə imkan yarada bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə