Pensiya kapitalından istifadə imkanları genişləndirilə bilər? - İQTİSADÇI AÇIQLADI

Pensiya kapitalından istifadə imkanları genişləndirilə bilər? - İQTİSADÇI AÇIQLADI

Azərbaycanda pensiya kapitalının vətəndaşlara hansı şərtlərlə və nə dərəcədə əlçatan olması məsələsi hələ də müzakirə mövzusu olaraq qalır. Vətəndaşlar fərdi hesablarında toplanan pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsini gözlədikləri halda, bu istiqamətdə gözlənilən dəyişikliklər hələ reallaşmayıb.

Mövcud qaydaların dəyişdirilməsi ilə bağlı müzakirələr aparılsa da, pensiya kapitalının əldə edilməsi məsələsi açıq olaraq qalır. Bəs vətəndaşların öz pensiya kapitalından istifadə imkanları niyə genişləndirilmir və bu təcrübənin Azərbaycanda tətbiqinə hansı amillər mane olur?

Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, pensiya kapitalından istifadə müzakirə edilən məsələlərdən biridir:

"Nəzərə alsaq ki, inkişaf etmiş ölkələrdə fərqli təcrübələr var, əksər inkişaf etmiş ölkələrdə özəl pensiya fondlarında yığılan kapitaldan daha çox və daha tez istifadə etmək imkanı olur. Yəni həmin ölkələrdə dövlət pensiya fondu ilə yanaşı, özəl pensiya fondları da fəaliyyət göstərir. Vətəndaşlar özəl pensiya fondlarında olan vəsaitdən daha tez istifadə etmək və ya onu illər üzrə bölüşdürmək imkanı əldə edirlər. Azərbaycanda hələlik özəl pensiya fondları yoxdur, amma onların yaradılması nəzərdə tutulur.

Bununla bağlı bizim də təklifimiz ondan ibarətdir ki, pensiya kapitalının bir hissəsinin müxtəlif istiqamətlərdə məqsədli istifadəsi imkanları qiymətləndirilsin. Burada, təbii ki, fizibiliti qiymətləndirməsinə ehtiyac var. Çünki bu, Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlılığına mənfi təsir göstərməməlidir. Bəzi ölkələrdə pensiya kapitalının müəyyən hissəsi səhiyyə, təhsil və ya mənzil şəraitinin yaxşılaşdırılması üçün istifadə oluna bilir. Bu təcrübənin öyrənilməsi daha məqsədəuyğundur və onun tətbiqi imkanlarının araşdırılması vacibdir.

Eyni zamanda, Milli Məclisin komitə iclasında hörmətli həmkarlarımız tərəfindən təqdim olunan təkliflərdən biri də dünyasını dəyişən vətəndaşlarımızın pensiya kapitalının bir hissəsinin onların vərəsələrinə köçürülməsi məsələsi ilə bağlı idi".

Bu məsələ də qiymətləndirmə tələb edir və güman edirəm ki, bu istiqamətdə müvafiq araşdırmaların aparılması çox vacibdir.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə