“Özünü başqaları ilə deyil, dünənki halınla müqayisə et“ - PSİXOLOQ

“Özünü başqaları ilə deyil, dünənki halınla müqayisə et“ - PSİXOLOQ

“Rəqabət və müqayisə məsələsi, əslində, insanın tərbiyəsi və böyüdüyü mühitlə sıx bağlıdır. Çox vaxt ailədə övladlarımızı daha üstün hesab etdiyimiz insanlarla müqayisə edirik. Hər ailənin öz tərbiyə üsulu, qayda-qanunları və yanaşması var. Uşağın daim başqaları ilə müqayisə edilməsi onun psixologiyasında müəyyən izlər buraxır və gələcəkdə özünü başqaları ilə müqayisə etməsinə səbəb olur”.

Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, düşünürəm ki, bu məsələ insanın xarakterindən də asılıdır:

”Eyni zamanda, sosial şəbəkələrin də bu prosesə ciddi təsiri var. Çünki insanlar sosial şəbəkələrdə həyatlarını, uğurlarını və inkişaflarını paylaşırlar. Başqalarının həyatını izləyən şəxslər bəzən öz həyatlarını onların həyatı ilə müqayisə edir, daha üstün olmağa və daha yaxşı nəticələr əldə etməyə çalışırlar. Beləliklə, rəqabət tədricən onların həyatının bir hissəsinə çevrilir.

Əlbəttə, sağlam mühitdə böyüyən, psixoloji baxımdan özünü yaxşı hiss edən və özünə inamı olan insanın daim başqaları ilə müqayisə aparmasına ehtiyac yoxdur. Özünü şəxsiyyət kimi dərk edən insanın şəxsi prinsipləri, məqsədləri və həyat meyarları olur. O, başqalarını özünə ölçü seçmək əvəzinə, öz inkişafına diqqət yetirir və üzərində işləyir.

Burada əsas məqam insanın rəqabətə hansı prizmadan yanaşmasıdır. Əgər rəqabət insanı inkişaf etməyə, yeni biliklər qazanmağa və öz potensialını reallaşdırmağa sövq edirsə, bu, müsbət haldır. Lakin insan öz dəyərini başqalarının uğurları ilə ölçür, onların nailiyyətlərini öz uğursuzluğu kimi qəbul edirsə, bu, zamanla narahatlıq və özünə inamsızlıq yarada bilər. Ona görə də insan başqalarının əldə etdiklərinə deyil, öz imkanlarına, məqsədlərinə və əvvəlki nəticələri ilə müqayisədə nə qədər irəlilədiyinə diqqət yetirməlidir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə