Səhiyyə qurumlarının birləşdirilməsi tibbi xidmətlərin keyfiyyətinə necə təsir edəcək? - PROFESSOR DANIŞDI

Səhiyyə qurumlarının birləşdirilməsi tibbi xidmətlərin keyfiyyətinə necə təsir edəcək? - PROFESSOR DANIŞDI

"TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi mütəxəssislər tərəfindən uzun müddətdir arzulanan və tövsiyə olunan məsələ idi. Bunun əsas səbəbi səhiyyə xidmətinin idarə edilməsində ikitirəliyin mövcud olmasıdır. Səhiyyə xidməti bir çox digər sahələrdən fərqlənir. Burada yüksək ixtisaslı mütəxəssislər, o cümlədən həkimlər çalışır. Eyni zamanda, səhiyyə sahəsi mürəkkəb logistika, texniki təminat, innovasiyalar və avadanlıqla təchizat baxımından xüsusi yanaşma tələb edir. Buna görə də bu qurumların birləşdirilməsi mövcud bürokratik maneələrin aradan qaldırılmasına və operativ idarəetmənin təmin olunmasına kömək edə bilər".

Bunu SİA-ya açıqlamasında psixiatr-narkoloq, tibb elmləri doktoru, professor Araz Əliquliyev deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi səhiyyə sisteminin tənzimlənməsi və qanunvericilik təşəbbüslərinin irəli sürülməsi istiqamətində fəaliyyət göstərir, TƏBİB isə əsasən icraçı qurum kimi çıxış edirdi. Nəticədə səhiyyə xidmətlərinin operativ idarə olunması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərdə müəyyən çətinliklər yaranırdı:

"Hesab edirəm ki, qurumların birləşdirilməsi bürokratik maneələrin aradan qaldırılmasına və idarəetmənin təkmilləşdirilməsinə şərait yarada bilər. Bununla belə, bu addımı birbaşa tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi ilə əlaqələndirmək düzgün olmazdı. Çünki səhiyyənin idarə olunması daha geniş və mürəkkəb məsələdir. Burada mütəxəssislərin seçilməsi, idarəetmə mexanizmləri, tibbi xidmətlərin təşkili, nəzarət və təkmilləşdirmə mexanizmləri, tibbi biliklərin artırılması, eləcə də logistika və təchizat məsələləri mühüm əhəmiyyət daşıyır.

TƏBİB-in yaradılması icbari tibbi sığortaya keçid mərhələsində səhiyyə xidmətlərinin təşkili və idarə olunması ilə bağlı yeni mexanizmlərin formalaşdırılması zərurətindən irəli gəlirdi. İcbari tibbi sığortanın əsas prinsiplərindən biri sığortaçı qurumun tibbi xidmət göstərən müəssisədən ayrı və müstəqil tərəf kimi çıxış etməsidir. Bu, göstərilən tibbi xidmətlərin qiymətləndirilməsi, maliyyələşdirilməsi və keyfiyyətinə nəzarət baxımından vacibdir.

Vətəndaş hər hansı xəstəliklə bağlı tibb müəssisəsinə müraciət etdikdə göstərilən xidmətin keyfiyyətindən razı və ya narazı qala bilər. Bu zaman sığortaçı qurumun rolu yalnız maliyyələşdirmə ilə məhdudlaşmamalı, xidmətlərin müvafiq qaydalara, müalicə protokollarına və sığorta paketinə uyğunluğunun qiymətləndirilməsini də əhatə etməlidir. Xidmət müəyyən edilmiş tələblərə uyğun göstərildikdə onun maliyyələşdirilməsi təmin olunmalı, pozuntular aşkarlandıqda isə müvafiq araşdırma aparılmalıdır.

TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi fonunda əsas məsələ maliyyələşmə və nəzarət mexanizmlərinin necə qurulacağıdır. Əgər tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərərsə, icbari tibbi sığorta agentliyinin xidmətləri qiymətləndirmək, ödənişlərə qərar vermək və tibbi xidmətlərin keyfiyyətinə nəzarət etmək səlahiyyətləri aydın müəyyənləşdirilməlidir.

Əks halda, maliyyələşmə və idarəetmədə müəyyən ziddiyyətlər yarana bilər. Bir tərəfdən Səhiyyə Nazirliyinə dövlət büdcəsindən vəsait ayrılır, digər tərəfdən isə icbari tibbi sığorta sistemi çərçivəsində agentlik vasitəsilə tibb müəssisələrinə ödənişlər həyata keçirilir. Bu mexanizmlərin necə əlaqələndiriləcəyi, vəsaitlərin hansı qaydada bölüşdürüləcəyi və maliyyə məsuliyyətinin hansı qurumun üzərinə düşəcəyi aydınlaşdırılmalıdır.

Digər vacib məsələ vətəndaşların hüquqlarının qorunmasıdır. Məsələn, vətəndaş ona göstərilən tibbi xidmətin keyfiyyətindən narazı qaldıqda hara müraciət edəcəyini, şikayətinin hansı qurum tərəfindən araşdırılacağını və tibbi ekspertizanın necə aparılacağını bilməlidir. Bu mexanizmlər yeni idarəetmə modelində dəqiq müəyyənləşdirilməlidir.

Əsas narahatlıqlardan biri isə icbari tibbi sığorta sisteminə keçiddən sonra yenidən əvvəlki pulsuz səhiyyə modelinə bənzər bir sistemin formalaşması ehtimalıdır. Əgər maliyyələşmə mexanizmləri düzgün qurulmasa, icbari tibbi sığortanın əsas prinsiplərinin praktikada qorunması çətinləşə bilər.

Hesab edirəm ki, qurumların birləşdirilməsi bütün problemləri öz-özlüyündə həll etməyəcək. Əsas məsələ maliyyələşmə, idarəetmə, tibbi xidmətlərin keyfiyyətinə nəzarət və vətəndaşların hüquqlarının qorunması mexanizmlərinin düzgün qurulmasıdır. Yalnız bu şərtlər təmin olunduqda dəyişikliklərin səhiyyə sisteminin inkişafına və tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə real töhfə verəcəyini gözləmək olar.

Artımlar və digər vəsaitlərlə bağlı müəyyən fərqlər yarana bilər. Bu, hələlik ehtimaldır. Gözləmək, müşahidə aparmaq və yeni modelin necə işləyəcəyini, tibbi xidmətlərin göstərilməsinə və həkimlərin fəaliyyətinə faktiki olaraq necə təsir edəcəyini görmək lazımdır. Burada tibbi təminat, avadanlıq və xidmətlərin göstərilməsi üçün zəruri olan digər dəstək mexanizmləri də mühüm əhəmiyyət daşıyır.

Üçüncü məsələ isə TƏBİB-in ayrıca idarəetmə qurumu kimi fəaliyyət göstərdiyi dövrdə əldə olunan təcrübənin yeni modeldə necə qorunacağı və daha da inkişaf etdiriləcəyidir. Burada varislik prinsipinin təmin olunması vacibdir. TƏBİB-in rəhbərinin nazir tərəfindən təyin olunması və ya qurumun birbaşa nazirliyin tabeliyində fəaliyyət göstərməsi özlüyündə həlledici fərq yaratmamalıdır. Onsuz da bu qurumlar indiyədək birgə fəaliyyət göstəriblər. Əsas məsələ əvvəlki dövrdə formalaşmış iş mexanizmlərinin qorunması və səmərəliliyinin artırılmasıdır.

Bu baxımdan, maliyyələşmə, tibbi təminat və dəstək məsələlərinin necə tənzimlənəcəyi əsas suallardan biridir. Narahatlıq doğuran məqamlardan biri də odur ki, nəticədə əvvəlki pulsuz tibbi xidmət modelinə bənzər sistemə qayıdış baş verə bilər. Mahiyyət etibarilə belə bir ehtimalı da nəzərə almaq lazımdır.

TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi tibbi xidmətlərin maliyyələşdirilməsi ilə bağlı bir sıra suallar yaradır. TƏBİB-in vəsaitlərindən səmərəli istifadənin hansı mexanizmlərlə təmin ediləcəyi də aydınlaşdırılmalıdır. Əvvəlki cavabımda da qeyd etdiyim kimi, burada müəyyən hüquqi ziddiyyətlər və idarəetmə baxımından uyğunsuzluqlar yarana bilər.

Əgər icbari tibbi sığorta agentliyi müstəqilliyini itirərsə və onun maliyyə vəsaitləri üzərində sərəncam səlahiyyəti başqa quruma keçərsə, maliyyə məsuliyyətinin və qərarvermə səlahiyyətlərinin necə bölüşdürüləcəyi sual doğurur. Əvvəllər agentlik tibbi xidmətlərin göstərilməsinə görə TƏBİB-ə ödəniş edirdisə, yeni modeldə bu mexanizmin necə işləyəcəyi dəqiqləşdirilməlidir.

Təsəvvür edin ki, bir tərəfdən Səhiyyə Nazirliyinə dövlət büdcəsindən vəsait ayrılır, digər tərəfdən isə icbari tibbi sığorta sistemi çərçivəsində agentliyə maliyyə vəsaiti yönəldilir. Agentlik də öz növbəsində tibbi xidmətlərə görə ödənişlər həyata keçirir. Beləliklə, paralel maliyyələşmə və vəsaitlərin hərəkəti ilə bağlı müəyyən suallar meydana çıxa bilər. Bu mexanizmin xərclərə və ümumi idarəetməyə necə təsir edəcəyini əvvəlcədən dəqiq söyləmək çətindir.

Digər mühüm məsələ tibbi xidmətlərin qiymətləndirilməsi və keyfiyyətinə nəzarət mexanizmləridir. İcbari tibbi sığorta agentliyi maliyyə mənbəyi olmaqla yanaşı, göstərilən tibbi xidmətlərin sığorta paketinə, müvafiq protokollara və tələblərə uyğunluğunun qiymətləndirilməsində də iştirak edirdi. Bu prosesdə tibbi xidmətlərin ekspertizası üzrə mütəxəssislər də mühüm rol oynayırdılar.

İndi təsəvvür edək ki, tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir, tibbi xidmətlərin maliyyələşdirilməsi və qiymətləndirilməsi isə başqa qurumun səlahiyyətində qalır. Bu halda tibbi xidmətlərin keyfiyyətinin, müalicə protokollarına uyğunluğunun və vətəndaş şikayətlərinin kim tərəfindən qiymətləndiriləcəyi aydın müəyyən edilməlidir.

Eyni zamanda, Səhiyyə Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərlə icbari tibbi sığorta çərçivəsində yönəldilən vəsaitlər arasında əlaqənin necə qurulacağı da vacibdir. Həkimlərin və tibb müəssisələrinin maliyyələşdirilməsi hansı mexanizm əsasında həyata keçiriləcək? Tibbi xidmətlərin qiymətləndirilməsi və ödənişlərə dair qərarlar hansı qurum tərəfindən veriləcək? Bu sualların cavablandırılması zəruridir.

Vətəndaşların şikayətlərinə baxılması mexanizmi də xüsusi əhəmiyyət daşıyır. Məsələn, vətəndaş ona göstərilən tibbi xidmətin keyfiyyətindən narazıdırsa, hara müraciət etməlidir? Əvvəllər belə hallarda TƏBİB-ə və ya müvafiq sığorta qurumuna müraciət etməklə tibbi xidmətin araşdırılmasını və ekspertizasının aparılmasını tələb etmək mümkün idi. Yeni modeldə bu səlahiyyətlərin hansı qurumda olacağı, şikayətlərin necə araşdırılacağı və vətəndaş hüquqlarının necə qorunacağı aydınlaşdırılmalıdır.

Hazırda mənim üçün əsasən bu məsələlər açıq qalır. Çünki söhbət yalnız qurumların tabeliyinin dəyişdirilməsindən getmir. Əsas məsələ maliyyələşmə, tibbi xidmətlərin keyfiyyətinə nəzarət, məsuliyyət bölgüsü və vətəndaşların hüquqlarının qorunması mexanizmlərinin yeni modeldə necə təşkil olunacağıdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə