Yeni tikililərdə mənzillər sahiblərinə təhvil verildikdən və bina istismara qəbul olunduqdan sonra onun idarə edilməsinin hələ də tikinti şirkətinin yaratdığı MTK tərəfindən həyata keçirilməsi ilə bağlı suallar yaranır.
Qanunvericilik baxımından isə binanın idarə olunması ilə bağlı mülkiyyətçilərin hüquqları və müştərək idarəetmə mexanizmləri nəzərdə tutulur.
Bəs bina tam başa çatdıqdan və istismara qəbul edildikdən sonra MTK-nın fəaliyyətini davam etdirməsi nə dərəcədə əsaslıdır?
Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirli SİA-ya açıqlamasında bildirib ki, yeni tikilən binalarda və yaşayış komplekslərində tikinti şirkətləri tikinti başa çatdıqdan və binalar təhvil verildikdən sonra da həmin ərazilərdə və binalarda göstərilən xidmətlərin idarə edilməsini öz üzərlərində saxlayırlar:
“Bu isə bir çox hallarda vətəndaşların haqlı narazılığına səbəb olur. Vətəndaşlar çox vaxt MTK-larla aralarında müqavilə olmadığı halda onlardan pul yığılmasından şikayət edirlər. Digər bir narazılıq səbəbi isə xidmətlərin lazımi qaydada təşkil olunmaması və xidmət haqlarının baha olmasıdır.
Belə halların qarşısını almaq üçün həmin binada və ya kompleksdə yaşayan sakinlər bir araya gələrək ümumi yığıncaq keçirməli və özünüidarəetməyə keçidlə bağlı qərar qəbul etməlidirlər. Bunun üçün səsvermə keçirilməlidir. Əgər binada yaşayan sakinlərin 50 faizindən çoxu özünüidarəetməyə keçidi dəstəkləyərsə, ümumi yığıncağın qərarı ilə müvafiq idarəetmə orqanı yaradıla və binanın idarə olunması sakinlərin özlərinə həvalə edilə bilər.
Özünüidarəetməyə keçdikdən sonra sakinlər kommunal və digər xidmət haqlarının məbləğini ümumi yığıncaqlarda səsvermə yolu ilə müəyyənləşdirə bilərlər. Eyni zamanda, binanın təmizliyi, abadlığı və digər məsələlərlə bağlı qərarları da özləri qəbul edə bilərlər. Bu xidmətlər üçün ayrılacaq vəsaitin məbləği də sakinlərin birgə qərarı əsasında müəyyənləşdirilə bilər.
Beləliklə, sakinlər vəsaitin hara və nə qədər xərcləndiyini şəffaf şəkildə izləmək imkanı əldə edirlər. Başqa sözlə, özünüidarəetmənin əsas üstünlüklərindən biri maliyyə şəffaflığının təmin olunması və xərclərə sakinlərin özlərinin nəzarət etməsidir.
Praktikada da görünür ki, özünüidarəetməyə keçən yaşayış binalarında və komplekslərdə xidmət haqları bəzi hallarda tikinti şirkətlərinin müəyyən etdiyi məbləğlərlə müqayisədə aşağı salınır və sakinlərin maddi imkanlarına uyğunlaşdırılır.
Hər hansı narazılıq və ya mübahisə yarandıqda isə sakinlərin yaratdığı idarəetmə orqanı müvafiq hüquqi prosedurlardan istifadə etməklə, zərurət yarandıqda məhkəməyə müraciət edərək məsələnin hüquqi müstəvidə həllinə nail ola bilər.
Xüsusilə qeyd etmək istərdim ki, binada yaşayan sakinlərin 50 faizindən çoxu özünüidarəetmənin tərəfdarı olarsa və buna könüllü şəkildə səs verərsə, ümumi yığıncağın qərarı əsasında binanın sakinlərin yaratdığı idarəetmə orqanı tərəfindən idarə olunması təşkil edilə bilər.
Bu müzakirələr və səsvermənin nəticələri rəsmi protokol şəklində rəsmiləşdirilməlidir. Ümumi yığıncaq zamanı yaradılacaq qurumun adı və binanın dəqiq ünvanı müəyyənləşdirilməli, idarəetmə orqanının strukturu, ümumi yığıncağın sədri və digər məsul şəxslər seçilərək təsdiq olunmalıdır. Həmçinin üzvlük haqları, ümumi xərclərin hesablanması və maliyyə qaydaları müəyyənləşdirilməli, mülkiyyətçilərin hüquq və vəzifələri konkret şəkildə göstərilməlidir.
Daha sonra qeydiyyat üçün tələb olunan sənədlər, o cümlədən ümumi yığıncağın protokolu, nizamnamə, qəbul edilmiş qərarlar və müvafiq şəxslərin imzaları hazırlanaraq Ədliyyə Nazirliyinə və ya ASAN xidmət mərkəzlərinə təqdim olunur.
Adətən, qeydiyyat prosesi 2–5 iş günü çəkir. Qeydiyyat başa çatdıqdan sonra müvafiq möhür əldə edilir və idarəetmə orqanı fəaliyyətə başlaya bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB