"Məktəblərdə tətbiq edilən qaydalar ümumi nizam-intizamın təmin edilməsinə xidmət edir" - SOSİOLOQ DANIŞDI
"Dövlətin qəbul etdiyi qərarlardan sonra cəmiyyətin müəyyən dairələrində narazılıqların, bəzən isə kiçik etirazların baş verdiyini müşahidə etdik. Bu müşahidələr göstərir ki, cəmiyyətimizin müəyyən bir hissəsi dini ayin və qaydalara əməl etməklə dövlətin dünyəvilik prinsipinə əsaslanan, məqbul hesab etdiyi qaydalar arasında hələ də balans tapa bilmir. Təəssüf ki, cəmiyyətimizdə bu cür düşüncələr mövcuddur".
Bunu SİA-ya açıqlamasında sosioloq Ağasəlim Həsənov deyib.
.jpg)
Onun sözlərinə görə, halbuki dövlət tərəfindən qəbul edilən qaydalar və qanunlar, tətbiq sahəsindən asılı olmayaraq, hər bir vətəndaş tərəfindən nəzərə alınmalı və onlara riayət edilməlidir. Əlbəttə, vətəndaşlar müəyyən məsələlərdən narazı qala, öz fikirlərini ifadə edə bilərlər. Bəzən qəbul edilən qərarlar ictimai müzakirələrə də səbəb ola bilər. Ola bilsin ki, bəzi qərarlardan əvvəl daha geniş müzakirələrin aparılması məqsədəuyğun olardı. Lakin hazırkı vəziyyətdə dövlət tərəfindən müvafiq qaydaların qəbul edilməsi, o cümlədən orta məktəblərdə hicabla bağlı məhdudiyyətlərin qüvvəyə minməsi ilkin mərhələdə müəyyən narazılıqlarla qarşılandı:
"Düşünürəm ki, bu narazılıqları görməzdən gəlmək və ya əhəmiyyətsiz hesab etmək də düzgün yanaşma deyil. Çünki narazılıq bildirən insanlar da Azərbaycan vətəndaşlarıdır. Onları cəmiyyətdən kənarlaşdırmaq və bir kənara qoymaq çıxış yolu deyil. Cəmiyyətin hər bir üzvü öz fikrini və mövqeyini ifadə etmək hüququna malikdir. Bununla belə, etirazlar radikal davranışlar formasında deyil, dinc şəkildə həyata keçirilməlidir. Vətəndaşlar öz mövqelərini və narazılıqlarını dinc etirazlar vasitəsilə ifadə edə bilərlər.
Azərbaycanda dünyəvi dövlət quruculuğunun əsası yalnız müstəqilliyimizin bərpa olunduğu 1990-cı illərdə qoyulmayıb. Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyimizi bərpa etdik və bu günlərdə həmin tarixi hadisəni qeyd etdik. Lakin biz hər zaman fəxrlə vurğulayırıq ki, 1918-ci ildə ulu babalarımız və dövlətçilik tariximizin öncülləri müsəlman Şərqində, eyni zamanda türk dünyasında dünyəvi və demokratik dövlət quruculuğu prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar.
Cümhuriyyət qurulduğu dövrdə qadınlara seçmək və seçilmək hüququnun verilməsi bunun bariz nümunələrindən biridir. Həmin dövrdə hətta bir sıra inkişaf etmiş Qərb ölkələrində belə, qadınlar bu hüquqlara malik deyildilər. Bu faktı qeyd etməkdə məqsədim odur ki, Azərbaycanda dünyəvilik prinsipinə əsaslanan dövlət quruculuğunun və cəmiyyət formalaşdırılmasının təməli hələ 1918-ci ildə qoyulub. Müstəqil Azərbaycan dövlətində də bu prinsip və siyasət davam etdirilir.
Düşünürəm ki, vətəndaşlarımız dövlətin qəbul etdiyi qərarlara hörmətlə yanaşmalı, mövcud qaydaların tələblərinə uyğun davranış və geyim tərzinə riayət etməlidirlər. Eyni zamanda, məktəblərdə dini məsələlərlə bağlı tətbiq edilən qaydaların mahiyyəti düzgün izah olunmalı və anlaşılmalıdır. Bu qaydalar hər hansı dinə qarşı məhdudiyyət kimi deyil, təhsil müəssisələrində ümumi nizam-intizamın təmin edilməsinə yönəlmiş tələblər kimi qəbul olunmalıdır. Vətəndaşlarımızın da bu məsələyə anlayışla yanaşması və mövcud qaydalara riayət etməsi vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB