"Azərbaycanın tarixi nailiyyətləri xalqımızın iradəsi və dövlət rəhbərliyinin fəaliyyəti ilə bağlıdır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycanın tarixi nailiyyətləri xalqımızın iradəsi və dövlət rəhbərliyinin fəaliyyəti ilə bağlıdır" - POLİTOLOQ ŞƏRH ETDİ

"18 Oktyabr Azərbaycanın tarixində şanlı səhifələrdən biridir. Çünki Azərbaycan xalqı uzun illər Sovet İttifaqının tərkibində, ondan əvvəl isə müxtəlif siyasi qurumların hakimiyyəti altında yaşayıb. Təəssüf ki, bu qurumlar bir çox hallarda öz maraqlarını güdərək Azərbaycan xalqını həmin maraqlara xidmət etməyə məcbur ediblər. Buna görə də Azərbaycanın tarixi onilliklər ərzində ziddiyyətlərlə zəngin olub".

Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, həmin dövrlərdə müəyyən nailiyyətlər əldə edilib. Lakin qeyd etmək lazımdır ki, bu nailiyyətlərin bir çoxu Azərbaycan xalqının iradəsi, əzmkarlığı və potensialı hesabına mümkün olub. Ona görə də əldə olunan uğurları birbaşa hansısa siyasi qurumun fəaliyyəti ilə əlaqələndirmək və Azərbaycanın yalnız Rusiyanın və ya Sovet İttifaqının tərkibində olduğu üçün inkişaf etdiyini söyləmək düzgün yanaşma deyil:

"18 Oktyabr bizim üçün tarixi gündür. Bu tarixdən sonra Azərbaycan müstəqil inkişaf yoluna qədəm qoyub. Həmin yol isə heç də asan olmayıb. Müstəqilliyin ilk illərindən etibarən ölkəmiz müxtəlif təlatümlər, çətinliklər və çağırışlarla üzləşib. Lakin bu sınaqlar Azərbaycan xalqını daha da möhkəmləndirib və xalqımız yaranmış vəziyyətlərdən çıxış yolları tapmağa çalışıb.

Bir daha vurğulamaq istəyirəm ki, əsas məsələ problemlərin mövcudluğu deyil, onların necə həll olunmasıdır. Azərbaycan iqtisadi çətinliklərdən uğurla çıxıb, uzun illər davam edən işğala son qoyub və separatizmi aradan qaldırıb. Azərbaycanın müasir tarixini təhlil edərkən Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəsna xidmətlərini qeyd etməmək mümkün deyil. Həyata keçirilən siyasət ölkənin qarşılaşdığı bir sıra mühüm problemlərin həllinə imkan yaradıb.

Bununla belə, qarşıda hələ də müxtəlif çağırışlar mövcuddur. Bu çağırışlar həm daxili, həm də xarici xarakter daşıyır. Əsas məsələ Azərbaycan cəmiyyətinin və dövlətinin həmin çağırışlara nə dərəcədə hazır olmasıdır. Düşünürəm ki, xalqımızın müdrikliyi və dövlət rəhbərliyinin problemlərə yanaşma tərzi bu sınaqların öhdəsindən gəlməyə imkan verəcək. İnanıram ki, 18 oktyabr 1991-ci ildə başladığımız müstəqil inkişaf yolunu bundan sonra da uğurla davam etdirəcəyik.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Azərbaycanın müstəqillik yolu əslində 1991-ci ildə deyil, 1918-ci ildə başlayıb. Təəssüf ki, uzun müddət bu yolun davam etdirilməsi üçün tarixi imkanlarımız olmayıb. Nəhayət, 18 oktyabr 1991-ci ildə müstəqilliyimizi bərpa etmək üçün tarixi fürsət yaranıb. Bu fürsətdən istifadə edirik və müstəqilliyimizi qoruyaraq gələcəkdə də inkişaf yolumuzu davam etdirəcəyik".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə