"Fransada sosial narazılıq genişmiqyaslı siyasi proseslərə çevrilə bilər" - POLİTOLOQ

"Fransada sosial narazılıq genişmiqyaslı siyasi proseslərə çevrilə bilər" - POLİTOLOQ

"Fransada baş verən tələbə etirazlarının digər Avropa ölkələrinə yayılması ehtimalını da nəzərə almaq lazımdır. Fransada yaxınlaşan seçkilər fonunda Prezident Emmanuel Makronun həyata keçirdiyi sərt sosial-iqtisadi siyasət gənclərin, tələbələrin və əmək kollektivlərinin narazılığını artırır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, vaxtilə “Sarı jiletlilər” hərəkatı ilə müşahidə olunan etiraz dalğası göstərdi ki, Fransada sosial narazılıq genişmiqyaslı siyasi proseslərə çevrilə bilər:

"Oxşar etirazların Albaniya və İtaliya kimi ölkələrdə də müşahidə olunması Avropada sosial və siyasi gərginliyin artdığını göstərir. Bununla belə, ayrı-ayrı ölkələrdə baş verən etirazları vahid mərkəzdən idarə olunan proses kimi qiymətləndirmək üçün konkret sübutlar tələb olunur. Eyni zamanda, mövcud narazılıqların bəzi siyasi qüvvələr tərəfindən öz maraqları naminə istifadə edilməsi ehtimalını da istisna etmək olmaz.

Fransada bu proseslərin siyasi nəticələri baxımından Marin Le Penin rəhbərlik etdiyi Milli Birlik partiyasının mövqeyi xüsusi diqqət çəkir. Miqrasiya məsələsində sərt mövqe tutan və Rusiya ilə münasibətlərə dair yanaşması müzakirələrə səbəb olan bu siyasi qüvvənin yüksəlişi Fransanın gələcək xarici və daxili siyasətinə təsir göstərə bilər. Lakin etirazların avtomatik olaraq sağçı və ifrat sağçı partiyaların hakimiyyətə gəlməsinə şərait yaradacağını söyləmək düzgün olmaz. Bunun üçün seçicilərin davranışı, partiyaların mövqeləri və seçki nəticələri həlledici rol oynayacaq.

Ümumilikdə, Fransada və digər Avropa ölkələrində müşahidə olunan etirazlar təkcə ayrı-ayrı hökumətlərin siyasəti ilə bağlı deyil, həm də sosial bərabərsizlik, yaşayış xərclərinin artması, məşğulluq problemləri və siyasi institutlara inamın zəifləməsi kimi daha geniş problemlərlə əlaqəlidir. Bu narazılıqların digər ölkələrə yayılması mümkündür. Əsas məsələ isə Avropa hökumətlərinin sosial tələblərə necə cavab verəcəyi və yaranmış gərginliyin siyasi qütbləşməni nə dərəcədə gücləndirəcəyidir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə