“Saxta brendlər istehlakçıları aldadır, yerli məhsulların tanıdılmasına mane olur“ - EYYUB HÜSEYNOV

“Saxta brendlər istehlakçıları aldadır, yerli məhsulların tanıdılmasına mane olur“ - EYYUB HÜSEYNOV

“Cəmiyyətdə yaranan problemlərin səbəblərini araşdırarkən qanunvericiliyin vəziyyətinə və onun tətbiqinə xüsusi diqqət yetirilməlidir”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda istehlakçı siyasəti zəifdir və bəzi biznes subyektləri dövlət tərəfindən yaradılmış şəraitdən sui-istifadə edirlər.

Eyyub Hüseynov qeyd edib ki, paytaxtda bəzi mağazalarda tanınmış xarici brendlərin saxta məhsulları həmin markaların adı və etiketi ilə satışa çıxarılır. O, “Sahil” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən mağazanı nümunə göstərərək bildirib ki, istehlakçılar orijinalı 800 manata satılan paltonun saxtasını 100 manata ala bilirlər. AİB sədri “1-ə 1” adlı mağazada da oxşar üsullardan istifadə olunduğunu vurğulayıb.

Onun fikrincə, bu cür halların qarşısının alınması üçün istehlakçı hüquqlarının müdafiəsinə cavabdeh dövlət qurumları daha fəal fəaliyyət göstərməlidirlər. Eyyub Hüseynov hesab edir ki, istehlakçıların aldadılması hallarına qarşı mübarizə gücləndirilməli, bazara nəzarət mexanizmləri təkmilləşdirilməlidir. O, AİB olaraq bu məsələlərlə bağlı dövlətin ali orqanları ilə görüşlər keçirməyi nəzərdə tutduqlarını da diqqətə çatdırıb.

AİB sədri Azərbaycanda istehsal olunan məhsulların xarici brendlərin adı altında satılması probleminə də toxunub. Bildirib ki, ölkədə istehsal edilən ayaqqabıların 50 faizindən çoxunun xarici markalarla satışa çıxarıldığı iddia olunur. Onun sözlərinə görə, bu məhsullar üçün istifadə edilən markalar və etiketlər də yerli şəraitdə hazırlanır.

Eyyub Hüseynov vurğulayıb ki, əsas problem yerli məhsulların keyfiyyətindən daha çox, istehlakçıların məhsulun mənşəyi barədə yanlış məlumatlandırılması ilə bağlıdır. O qeyd edib ki, Azərbaycan istehsalı olan mallar öz adı ilə bazara çıxarılmalı, milli brendlərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində işlər gücləndirilməlidir.

AİB sədri Prezident İlham Əliyevin “Made in Azerbaijan” brendinin tanıdılması ilə bağlı təşəbbüslərinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə dövlət qurumlarının və ictimaiyyətin daha fəal dəstək göstərməsinin vacibliyini bildirib. O, həmçinin qeyd edib ki, AİB Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində dekabrın 29-da Siyəzəndə seminar keçirməyi və yerli məhsulların təşviqinə töhfə verməyi planlaşdırır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə