“İRS” silsiləsi çərçivəsində 2026-cı ilin yeni nəşrləri təqdim olunub - POLİTOLOQ DANIŞDI

“İRS” silsiləsi çərçivəsində 2026-cı ilin yeni nəşrləri təqdim olunub - POLİTOLOQ DANIŞDI

PAŞA Həyatın tərəfdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycanın tarixi, mədəni irsi və müasir inkişafını əks etdirən beş yeni kitab oxuculara təqdim edilib.

SİA xəbər verir ki, noyabrın 13-də “İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr olunan yeni kitabların təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə ərsəyə gələn nəşrlər Azərbaycanın zəngin mədəni irsinin, tarixi keçmişinin və müasir inkişafının beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edir.

Tədbirdə dövlət qurumlarının, elm və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Təqdimat mərasimi Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən PAŞA Həyat Sığortanın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova Azərbaycanın milli-mədəni irsinin qorunması və beynəlxalq miqyasda tanıdılmasının əhəmiyyətindən danışıb. O, bu istiqamətdə həyata keçirilən təşəbbüslərin ölkəmizin mədəni dəyərlərinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını qeyd edib. Ülviyyə Cabbarova, həmçinin PAŞA Həyatın bu kimi layihələrdə tərəfdaşlığının cəmiyyət üçün uzunmüddətli dəyər yaradan təşəbbüslərə dəstək yanaşmasının tərkib hissəsi olduğunu vurğulayıb.

“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı çıxışında nəşriyyatın beynəlxalq fəaliyyətindən və il ərzində həyata keçirilən layihələrdən bəhs edib. O bildirib ki, “İRS” platforması uzun illərdir “Azərbaycan. Dünya İrsi” devizi altında ölkəmizin tarixini, mədəniyyətini və həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində fəaliyyət göstərir. Jurnalın dünyanın 22 dilində nəşr olunduğunu diqqətə çatdıran Musa Mərcanlı bu il Özbəkistan, Keniya, Belçika və Lüksemburqda keçirilən təqdimatların layihənin beynəlxalq coğrafiyasının genişlənməsinə töhfə verdiyini qeyd edib.

Çıxış zamanı 2026-cı ildə nəşr olunan beş kitabın məzmunu da təqdim edilib. “Azərbaycan. Yeni dönəm” nəşri ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qədəm qoyduğu yeni tarixi mərhələni, regionda formalaşan reallıqları və Azərbaycanın strateji yüksəlişini əks etdirir. “Ulu Mədəniyyət Ağacı” kitabı xalqımızın ədəbiyyat, musiqi, rəssamlıq, memarlıq, teatr və kino sahələrində yaratdığı zəngin irsi əhatə edir.

“Nağılın sonu” nəşri dünya təsviri sənətinin mühüm istiqamətlərindən olan Təbriz miniatür məktəbinə həsr olunub. “Gələcəyin şəhərləri” kitabında isə müasir şəhərsalma yanaşmaları, Bakının memarlıq irsi, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri işıqlandırılır. “Sivilizasiyaların qovşağında” nəşri Azərbaycanın multikulturalizm ənənələrini, tolerantlıq modelini və beynəlxalq əməkdaşlıq müstəvisindəki rolunu oxuculara təqdim edir.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Azərbaycan mədəni irsinin beynəlxalq səviyyədə təbliğinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə kitab nəşrlərinin və beynəlxalq təqdimatların roluna toxunub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və bərpa işlərindən, Böyük Qayıdış proqramının əhəmiyyətindən danışıb. O, kitabların tarixi yaddaşın qorunması və gələcək inkişaf üçün intellektual baza yaradılması baxımından mühüm vasitə olduğunu qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov isə nəşrlərin Azərbaycanın zəngin mədəniyyətini, təbiətini və milli sərvətlərini əks etdirdiyini bildirib. O, bu dəyərlərin tanıdılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

Rəsmi çıxışlarla yanaşı, tədbir Azərbaycan milli musiqisinin seçkin nümunələri ilə müşayiət olunub. Opera və Balet Teatrının solistləri Mütəllim Dəmirov və Gülzar Fərəcova, eləcə də televiziya muğam müsabiqələrinin laureatları Cəfərbəyli və Ayişən Mehdiyeva öz ifaları ilə tədbirə xüsusi bədii məzmun qatıblar. Tədbir bütün iştirakçıların birgə ifasında səslənən “Mehriban olaq” mahnısı ilə yekunlaşıb.

Qeyd edək ki, “İRS” silsiləsi çərçivəsində indiyədək 40-a yaxın fundamental kitab nəşr olunub. Layihə Azərbaycanın zəngin keçmişinin, milli kimliyinin, mədəni və mənəvi dəyərlərinin, eləcə də müasir inkişafının beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edir. PAŞA Həyatın uzunmüddətli tərəfdaşlığı ilə davam edən bu təşəbbüs milli irsimizin qorunması və dünyada tanıdılması istiqamətində mühüm töhfə verir.

Bütün xəbərlər Facebook səhifəmizdə