Səhiyyəmizdə inteqrasiya – BAXIŞ BUCAĞI

Səhiyyəmizdə inteqrasiya – BAXIŞ BUCAĞI

Keçid dövrünün yekunu və vahid idarəetmə modelinin zəfəri

Azərbaycanın səhiyyə sistemində həyata keçirilən institusional islahatlar keyfiyyətcə yeni və strateji bir mərhələyə qədəm qoyur. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi barədə qəbul edilən son qərar ölkədə tibbi xidmətin təşkili və idarə olunmasında tam mərkəzləşdirilmiş, çevik və vahid dövlət modelinin formalaşdırılmasını təmin edir.

Bu tarixi qərarın mahiyyətini düzgün qiymətləndirmək üçün Azərbaycan səhiyyəsinin keçdiyi inkişaf dinamikasına baxmaq vacibdir.

İcbari tibbi sığorta sisteminə keçid mərhələsində TƏBİB-in yaradılması tətbiq edilən yeni maliyyələşmə və idarəetmə mexanizminin reallaşdırılması üçün qaçılmaz, eyni zamanda son dərəcə uğurlu bir addım idi. Ölkə üzrə tibb müəssisələrinin vahid şəbəkədə birləşdirilməsi, sığorta modelinin xəstəxanalara inteqrasiyası, maddi-texniki bazanın yenilənməsi və kadr potensialının qiymətləndirilməsi məhz bu keçid mərhələsində həyata keçirildi. TƏBİB öz üzərinə düşən tarixi missiyanı – icbari tibbi sığortanın ilkin tətbiqi və struktur formalaşması mərhələsini uğurla başa vurdu.
Lakin hər bir islahat zamanın və sistemin tələblərinə uyğun olaraq növbəti inkişaf fazasına keçməlidir. Bu gün icbari tibbi sığortanın bütün ölkə ərazisində tam bərqərar olması, keçid dövrünün başa çatdığını və artıq daha qlobal, vahid və mərkəzləşdirilmiş idarəetmə mərhələsinə adlamağın vaxtı çatdığını göstərir.

Bəs, vahid strateji idarəetmə və səhiyyə islahatının hədəfləri nədir? TƏBİB-in Səhiyyə Nazirliyinin strukturlarına inteqrasiya olunması səhiyyə sistemində parallelliyi aradan qaldırır, dövlətin səhiyyə siyasətini tək mərkəzdən idarə olunan vahid mexanizmə çevirir. Bu institusional qərar bir neçə əsas strateji hədəfə söykənir. Birincisi, vahid strateji idarəetmənin formalaşdırılmasıdır. Səhiyyə sisteminin inkişafı üzrə dağınıq yanaşmalara son qoyulur, vahid dövlət strategiyası çərçivəsində idarəetmə koordinasiyası maksimum dərəcədə gücləndirilir.

İkincisi, məsuliyyət və hesabatlılığın artırılmasıdır. Səhiyyə xidmətlərinin keyfiyyəti, xəstəxanaların fəaliyyəti və vətəndaş məmnunluğu üzrə yekun cavabdehlik mərkəzi kimi Səhiyyə Nazirliyinin vahid məsuliyyət mexanizmi bərqərar olunur.

Üçüncüsü, idarəetmə proseslərinin optimallaşdırılmasıdır. İki fərqli qurum arasında təkrarlanan funksiyalar aradan qaldırılır, bürokratik engəllər azaldılır və səhiyyə ilə bağlı strateji qərarların qəbulu sürətləndirilir.

Dördübcüsü, tibbi xidmətlərin keyfiyyətinə vahid yanaşmadır. Ölkənin bütün dövlət tibb müəssisələrində eyni keyfiyyət standartları, vahid klinik protokol və nəticəyönümlü qiymətləndirmə mexanizmləri tətbiq olunur.

Beşincisi, əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasıdır. Səhiyyənin fəaliyyəti statistik rəqəmlərə yox, bilavasitə əhalinin sağlamlıq nəticələrinə və ömür uzunluğunun artırılmasına əsaslanan yanaşma üzərində qurulur.

Altıncısı, səhiyyədə rəqəmsal inteqrasiyanın gücləndirilməsidir. Müxtəlif platformalarda olan elektron səhiyyə və pasiyent bazaları tam inteqrasiya edilir, rəqəmsal idarəetmə imkanları genişləndirilir.

Yeddincisi, islahatlara kompleks və əlaqələndirilmiş yanaşmadır. Səhiyyənin müxtəlif sahələrində (profilaktika, müalicə, reabilitasiya, elmi araşdırmalar) aparılan islahatlar bir-birini tamamlayan vahid zəncir formasında icra edilir.
Səkkizincisi, tibbi təhsillə sistem ehtiyaclarının uzlaşdırılmasıdır. Tibb kadrlarının (həkim, orta tibb personalı) hazırlanması, ixtisaslaşması və peşəkar inkişafı ölkənin real səhiyyə ehtiyaclarına və xəstəxanalardakı kadr kəsrinə uyğunlaşdırılır.

Nəticədə vətəndaşın məmnunluğuna yönəlmiş müasir model qurulacaq. TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi sadəcə struktur dəyişikliyi deyil, səhiyyə idarəetməsində keyfiyyət sıçrayışıdır. Bu addım nəticəsində çevik və operaiv qərar qəbulu mexanizmi formalaşır, dövlət büdcəsi və sığorta vəsaitlərinin idarə edilməsində maliyyə dayanıqlılığı artır, ən əsası, pasiyent üçün səhiyyə xidmətinə əlçatanlıq rahatlaşır və vətəndaş məmnunluğu sistemin əsas qiymətləndirmə meyarına çevrilir.

Beləliklə, keçid dövrünün başa çatması ilə Azərbaycan səhiyyəsi müasir, çevik, koordinasiyalı və vahid mərkəzdən idarə olunan modern dövlət modelinə imza atır.

V.VƏLİLİ

Bütün xəbərlər Facebook səhifəmizdə