“Şoppinq stressi müvəqqəti azaldır, xoşbəxt olmaq üçünsə sağlam yollar tapılmalıdır” - PSİXOLOQ DANIŞDI
”Bəzən emosional gərginlik və stress yaşadığımız zaman emosional alış-verişə üz tuturuq. Çünki insan bəzi hallarda əşya almaqla deyil, əslində, diqqət görmək, özünü yaxşı hiss etmək və daxili boşluğunu doldurmaq istəyir. Buna görə də əsas məsələ nə qədər alış-veriş etməyimiz deyil, aldığımız əşyalara həqiqətən ehtiyacımızın olub-olmamasıdır”.
Bu sözləri ailə və uşaq psixoloqu Aynur İsmayılova SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, bəzən özümüzü yaxşı hiss etmək, stressdən uzaqlaşmaq və emosional ehtiyaclarımızı qarşılamaq üçün alış-veriş edirik:
”Lakin bu zaman aldığımız əşyalar həqiqi ehtiyaclarımızı qarşılamaya bilər. Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu olan bəzi insanlarda da impulsiv alış-verişə meyillilik müşahidə oluna bilər. Bu davranış təkrarlanaraq vərdişə çevrildikdə insan lazımsız alış-verişdən uzaq durmaqda çətinlik çəkə bilər.
Beləliklə, emosional alış-veriş həm maddi itkilərə səbəb olur, həm də bəzi hallarda psixoloji baxımdan asılılıq yaradan davranış formasına çevrilə bilər. İnsan bu zaman özünə sual verməlidir: “Mən hazırda emosional boşluq yaşayıram və ya stress keçirirəmsə, yeni çanta və ya paltar almaq həqiqətən bu vəziyyətdən çıxmağıma kömək edəcəkmi?”
Əslində, belə anlarda insanın özünə və daxili vəziyyətinə diqqət yetirməsi vacibdir. Onu narahat edən səbəbləri müəyyənləşdirmək, stressin mənbəyini anlamaq və alternativ həll yolları axtarmaq lazımdır. Bunun üçün insan öz hisslərini yazıya ala, onu narahat edən problemləri təhlil edə və həmin problemlərin həlli üçün konkret addımlar planlaşdıra bilər.
Əgər insan öz qarşısına nə olursa-olsun nəsə almaq məqsədi qoyursa, bəzən aldığı əşyalardan heç istifadə etmir. Nəticədə həm pul itkisi yaranır, həm də istifadə olunmayan əşyalar əlavə yükə çevrilir. İnsan dolabını müxtəlif geyim və əşyalarla doldursa da, bu, onun daxilindəki emosional boşluğu aradan qaldırmır.
Ona görə də stressdən çıxmaq üçün öz daxili resurslarımızı və gücümüzü işə salmalıyıq. Bizi narahat edən problemi müəyyənləşdirməli, onun həlli üçün plan qurmalı və zəruri hallarda stress yaradan mühitdən uzaqlaşmalıyıq. Çünki gündəlik həyatda stress və münaqişələrlə yenidən qarşılaşa bilərik. Hər dəfə bu vəziyyətlərdən çıxmaq üçün alış-verişə üz tutmaq əvəzinə, problemlərlə sağlam mübarizə üsullarını öyrənmək daha faydalıdır.
Əsas məqsəd emosional ehtiyaclarımızı alış-veriş vasitəsilə deyil, özümüzü anlamaq, problemlərimizi həll etmək və daxili resurslarımızdan istifadə etməklə qarşılamaqdır. Belə olduqda həm maddi itkilərin qarşısını ala, həm də ehtiyacımız olmadığı halda aldığımız əşyaların sonradan yükə çevrilməsindən qaça bilərik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB