"TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi vahid idarəetmə modelinə keçidi sürətləndirəcək" - DEPUTAT DANIŞDI
"5 il öncə icbari tibbi sığorta sisteminin bütün ölkə ərazisi üzrə tətbiqi Azərbaycanın səhiyyə sistemində mühüm institusional islahat idi. Bunun əsas səbəbi yalnız səhiyyənin maliyyələşdirilməsi deyil, həm də əhalinin tibbi xidmətlərə çıxışını yaxşılaşdırmaq, maliyyə maneələrini azaltmaq və mövcud səhiyyə resurslarından daha səmərəli istifadə etmək zərurəti idi".
Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.
_(2).jpg)
Onun sözlərinə görə, islahatdan əvvəl əsas problemlərdən biri əhali üçün tibbi xidmətlərə çıxışda maliyyə maneələrinin olması idi. Eyni zamanda, tibb müəssisələrinin maliyyələşdirilməsi onları xidmətlərin həcmini və keyfiyyətini artırmağa kifayət qədər stimullaşdırmırdı:
"Icbari tibbi sığorta səhiyyə vəsaitlərinin vahid fond şəklində toplanması, həmin vəsaitlərin əhali üçün müəyyən edilmiş xidmətlərə yönəldilməsi, tibb müəssisələrinin nəticə və xidmət keyfiyyətinə əsaslanan maliyyələşdirilməsinə keçid və əhalinin tibbi xidmətlərə daha əlçatan çıxışının təmin edilməsi üçün institusional əsas formalaşdı.
İcbari sığorta fondunun strateji alıcı kimi çıxış etməsi səhiyyə xidmətlərinin hansı həcmdə, hansı keyfiyyətdə və hansı tibb müəssisələrindən alınmasına daha məqsədyönlü yanaşma yaratmalı idi.
TƏBİB-in yaradılması bu islahatın digər mühüm tərəfini – səhiyyə xidmətlərinin idarə olunmasını – təmin etdi. TƏBİB səhiyyə sistemində daha aydın idarəetmə və məsuliyyət mexanizminin formalaşmasına imkan verdi. Bu, xüsusilə vacib idi, çünki Azərbaycan səhiyyə sistemi uzun müddət əsasən xəstəxana yönümlü modelə əsaslanırdı. Yeni yanaşmada isə ailə həkimi və ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və profilaktikaya daha çox diqqət ayrılması nəzərdə tutulurdu. TƏBİB missiyasını tamamladı, keçid dövrünün operativ idarəçisindən vahid strateji sistemin tərkib hissəsinə inteqrasiya etdi.
Yeni islahatın məqsədi səhiyyə idarəetmə sisteminin vahid struktura çevrilməsi, bununla da, səmərəliliyin artırılması, ən əsası isə vətəndaş üçün daha əlçatan, keyfiyyətli və nəticəyönümlü tibbi xidmətin təmin edilməsi, vətəndaş məmnunluğunun artırılmasıdır.
TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi səhiyyə sistemində struktur dəyişikliklərindən daha çox, vahid strateji idarəetməyə, daha aydın məsuliyyət, daha güclü koordinasiya və nəticəyönümlü səhiyyə modelinə keçirilməsi baxımından əhəmiyyətlidir.
Bəzi xəstəliklərin müalicəsi iki qurum arasında bölünmüşdü, bu isə idarəetmədə, data-nın toplanmasında çətinliklər yaradırdı. Vətəndaş bəzən qurumların səlahiyyətləri arasında bölgünü qarışdırırdı, xüsusilə müraciətlərin doğru ünvana çatdırılması ilə bağlı problemlər yaranırdı. Vahid idarəetmə ilə həm tibbi xidmətlərin təşkili, həm ölkə üzrə dərmanların, tibbi avadanlıqların satınalınması, qeydiyyatı və bölgüsü, həm də, kadrların təlimi, sertifikasiyası, işlə təminatı məsələlərinə Səhiyyə Nazirliyi məsul olacaq. Bundan başqa, səhiyyə siyasətlərinin formalaşdırılması, strategiya planlarının hazırlanması, eləcə də, qanunvericilik təşəbbüsləri vahid qurum tərəfindən irəli sürüləcək.
Dünya praktikasında da belədir, icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsidir və həmin quruma tabedir, səhiyyə məsələləri isə digər vahid qurumun səlahiyyətindədir. Təbii ki, icbari tibbi sığorta sisteminin ölkə üzrə tam qavranılması, sistemin oturuşması üçün müəyyən vaxt lazım olur, bu mənada TƏBİB keçid missiyasını uğurla tamamladı və daha təkmil idarəetmə modelinə keçid etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB