Kibercinayətlərin artdığı dövrdə vətəndaşlar hüquqlarını necə qoruya bilər? - HÜQUQŞÜNAS AÇIQLADI

Kibercinayətlərin artdığı dövrdə vətəndaşlar hüquqlarını necə qoruya bilər? - HÜQUQŞÜNAS AÇIQLADI

Son illərdə texnologiyanın sürətli inkişafı ilə yanaşı kibercinayətlərin sayı da ciddi şəkildə artıb. Sosial şəbəkələrin, internet bankçılığının və onlayn alış-veriş platformalarının geniş yayılması vətəndaşların şəxsi məlumatlarının oğurlanması, dələduzluq və kibertəhdidlərlə üz-üzə qalmasına səbəb olur.

Bəs kibercinayətlərin artdığı dövrdə vətəndaşlar hüquqlarını necə qoruya bilər?

Məsələ ilə bağlı hüquqşünas Emil Aslanov SİA-ya açıqlamasında bildirib ki, sosial şəbəkələr və internet vasitəsilə hər hansı şəxsin şəxsi məlumatlarını əldə edərək bank kartından pul vəsaitlərinin çıxarılması və ya ona qarşı dələduzluq edilməsi, müəyyən məbləğdə pulun oğurlanması hallarında, əgər məbləğ 500 manata qədərdirsə, bu halda İnzibati Xətalar Məcəlləsinin xırda talama maddəsi tətbiq edilir:

"Belə şəxslərə 160–240 saat müddətinə ictimai işlər və ya törədilmiş əməlin xarakteri və şəxsin kimliyi nəzərə alınmaqla 3 ay müddətinədək inzibati həbs tətbiq edilə bilər.

Əgər məbləğ 500 manatdan yuxarıdırsa, bu halda cinayət tərkibi yaranır. Məbləğ 500 manatdan 5000 manatadək olduqda, həmin şəxsə Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyaları tətbiq edilə bilər. Bu, cərimə və ya islah işləri cəzası, ən ağır halda isə 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ola bilər.

Bu cür kibercinayətlərin qurbanına çevrilməmək üçün şəxslərə kart məlumatlarını və digər şəxsi məlumatlarını rəsmi saytlardan başqa platformalarda paylaşmamaq, eləcə də bu məlumatları digər şəxslərə verməmək tövsiyə olunur".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə