"İki qardaş ölkə arasında müəyyən məsələlərdə fərqli mövqelərin olması təbiidir" - ŞƏRH EDİLDİ
"Son dövrlər Azərbaycan-Türkiyə münasibətlərinin dəyişməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Əminəm ki, bu fikirlərin böyük əksəriyyəti süni şəkildə yaradılan xaosun tərkib hissəsidir və manipulyasiya xarakteri daşıyır. Gördüyünüz kimi, bu iddialar əsasən sosial şəbəkələrdə yayılır və ciddi əsasa söykənmir. Azərbaycan-Türkiyə münasibətləri iki dövlət arasında formalaşmış münasibətlərdir. Nə Azərbaycanın, nə də Türkiyənin dövlətlərarası əlaqələri ayrı-ayrı bloqerlərin və ya sosial şəbəkə istifadəçilərinin yazdıqları və söylədikləri ilə dəyişə bilər".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
_(1).jpg)
Onun sözlərinə görə, məsələnin digər tərəfi hicab məsələsi ilə bağlıdır. Azərbaycanda din dövlətdən ayrıdır, hər kəsin vicdan və dini etiqad azadlığı var. Lakin vahid məktəbli formasının tətbiqini hicabın qadağan edilməsi kimi təqdim etmək düzgün deyil:
"Hesab edirəm ki, xüsusilə ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiqi tədris prosesinin keyfiyyətinə müsbət təsir göstərən amillərdəndir. Bunu əvvəllər də efirdə qeyd etmişəm. Aşağı siniflərdə şagirdlərin diqqəti daha tez yayına bilir. Eyni zamanda, uşaqlar bəzi hallarda hicabın mahiyyətini tam anlamırlar. Bu isə hicab taxan şagirdin bilərəkdən və ya bilməyərəkdən təhqir olunmasına, yaxud ona qarşı fərqli münasibətin yaranmasına səbəb ola bilər.
Digər tərəfdən, əgər hicabla məktəbə gəlməyə icazə verilirsə, onda digər dini simvollarla bağlı yanaşma necə müəyyənləşdirilməlidir? Məsələn, xristian şagirdin boynunda xaç gəzdirməsinə və ya başqa dini atributlardan istifadəyə necə yanaşılmalıdır? Eyni zamanda, vahid məktəbli formasının digər tələbləri də nəzərə alınmalıdır. Əks halda, vahid forma prinsipinin tətbiqində çətinliklər yarana bilər. Mən bunu ali məktəb müəllimi kimi də tam səmimiyyətlə deyirəm: tədris prosesinin keyfiyyəti müəyyən mənada geyim qaydalarından və təhsil mühitindəki nizam-intizamdan da asılıdır. Bu, həm müəllimlərə, həm də şagird və tələbələrə aiddir.
Məsələnin digər tərəfi budur ki, bu, Azərbaycanın daxili işidir. Türkiyənin Azərbaycanın daxili işlərinə qarışdığını söyləmək düzgün olmaz. Mən belə bir iddia irəli sürmürəm. Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Lakin qardaşlar arasında da fikir ayrılıqları ola bilər. Hətta kiçik bir ailədə belə bəzən insanlar müəyyən məsələlərdə fərqli düşünür, bir-birinin fikirləri ilə razılaşmırlar. Bu, onların bir-birinə düşmən olması demək deyil.
Eyni yanaşma Azərbaycan-Türkiyə münasibətlərinə də aiddir. Ola bilər ki, iki ölkənin xarici siyasətində müəyyən məsələlərlə bağlı fikir ayrılıqları mövcud olsun. Lakin bu, qardaş ölkələrin düşmənə çevrilməsi demək deyil. Hər hansı üçüncü tərəfin belə fikir ayrılıqlarından istifadə etməyə çalışması da düzgün yanaşma deyil. Fikir ayrılıqları varsa, onların həlli üçün imkanlar da mövcuddur".
Siyasi şərhçi qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 18-də Azərbaycanla bağlı səsləndirdiyi fikirləri xatırlatmaq istəyirəm:
"O, Qarabağla bağlı İlham Əliyevə və Azərbaycan xalqına salamlarını çatdırdı. Bu cür mesajları iki ölkə arasındakı münasibətlərin və liderlər arasında qarşılıqlı hörmətin göstəricisi kimi qiymətləndirmək olar. Əgər hər iki ölkənin lideri münasibətlərin müsbət istiqamətdə davam etməsində maraqlıdırsa, biz də media nümayəndələri olaraq məsuliyyətimizi dərk etməli və məsələlərə obyektiv yanaşmalıyıq. Mən bir Azərbaycan jurnalisti kimi hesab edirəm ki, ölkələrimiz arasındakı münasibətlər yaxşıdır və bunu göstərən nümunələr mövcuddur.
Azərbaycan nə Sudandır, nə Liviyadır, nə də Suriyadır. Bu ölkələrin hər birinin özünəməxsus siyasi və tarixi şəraiti var. Suriyadakı vəziyyət fərqli idi. Suriya uzun müddət suverenliyi və dövlət idarəçiliyi ilə bağlı ciddi problemlərlə üzləşmişdi. Türkiyə Suriyadakı proseslərdə müəyyən qüvvələrə dəstək göstərib. Əhməd əş-Şaranın hakimiyyətə gəlməsi və Suriyanın müstəqilliyini bərpa etməsi ilə bağlı proseslər də bu kontekstdə nəzərdən keçirilə bilər.
Liviya və Sudanla bağlı da Türkiyə zaman-zaman hərbi müdaxilələrdən çəkinməyib. Lakin Azərbaycanla bağlı vəziyyət fərqlidir və bu ölkələri Azərbaycanla müqayisə etməyin düzgün olduğunu düşünmürəm.
Liviya və Sudanla bağlı da Türkiyə zaman-zaman hərbi müdaxilələrdən çəkinməyib. Lakin Azərbaycanla bağlı vəziyyət tamamilə fərqlidir. Bu ölkələri Azərbaycanla müqayisə etməyin düzgün olduğunu düşünmürəm.
Biz bir millət, iki dövlətik. Bununla belə, Azərbaycan və Türkiyə iki müstəqil dövlətdir. Azərbaycan zaman-zaman Türkiyəyə dəstək göstərib və bunu heç kim unutmamalıdır. Bəzən Türkiyənin Azərbaycana dəstək verdiyi vurğulanır, lakin Azərbaycanın da Türkiyəyə dəstək göstərdiyi unudulmamalıdır. Azərbaycan Türkiyəyə, Türkiyə də Azərbaycana dəstək verir. Belə də olmalıdır. Bundan daha təbii nə ola bilər?
Ümid edirəm ki, suallarınıza ətraflı cavab verə bildim. Azərbaycanın milli təhlükəsizliyi baxımından hər hansı təhdidin mövcud olduğunu düşünmürəm. Azərbaycanın milli təhlükəsizliyi təmin olunub. Azərbaycan dövlətinin bəzi Türkiyə vətəndaşlarını axtarışa verməsi ilə bağlı məlumatlar da yayılıb. Əgər həmin şəxslərin qanun pozuntuları ilə bağlı əsaslı iddialar varsa, məsələyə hüquqi müstəvidə yanaşılmalıdır. Həmin şəxslər, ilk növbədə, Türkiyədə məsuliyyətə cəlb edilməlidirlər.
Çünki Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Bu qardaşlıq təkcə hakimiyyətlər arasında deyil, xalqlarımız arasında da mövcuddur. Türkiyə cəmiyyətinin etnik baxımdan rəngarəng olduğunu da nəzərə almaq lazımdır. Azərbaycanla Türkiyə arasında mövcud olan xüsusi müttəfiqlik münasibətləri Azərbaycanın milli təhlükəsizliyi üçün əlavə dəstək və təminatdır. İnanıram ki, bu təminat gələcəkdə də uzun illər davam edəcək.
Bir məqama da toxunmaq istəyirəm. Bunlar çox vacib məsələlərdir. Azərbaycanda AGM adlı tədbir keçirildi. Tədbirin tam adını hazırda xatırlamıram. Daha sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana gəldi. Ehtimal edirəm ki, xaricdəki bəzi dairələr bu məsələdən də istifadə edərək müəyyən manipulyasiyalara əl atacaqlar.
Məsələn, İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana gəldiyini, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə gəlməyərək ölkəsini xarici işlər naziri Hakan Fidanın təmsil etdiyini önə çəkə bilərlər. Həmçinin Fidanın Ceyhun Bayramov tərəfindən deyil, Fərid Qayıbov tərəfindən qəbul olunmasını müzakirə mövzusuna çevirə bilərlər. Bütün bunları Azərbaycan-Türkiyə münasibətlərinin pisləşməsinin göstəricisi kimi təqdim etməyə çalışa bilərlər. Halbuki bu cür yanaşmalar əsassızdır və manipulyasiya xarakteri daşıyır.
Mən bunları indidən ona görə deyirəm ki, belə iddiaların gündəmə gətiriləcəyini ehtimal edirəm. İctimai rəy çox vaxt ilkin yayılan məlumatların təsiri altında formalaşır. Buna görə də bir jurnalist kimi məsələyə əvvəlcədən aydınlıq gətirməyi vacib sayıram.
Ərdoğanın səfərdə iştirak etməməsinin müxtəlif səbəbləri ola bilər. O, səhhəti ilə əlaqədar və ya başqa bir toplantıda iştirak etdiyinə görə Azərbaycana gəlməyə bilərdi. Hakan Fidan isə Türkiyənin xarici siyasətində mühüm rol oynayan, ölkənin siyasi və diplomatik kursunu yaxşı bilən şəxsdir. Onun Azərbaycana göndərilməsi tamamilə normal addımdır.
Türkiyədə keçirilən bəzi tədbirlərdə Azərbaycanı ölkə rəhbərliyinin adından xarici işlər naziri Ceyhun Bayramov da təmsil edir. Eyni qaydada, Azərbaycanda keçirilən tədbirdə Hakan Fidanın Fərid Qayıbov tərəfindən qəbul olunmasında qeyri-adi heç nə yoxdur. Burada hər hansı protokol pozuntusunun olduğunu düşünmürəm.
Eyni zamanda, iclas zamanı İsrail Prezidenti Hersoqun çıxışı zamanı Hakan Fidanın zalı tərk etməsi də Türkiyənin öz mövqeyi ilə bağlı məsələdir. Bunu Azərbaycanın mövqeyi ilə əlaqələndirmək düzgün deyil.
Bir sözlə, Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan qüvvələr var və bu cür cəhdlərə qarşı diqqətli olmalıyıq.
Başqa bir məsələ də Ermənistan-Türkiyə münasibətləri ilə bağlıdır. Hazırda Ermənistanın Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çalışdığı, sərhədlərin açılmasına hazır olduğu barədə fikirlər səsləndirilir. Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilə qədər imzalanacağı barədə fikir səsləndirdiyi iddia olunur. Bəzi şəxslər bu iki məsələ arasında əlaqə yaradaraq Ermənistanın Türkiyə ilə yaxınlaşmaqla Azərbaycanla sülh sazişinin imzalanmasını uzatdığını irəli sürürlər.
Mən bu cür yanaşmaları əsassız və mənasız hesab edirəm. Təəssüf ki, ictimai rəy bəzən yanlış istiqamətə yönəldilir. Bu məsələləri ətraflı izah etməkdə məqsədim odur ki, Azərbaycanla bağlı yayılan dezinformasiyalara deyil, məntiqə və soyuqqanlı təfəkkürə əsaslanmağın vacibliyini vurğulayım.
Çünki hazırkı mərhələdə belə dezinformasiyalara inanılması və ictimai rəyin yanlış istiqamətə yönəldilməsi gələcəkdə milli təhlükəsizliyimiz üçün təhdid yarada bilər. Biz bunun qarşısını almalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB