"Fransanın bugünkü böhranı Makron hakimiyyətinin uğursuz daxili və xarici siyasətinin nəticəsidir" - ŞƏRH
"Fransada bu günlərdə ölkədə sosial problemlərin və ümumilikdə dövlətin idarə olunması ilə bağlı ciddi çətinliklərin yaşandığını görürük. Artıq bu problemlər elə bir həddə çatıb ki, insanlar narazılıqlarını açıq şəkildə ifadə edir, Fransa hakimiyyətinin və Emmanuel Makronun yürütdüyü yarıtmaz siyasətə qarşı səssiz qala bilmirlər".
Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
Onun sözlərinə görə, sarı jiletlilər hərəkatı əvvəlki illərdə, bildiyimiz kimi, əsasən pensiya islahatlarına və sosial-iqtisadi qərarlara qarşı etirazlarla gündəmə gəlmişdi:
"Bu gün isə Fransada sosial məsələlər yenidən ciddi şəkildə ön plana çıxır. İstər insanların yaşayış səviyyəsi, istər iqtisadi problemlər, istərsə də təhsillə bağlı çətinliklər ölkədə narazılıqların artmasına səbəb olur. Fransanın həm Avropa İttifaqı daxilindəki mövqeyi, həm də ölkə daxilindəki vəziyyət, Makron hakimiyyətinin son illərdə uğursuz xarici və daxili siyasəti cəmiyyətlə hakimiyyət arasında ciddi ziddiyyətlər yaradıb. Hazırda Makronun ictimai dəstəyinin və reytinqinin də əhəmiyyətli dərəcədə zəiflədiyini müşahidə edirik.
Hesab edirəm ki, Fransanın bu gün üzləşdiyi vəziyyət onun uzun illər ərzində həyata keçirdiyi siyasətin nəticələrinə də diqqət yetirməyi zəruri edir. Bu siyasət istər dünya miqyasında, istər Yaxın Şərqdə, istər Şimali Afrikada, istərsə də Cənubi Qafqazda Fransanın atdığı addımlarla özünü göstərib. Xüsusilə Azərbaycanın timsalında Fransanın ölkəmizə qarşı yürütdüyü siyasət diqqət çəkir. Ermənistanın torpaqlarımızı işğal etdiyi dövrdə Fransanın tutduğu mövqe, eləcə də sülh prosesi zamanı Ermənistanda revanşizmi təşviq edən addımları regionda sülh və sabitliyin təmin olunmasına töhfə verməyib.
Bununla yanaşı, Fransanın Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və digər Avropa institutları çərçivəsindəki fəaliyyətində də destruktiv yanaşmaların şahidi oluruq. Bu institutların imkanlarından istifadə edilərək Azərbaycanafob, islamofob və türkofob mövqelərin irəli sürülməsi, ölkəmizə qarşı qərəzli kampaniyaların aparılması ciddi narahatlıq doğurur. Dəfələrlə müşahidə etmişik ki, Fransa Avropa institutlarının yerləşdiyi ərazinin özündə olmasından da istifadə edərək həmin qurumları öz siyasi maraqlarına uyğun istiqamətləndirməyə çalışır.
Ümumiyyətlə, Avropa Şurasında və Avropa Parlamentində Azərbaycana qarşı yönələn kampaniyaların arxasında dayanan əsas siyasi qüvvələrdən birinin Fransa və Makronun rəhbərlik etdiyi Fransa hakimiyyəti olduğunu düşünürəm. Bu baxımdan, bu gün Fransada baş verən hadisələr, küçələrdə etirazların güclənməsi, nümayişçilərə və şagirdlərə qarşı polis zorakılığı iddiaları, müxtəlif şəhərlərdə yaranan gərginlik ölkənin yürütdüyü siyasət barədə ciddi suallar doğurur.
Başqa ölkələrə beynəlxalq hüquq, demokratiya və insan hüquqları ilə bağlı dərs verməyə çalışan Fransa ilk növbədə öz fəaliyyətinə nəzər salmalıdır. Başqa dövlətlərə qarşı beynəlxalq hüququn prinsiplərindən öz siyasi maraqları naminə istifadə etməyə çalışarkən, ərazi bütövlüyü və suverenlik məsələlərində ikili standartlar nümayiş etdirərkən nəzərə almalı idi ki, bu cür yanaşmalar bir gün özünün də beynəlxalq nüfuzuna və daxili sabitliyinə mənfi təsir göstərə bilər.
Bu gün baş verənlər, ilk növbədə, Fransanın öz siyasi kursunu yenidən nəzərdən keçirməsinin vacibliyini göstərir. İkili standartlar beynəlxalq münasibətlərdə etimadı zəiflədir, dövlətlər arasında qarşıdurmanı dərinləşdirir və beynəlxalq institutların nüfuzuna xələl gətirir.
Hesab edirəm ki, bu vəziyyət beynəlxalq və regional təşkilatların müstəqilliyi məsələsini də gündəmə gətirir. Belə təşkilatların maliyyə təminatında və fəaliyyət şəraitində ayrı-ayrı dövlətlərin rolunun böyük olması onların siyasi təsirlərdən kənarda qalmasını çətinləşdirə bilər. Xüsusilə də təşkilatların mənzil-qərargahlarının müəyyən ölkələrin ərazisində yerləşməsi həmin dövlətlərə əlavə təsir imkanları yarada bilər. Nəticədə, bu institutların bəzən ayrı-ayrı ölkələrin siyasi maraqlarına uyğun vasitəyə çevrilməsi riski meydana çıxır.
Buna görə də beynəlxalq təşkilatların qərar qəbul edərkən müstəqilliklərini qoruması, bütün dövlətlərə eyni meyarlarla yanaşması və beynəlxalq hüququn prinsiplərinə əməl etməsi olduqca vacibdir. Əks halda, ikili standartlar və siyasi maraqların ön plana çəkilməsi həmin təşkilatların etibarlılığına ciddi zərbə vuracaq.
Digər tərəfdən, Fransanın bu gün üzləşdiyi problemləri onun müstəmləkəçilik tarixindən və keçmiş müstəmləkələri ilə münasibətlərindən ayrı təsəvvür etmək olmaz. XVIII və XIX əsrlərdə həyata keçirilən genişmiqyaslı müstəmləkəçilik siyasətinin nəticələri bu gün də müxtəlif regionlarda hiss olunur. Xüsusilə Afrikada Fransanın keçmiş müstəmləkələri ilə münasibətlərində iqtisadi və siyasi asılılıq elementlərinin qalması, resurslardan istifadə və gəlirlərin bölüşdürülməsi ətrafında yaranan mübahisələr Fransanın siyasətinə qarşı narazılıqları artırır.
Fransanın Afrikadakı təsir imkanlarını qorumaq cəhdləri, bəzən neokolonializm kimi qiymətləndirilən siyasəti və keçmiş müstəmləkələrlə münasibətlərində yaranan problemlər həmin ölkələrdə etirazların güclənməsinə səbəb olur. Bütün bunlara baxmayaraq, Fransa özü də iqtisadi durğunluq, sosial bərabərsizlik və əhalinin həyat səviyyəsi ilə bağlı çətinliklərlə üzləşir.
Məhz bu məqamda mühüm bir sual ortaya çıxır: Əgər bir dövlət uzun illər ərzində digər ölkələrdə siyasi və iqtisadi təsirini qorumağa çalışırsa, lakin öz cəmiyyətində insanların sosial problemlərini həll edə bilmirsə, həmin siyasətin nə dərəcədə uğurlu olduğunu necə qiymətləndirmək olar?
Hesab edirəm ki, Fransada insanların Makron hakimiyyətinə qarşı etirazlarının əsas səbəblərindən biri də məhz budur. İnsanlar gündəlik həyatlarında iqtisadi çətinliklərlə üzləşdikləri, sosial təminat və gələcəklə bağlı narahatlıqlar yaşadıqları halda, hökumətin onların problemlərinə yetərincə diqqət ayırmadığını düşünürlər.
Nəticə etibarilə, Fransa bu gün öz daxili problemləri ilə yanaşı, uzun illər ərzində həyata keçirdiyi xarici siyasətin nəticələrini də ciddi şəkildə qiymətləndirməlidir. Başqa dövlətlərə demokratiya, ədalət və beynəlxalq hüquq barədə çağırışlar edən ölkə ilk növbədə bu prinsipləri öz siyasətində ardıcıl şəkildə tətbiq etməlidir. Çünki beynəlxalq münasibətlərdə ikili standartlar, siyasi təzyiqlər və ayrı-seçkilik nə uzunmüddətli sabitliyə, nə də dövlətin nüfuzunun qorunmasına xidmət edir.
Fransanın bu gün yaşadığı hadisələr bütün dövlətlər üçün bir dərs olmalıdır: daxili problemləri görməzdən gəlmək, cəmiyyətin narazılıqlarını nəzərə almamaq və xarici siyasətdə ikili standartlara yol vermək gec-tez ciddi siyasi və sosial nəticələr doğura bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB