Zəngilanın azadlığı – tarixi Zəfərimizin şanlı səhifəsi - MƏQALƏ

Zəngilanın azadlığı – tarixi Zəfərimizin şanlı səhifəsi - MƏQALƏ

20 Oktyabr – Zəngilan şəhəri Günü Azərbaycan xalqının yaddaşında qürur, qəhrəmanlıq və tarixi ədalətin bərpası günü kimi xüsusi yer tutur. 2020-ci il oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad edərək tariximizin şanlı səhifələrindən birini yazdı. Bu qələbə Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri olmaqla, xalqımızın doğma torpaqlarına qayıdışına aparan yolun əsas mərhələlərindən birinə çevrildi.​​​​​​​​​​​1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zəngilan rayonu uzun illər ağır dağıntılara və talanlara məruz qaldı. Doğma yurdlarından didərgin düşən minlərlə zəngilanlı illərlə öz evlərinə qayıtmaq arzusu ilə yaşadı. Azərbaycan dövləti isə bütün bu illər ərzində ərazi bütövlüyümüzün bərpasını əsas hədəflərindən biri kimi müəyyənləşdirdi, ordumuzun gücləndirilməsi və ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində ardıcıl siyasət həyata keçirdi.​​​​​2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının birliyini, ordumuzun gücünü və əsgərlərimizin misilsiz qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Oktyabrın 20-də Zəngilan şəhərinin azad edilməsi uzun illər davam edən həsrətə son qoyulacağına inamı daha da gücləndirdi. Bu qələbə yalnız hərbi uğur deyil, həm də milli iradənin, dövlətimizin qətiyyətinin və tarixi ədalətin təntənəsi idi. Zəngilanın azadlığı uğrunda döyüşən hərbçilərimizin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs xatirəsi və qazilərimizin fədakarlığı xalqımızın yaddaşında daim yaşayacaq.​​​​Bu gün Zəngilan rayonu işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm mərkəzlərindən biridir. Böyük Qayıdış proqramı çərçivəsində yaşayış məntəqələri bərpa olunur, müasir infrastruktur yaradılır, sakinlərin doğma torpaqlarında təhlükəsiz və rahat yaşaması üçün şərait formalaşdırılır. Ağalı kəndində həyata keçirilən layihələr, Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi və yeni nəqliyyat imkanlarının yaradılması rayonun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bütün bunlar Azərbaycanın azad edilmiş torpaqlarda yalnız keçmişi bərpa etmədiyini, eyni zamanda müasir və firavan gələcək qurduğunu göstərir.​20 Oktyabr – Zəngilan şəhəri Günü gənc nəslə vətənpərvərlik ruhunun aşılanması, milli birliyin möhkəmləndirilməsi və tarixi yaddaşımızın qorunması baxımından da böyük əhəmiyyət daşıyır. Bu əlamətdar gün bizə bir daha xatırladır ki, Azərbaycanın əldə etdiyi qələbələr xalqımızın birliyi, dövlətimizin gücü və Vətən uğrunda canından keçməyə hazır olan qəhrəman övladlarımızın fədakarlığı sayəsində mümkün olub.​​​​Bu gün Zəngilan azaddır, yenidən qurulur və öz sakinlərini doğma torpaqlarında qarşılayır. Vaxtilə həsrətə çevrilən qayıdış arzusu artıq gerçəkliyə çevrilib. Zəngilan səmasında dalğalanan üçrəngli bayrağımız Azərbaycanın suverenliyinin, milli qürurunun və tarixi Zəfərinin rəmzidir. Bu şanlı tarix xalqımızın yaddaşında əbədi yaşayacaq, Zəngilan isə azadlığın, dirçəlişin və Böyük Qayıdışın simvolu olaraq gələcək nəsillərə örnək olacaqdır.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov

Bütün xəbərlər Facebook səhifəmizdə