Azərbaycanda korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verən şəxslərin maddi və digər formalarda həvəsləndirilməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Təklifə əsasən, verdiyi məlumat təsdiqlənən şəxslərə maddi mükafat ödənilməsi, eləcə də onların və yaxınlarının dövlət müdafiəsi və hüquqi yardımla təmin olunması nəzərdə tutulur. Korrupsiya barədə məlumat verən şəxslərə maddi mükafat ödənilməsi bu hüquqpozmaların aşkar edilməsinə nə dərəcədə təsir göstərə bilər və mexanizmin sui-istifadə hallarına yol açmaması üçün hansı şərtlər müəyyənləşdirilməlidir? Məlumat verən şəxs iş yerində təzyiqə, təhdidə və ya işdən çıxarılma təhlükəsinə məruz qalarsa, onun hüquqlarını və təhlükəsizliyini hansı qurum, hansı mexanizmlərlə təmin etməlidir?
Məsələ ilə bağlı hüquqşünas Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin maddi mükafatlandırılması korrupsiya hallarının aşkar edilməsində mühüm rol oynaya bilər:
"Xüsusilə gizli xarakter daşıyan korrupsiya əməllərinin üzə çıxarılması baxımından belə təşviq mexanizmi vətəndaşların hüquq-mühafizə orqanları ilə əməkdaşlığını gücləndirə bilər. Lakin maddi mükafatlandırma mexanizmi sui-istifadə hallarına yol açmamalıdır. Bunun üçün məlumatın doğruluğu səlahiyyətli qurum tərəfindən obyektiv araşdırılmalı, mükafatın verilməsi üzrə konkret meyarlar müəyyən edilməli, əsassız ittihamların və qərəzli şikayətlərin qarşısı alınmalıdır. Eyni zamanda, vicdanla məlumat verən şəxslər təqdim etdikləri məlumat sonradan təsdiqini tapmadığına görə məsuliyyətə cəlb edilməməlidirlər. Bilə-bilə yalan məlumat verilməsi isə qanunvericiliyə uyğun qiymətləndirilməlidir. Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunu korrupsiya barədə məlumat verən şəxslərin hüquqlarının qorunmasına dair təminatlar nəzərdə tutur.
Məlumat verən şəxs iş yerində təzyiqə, təhdidə və ya qanunsuz işdən çıxarılmaya məruz qaldıqda Dövlət Əmək Müfəttişliyi Xidmətinə, prokurorluq orqanlarına və məhkəməyə müraciət edə bilər. Korrupsiya faktlarının araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət olunması mümkündür. Şəxsin və yaxınlarının həyatına və sağlamlığına real təhlükə yarandıqda isə müvafiq hüquqi əsaslar olduqda hüquq-mühafizə orqanları tərəfindən dövlət müdafiəsi tədbirləri görülməlidir. Belə müdafiə mexanizmləri məlumat verənin şəxsiyyətinin məxfi saxlanılmasını, qanunsuz təzyiqlərin qarşısının alınmasını, pozulmuş əmək hüquqlarının bərpasını və zərurət yarandıqda təhlükəsizlik tədbirlərinin tətbiqini əhatə etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB