“Cənab Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə Bakıdakı görüşü və Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin istismara verilməsi Avrasiya məkanında geosiyasi və geoiqtisadi arxitekturanın keyfiyyətcə yeni mərhələyə keçidini nümayiş etdirən mühüm siyasi-hüquqi hadisədir. Bu təşəbbüslər həm ikitərəfli müttəfiqlik əlaqələrinin hüquqi bazasının dərinləşməsini, həm də regional inteqrasiya proseslərinin institusional çərçivəsinin genişlənməsini təmin edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, siyasi aspektdən yanaşdıqda, AQEM Zirvə görüşü çərçivəsində baş tutan bu təmaslar iki ölkənin qlobal təhlükəsizlik və tərəqqi gündəliyindəki həmrəyliyini vurğulayır:
“Azərbaycan və Qazaxıstanın Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarını birləşdirən aparıcı aktorlar kimi çıxış etməsi, onların xarici siyasət kursunda suveren bərabərlik, qarşılıqlı etimad və praqmatik əməkdaşlıq prinsiplərini üstün tutduğunu göstərir. Hər iki dövlət beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirərək, nəqliyyat və kommunikasiya dəhlizlərinin şaxələndirilməsində həlledici rol oynayır. Hüquqi və institusional müstəvidə isə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin, yəni Orta Dəhlizin inkişafına dair imzalanmış sazişlərin mübadiləsi dövlətlərarası tənzimləmənin yeni müstəviyə daşındığını göstərir. “Rəqəmsal İpək Yolu” təşəbbüsünün tərkib hissəsi olan bu kabel xətti beynəlxalq telekommunikasiya hüququ və rəqəmsal təhlükəsizlik standartları çərçivəsində tərəflərin hüquqi öhdəliklərini konkret praktiki müstəviyə gətirir. Sumqayıt və Aktau arasında Xəzər dənizinin dibi ilə çəkilmiş 380 kilometrlik bu strateji xətt ölkələrin milli yurisdiksiyası daxilində informasiya təhlükəsizliyinin və rəqəmsal suverenliyin təmin edilməsi baxımından mühüm hüquqi-texnoloji bazadır. Eyni zamanda, bu layihə Avropa ilə Asiya arasında məlumat mübadiləsini tənzimləyən beynəlxalq müqavilələrin şaxələndirilməsinə və tranzit hüquqlarının tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir.
İqtisadi-hüquqi baxımdan mühüm məqamlardan biri də fiziki logistika infrastrukturuv ilə rəqəmsal infrastrukturun sinxronlaşdırılmasıdır. Dövlət başçılarının iştirakı ilə AZCON holdinq ilə “Samruk-Kazına” Səhmdar Cəmiyyəti arasında quru yük gəmilərinin əldə olunmasına dair sənədlərin mübadiləsi göstərir ki, tərəflər Orta Dəhlizi yalnız ənənəvi daşımalar marşrutu kimi deyil, həm də dəniz nəqliyyatı hüququ və kommersiya müqavilələri ilə tənzimlənən kompleks logistik ekosistem kimi formalaşdırırlar. Bu, investisiyaların qarşılıqlı qorunması, birgə müəssisələrin hüquqi statusu və beynəlxalq ticarət hüququnun tələblərinə uyğun olaraq iqtisadi fəaliyyətin tənzimlənməsi üçün möhkəm zəmin yaradır.
Yəni bu strateji addımlar Azərbaycan və Qazaxıstanın regional təhlükəsizlik, rəqəmsal transformasiya və nəqliyyat logistikası sahəsində regional liderlik mövqelərini hüquqi və siyasi müstəvidə təsbit edir. Həm ənənəvi nəqliyyat arteriyalarının, həm də rəqəmsal magistralların birgə inkişaf etdirilməsi Avrasiya qitəsində geosiyasi tarazlığın qorunmasına, iqtisadi dayanıqlılığın artırılmasına və dövlətlərarası münasibətlərin müttəfiqlik səviyyəsində hüquqi təminat altına alınmasına xidmət edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB