”Məktəblərdə vahid geyim tələblərinin tətbiqi şagirdlərin diqqətinin təhsilə yönəldilməsinə, məktəb qaydalarına hörmətin formalaşmasına və ailələrin maddi imkanları arasındakı fərqlərin ön plana çıxmamasına xidmət edir”.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova SİA-ya açıqlamasında bildirib ki, məktəb hər bir uşağın özünü kollektivin bərabərhüquqlu üzvü kimi hiss etdiyi ümumi təhsil mühitidir.
Əminə Məlikova qeyd edib ki, geyim qaydalarının mahiyyəti uşaqlara və valideynlərə həssaslıqla, anlayış və hörmət çərçivəsində izah olunmalıdır. Valideynlər və müəllimlər şagirdlərin bu tələbləri düzgün anlamasına kömək etməli, pedaqoqlar isə öz davranışları ilə məktəb qaydalarına hörmət nümunəsi göstərməlidirlər.
O, uzun illər Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olan və kəlağayının qadınların gündəlik həyatında yenidən geniş yer tutmasına töhfə verən bir şəxs kimi milli ənənələrin qorunmasını vacib hesab etdiyini vurğulayıb. Bildirib ki, gənclərin öz tarixinə və milli köklərinə maraq göstərməsi, geyimlərində milli elementlərə üstünlük verməsi sevindirici haldır. Mədəni irsin gündəlik həyatımızda yaşadılması onun gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.
Muzey direktorunun sözlərinə görə, Azərbaycan milli geyimləri parça seçimi, çoxqatlı quruluşu, baş geyimləri və bəzək elementləri ilə zəngin mədəni irs nümunələridir. Milli geyimlərdən hər gün istifadə etmək müəyyən çətinliklər yaratsa da, hər bir qadının belə bir geyimə sahib olmaq imkanının olmasını arzulayır. O qeyd edib ki, milli geyim insanı keçmiş nəsillərlə mənəvi baxımdan birləşdirir, kəlağayı isə bu bağlılığı müasir geyim tərzində də qoruyub saxlamağa imkan verir.
Əminə Məlikova tarixə, mədəniyyətə və milli-mənəvi dəyərlərə həsr olunmuş məktəb tədbirlərində Pedaqoji Şuranın qərarı əsasında milli geyimlərdən və ya onların elementlərindən istifadə edilməsini nəzərdə tutan yanaşmanı müsbət qiymətləndirib. Onun fikrincə, gündəlik dərs prosesində vahid məktəbli formasına riayət olunması, xüsusi mədəni tədbirlərdə isə milli geyimlərin nümayiş etdirilməsi həm ümumi qaydalara hörməti, həm də milli irsə marağı gücləndirir.
O bildirib ki, Azərbaycan Respublikasının vətəndaşı və Milli Xalça Muzeyinin rəhbəri kimi Nazirlər Kabinetinin müvafiq qərarına hörmətlə yanaşır. Əminə Məlikova hesab edir ki, qərarın məqsədi ilk növbədə böyüklər tərəfindən düzgün anlaşılmalı, daha sonra uşaqlara onların yaş səviyyəsinə uyğun, aydın və savadlı şəkildə izah edilməlidir. Muzeylərin əsas fəaliyyət istiqamətlərindən birinin təhsil və maarifləndirmə olduğunu xatırladan direktor bu məsələdə düzgün məlumatlandırmanın əhəmiyyətini xüsusi vurğulayıb.
Əminə Məlikova Azərbaycanın tarixən müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələrinin birgə yaşadığı, qarşılıqlı hörmət və tolerantlıq ənənələrinin qorunduğu ölkə olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, məktəb də uşaqların sosial vəziyyətindən, milli və dini mənsubiyyətindən asılı olmayaraq eyni məqsəd ətrafında birləşdiyi, bilik qazandığı və qarşılıqlı ehtiramı öyrəndiyi məkandır.
O, öz məktəb illərini xatırladaraq bildirib ki, onun nəslindən olan şagirdlər vahid məktəbli forması ilə təhsil alıblar. Həmin dövrdə sırğa və digər bəzək əşyalarından istifadəyə də müəyyən məhdudiyyətlər qoyulurdu. Məktəbdə hər kəs bu məkanın əsas məqsədinin bilik əldə etmək olduğunu anlayır, özünü vahid kollektivin üzvü kimi hiss edirdi.
Direktorun sözlərinə görə, məktəbli forması müxtəlif sosial imkanlara malik ailələrdən gələn uşaqlar arasında bərabərliyin rəmzi rolunu oynayırdı. Bu forma şagirdlərin diqqətini zahiri görünüşdən və bəzək əşyalarından daha çox dərslərə və bilik qazanmağa yönəldirdi. Əminə Məlikova qeyd edib ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan keçmiş sinif yoldaşları ilə əlaqə saxlayır və hamısının eyni məktəbli formasında əks olunduğu köhnə fotoları xoş xatirələrlə yad edirlər.
Əminə Məlikova müəllimlərin geyimində sadəlik və təmkinin qorunmasının da vacib olduğunu bildirib. Onun fikrincə, müəllimin peşəkarlığı yalnız xarici görünüşlə ölçülməsə də, pedaqoqların davranışı və geyim tərzi uşaqlar üçün nümunə təşkil edir. Buna görə müəllim geyimi səliqəli, sadə və tədris mühitinə uyğun olmalı, şagirdlərin diqqətini dərs prosesindən yayındırmamalıdır.
Muzey direktorunun qənaətinə görə, 7-17 yaş dövrü uşaqların şəxsiyyətinin, dünyagörüşünün və dəyərlərinin formalaşması baxımından mühüm mərhələdir. Bu yaşlarda təhsilə, fənlərin mənimsənilməsinə və intellektual inkişafa xüsusi diqqət ayrılmalıdır. Məktəbdən kənarda hər kəs öz zövqünə və seçiminə uyğun geyinə bilər. Lakin təhsil müəssisəsinin öz daxili qaydaları və etik normaları mövcuddur.
Əminə Məlikova vurğulayıb ki, məktəbin başlıca vəzifəsi şagirdlərə bilik verməklə yanaşı, onlarda tərbiyə, nizam-intizam və qarşılıqlı hörmət hissini formalaşdırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB