"Yad təsirlərin cəmiyyətimizə nüfuz etməsinin qarşısının alınması birinci növbədə ailədən başlayır. Yəni, əgər ailə mühitini yad təsirlərdən qoruya bilsək, hesab etmək olar ki, cəmiyyətimizin sağlam, milli dəyərlərə söykənən mənəvi mühitini fundamental olaraq qorumuş oluruq. Təsəvvür edin ki, Azərbaycanın ailə mühiti yüz illər boyu tarixdən süzülüb gəlmiş böyük-kiçik münasibətləri, ailədə ər-arvad, qadın-kişi, bacı-qardaş münasibətləri üzərində qurulur və buna uyğun olaraq qohum-tayfa münasibətləri formalaşır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun szölərinə görə, bu münasibətlər əsasında xalqın, millətin bir-biri ilə bağlılıq və ünsiyyət formaları öz inkişafını tapır:
"Təsəvvür edin ki, əgər ailənin daxilində qədim dövrlərdən süzülüb gələn adət-ənənələrə, münasibətlərə yad təsirlər varsa, bacı ilə qardaşın, qadın ilə kişinin, ata ilə ananın münasibətləri Azərbaycan türklərinin tarixinə uyğun deyil, hansısa yad xalqlarda mövcud olan formada müəyyənləşdirilirsə, həmin cəmiyyətdə mənəvi-əxlaqi mühitin saflığından söhbət gedə bilməz. Əgər ailə mühitində həmin yad təsirlər özünü göstərirsə, cəmiyyətin sonrakı pillələrində — nə cəmiyyətdə, nə dövlət idarələrində, nə əmək kollektivlərində, nə orduda, nə də dövlətə xidmət sistemində Azərbaycan millətinə və türklüyünə məxsus davranış normalarından danışmaq mümkün deyil.
Ona görə də birinci növbədə ailə mühitində milli, mənəvi və əxlaqi dəyərlərimizə uyğun formalaşmış standart çərçivəni qorumaq lazımdır. Bunun üçün ailə dəyərlərinin hər kəs tərəfindən lazımi şəkildə dərk olunması vacibdir.
Hamı bilməlidir ki, Azərbaycan cəmiyyəti ailə dəyərləri üzərində dayanır. Həm də bu, hansısa başqa millətlərin — ingilis, rus və ya fransız ailə dəyərlərinin deyil, məhz Azərbaycan-türk ailə dəyərlərinin üzərində dayanan bir cəmiyyətdir.
Buna görə də Azərbaycan cəmiyyətinin birliyini və bütövlüyünü qoruyub saxlamaq, cəmiyyəti milli dövlətçiliyimizin əsas dayaqlarından birinə çevirmək istəyiriksə, birinci növbədə ailə dəyərləri qorunub saxlanmalıdır.
Ailə dəyərlərini qoruyub saxlamaq üçün ölkədə hər cür məhdudiyyətə getmək mümkündür. Mən bunu tam məsuliyyətimlə deyirəm ki, ailə dəyərlərinin qorunması hər cür müasirləşmədən və müasir yanaşmalardan qəti şəkildə üstün tutulmalıdır.
Ailə dəyərlərini heç kimə qurban vermək olmaz. Çünki ailə, Konstitusiyamızda da göstərildiyi kimi, cəmiyyətimizin ilkin vahididir. Ailə ilkin vahid olaraq cəmiyyəti öz üzərində saxlayır. İlkin vahid olan ailə dağılırsa, deməli, cəmiyyətimiz də yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB