Balıq sağlam zülal, omeqa-3 yağ turşuları və digər faydalı qida maddələri ilə zəngin olsa da, onun istehlakı zamanı bəzi məqamlara diqqət yetirmək vacibdir. Xüsusilə hamilə qadınlar, azyaşlı uşaqlar və xroniki xəstəlikləri olan şəxslər balığın növünə, miqdarına və hazırlanma qaydasına xüsusi diqqət yetirməlidirlər. Bəs balıq hansı hallarda sağlamlıq üçün təhlükəyə çevrilə bilər və risklərin qarşısını almaq üçün nələrə əməl edilməlidir?
Mövzu ilə bağlı SİA-ya cərrah, mama-ginekoloq Ləman Əliyeva danışıb.

O bildirib ki, hamilə qadınlar həftədə 2–3 porsiya (225–340 q) az civəli balıq yeməlidirlər:
“Köpəkbalığı, qılıncbalıq və kral skumbriyasından uzaq durmalı, çiy balıq istehlak etməməlidirlər.
Azyaşlı uşaqlar: Civəsi az olan balıqlar yaşa uyğun porsiyada, tam bişmiş və sümüksüz verilməlidir.
Xroniki xəstələr: Hipertoniyada duzlu və hisə verilmiş balıq, böyrək xəstəliklərində isə həkimin məhdudlaşdırdığı zülal və mineral miqdarına diqqət edilməlidir.
Allergiyası olanlar: Balığa qarşı allergiya varsa, allergen növdən uzaq durmaq lazımdır.
Balıq nə zaman risklidir?
Yüksək civə tərkibli növlər, çiy və kifayət qədər bişməmiş balıq, çirklənmiş su hövzələrindən tutulan və düzgün saxlanılmayan balıq sağlamlıq üçün risk yaradır.Balığın faydası düzgün növ və miqdarda istehlak edildikdə üstündür. Əsas məqsəd balıqdan imtina etmək deyil, təhlükəsiz seçim etməkdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB