"Bu gün Zəngilan sözün əsl mənasında dirçəlir. Rayonda “Böyük Qayıdış” proqramı uğurla davam edir" - DEPUTAT
"Möhtəşəm qələbə ilə başa çatan Vətən müharibəsinin 24-cü günündə, 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri və ətraf kəndlər erməni işğalından azad edildi. Həmin gün Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin azad olunduğunu elan etdi".
Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Deputat qeyd edib ki, döyüşlər nəticəsində şəhərlə yanaşı, rayonun 4 qəsəbəsi və 49 kəndi düşməndən təmizləndi. Bu tarix bu gün Zəngilan şəhəri günü kimi qeyd olunur:
"Zəngilanın taleyi 1993-cü ildə ağır sınaqdan keçdi. Füzuli və Cəbrayıl işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirədə düşmənlə vuruşdular. Oktyabrın 25-dən 29-dək əhali son anadək müqavimət göstərdi, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçdi. İnsanlar İran ərazisi ilə Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşdı. Sonrakı illərdə rayonun tarixi irsi dağıdıldı. Məscidlər, ziyarətgahlar, türbələr və qədim yaşayış yerləri vandalizmə məruz qaldı. Zəngilan şəhərindəki tarixi məsciddən isə tövlə kimi istifadə edildi.
Zəngilanın azad olunması yalnız ərazi məsələsi deyildi. İşğal altında qalmış 132 kilometrlik Azərbaycan-İran sərhədi tam bərpa edildi. Bu, ölkənin təhlükəsizliyi və gələcək nəqliyyat layihələri üçün böyük əhəmiyyət daşıyırdı. Qələbənin qəhrəmanları da unudulmadı. “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçu bu medalla təltif olundu.
Bu gün Zəngilan sözün əsl mənasında dirçəlir. Rayonda “Böyük Qayıdış” proqramı uğurla davam edir. 2026-cı il oktyabrın 1-nə qədər Zəngilan şəhərində 84 ailə, Ağalı kəndində 234 ailə, Məmmədbəyli kəndində 179 ailə məskunlaşıb. Həmin ailələr peşə və bacarıqlarına uyğun işlə təmin olunurlar.
Ağalı “ağıllı kənd” layihəsi bu dirçəlişin ən parlaq nümunələrindən biridir. Kənd Həkəri çayı üzərindəki su elektrik stansiyasından və günəş panellərindən enerji alır. Evlər istilik itkisini azaldan materiallarla tikilib. Kənddə yüksək sürətli internet, tele-səhiyyə və e-təhsil xidmətləri var. Məktəb, bağça, tibb məntəqəsi, “ASAN” və “DOST” xidmətləri də əhalinin ixtiyarındadır.
Şəhərdə də quruculuq sürətlə gedir. 2023-cü ildə “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiqlənib. 2026-cı ilin may ayında 104 mənzilli ilk yaşayış kompleksi istifadəyə verilib. Heydər Əliyev Fondunun bərpa etdiyi şəhər məscidi isə 2024-cü ildə açılıb.
Zəngilan həm də mühüm nəqliyyat qovşağına çevrilir. Beynəlxalq Hava Limanı genişgövdəli yük təyyarələrini qəbul edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun birinci mərhələsinin böyük hissəsi tamamlanıb. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun isə tezliklə yekunlaşdırılması planlaşdırılır. Bu yollar Zəngəzur dəhlizinin əsas halqalarından biridir.
İqtisadi sahədə də ciddi addımlar atılır. “Dost Aqropark” layihəsi artıq fəaliyyətdədir və tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək. Turizm də unudulmayıb. “Ağalı” hoteli açılıb, yeni hotellərin tikintisinə başlanılıb.
Zəngilan bir vaxtlar viran qoyulmuş torpaq idi. Bu gün isə yeni evlər, yollar, məktəblər və iş yerləri olan canlı bir diyardır. Bu dəyişiklik şəhidlərimizin qanı, qazilərimizin igidliyi və dövlətimizin qətiyyəti sayəsində mümkün oldu. Yurduna qayıdan hər bir ailə bu qələbənin canlı sübutudur. Zəngilanın bu günü bizə göstərir ki, azad torpaq yalnız qorunmur, həm də yenidən yaradılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB